Gürcüstanda keşişlər arasında homoseksuallıq skandalı - KİLSƏDƏ QARŞIDURMA

Baxış sayı:
8025

Gürcüstan pravoslav kilsəsinin Müqəddəs Sinodu (məclis) mitropolit Pyotr Saavanı Çkondid yeparxiyasının idarəçiliyindən kənarlaşdırıb.

Yerli mətbuat xəbər verir ki, bununla bağlı qərar protokolunda Pyotr Saavanın iclas gedişində gürcü keşişlər arasında homoseksuallığın baş alıb getdiyi barədə sözləri yer alıb.

Lakin Sinod onun bu iddialarını iftira və böhtan adlandırıb, keşişin özünü idarə edə bilmədiyini bildirib.

Pyotr Saava  “Novosti-Qruziya” saytına verdiyi müsahibədə Pravoslav kilsəsinin aktını ədalətsiz saydığını və bununla bağlı sübutlarının olduğunu söyləyib. O, bunu “Mtavari arxi” teleşirkətinin efirində də təkrarlayıb.

Hüquqşünas Edişer Karçava isə Pyotr Saavanın əslində Bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın və bütövlükdə kilsənin nüfuzunu aşağı salmaq niyyətini daşıdığını deyib.

Lakin məsələnin bir də siyasi tərəfləri ortaya çıxıb. Problem o qədər böyüyüb ki, işə Gürcüstan hökuməti qarışmalı olub. Bu gün baş nazir Georgi Qaxariya II İlya ilə görüşüb. Hökumət audiensiyasının cəmi 10 dəqiqə çəkməsi mətbuatın diqqətini cəlb edib.

Bundan sonra Gürcüstan hökumətinin başçısı baş verənləri kilsə və dövlət əleyhinə hücum adlandırıb. Müxalifət isə olanlara görə məhz hökumətin məsuliyyət daşıdığını bəyan edib.

Qalmaqalın Gürcüstan pravoslav kilsəsinin Ukrayna pravoslav kilsəsinin müstəqilliyi haqqında İstanbul patriarxlığının Tomosunu (akt-red.) dəstəkləməklə bağlı qərar vermək ərəfəsində qopması diqqəti cəlb edir. 

Çünki məhz Pyotr Saava Ukrayna pravoslavlarının müstəqilliyinin tərəfdarı kimi çıxış edirdi. 

Teoloq Mamuka Puşkaradze yerli mediaya verdiyi müsahibədə artıq son qərarla ukraynalıların Gürcüstan kilsəsində lobbiçiliyini aparacaq başqa aktiv ruhaninin qalmadığını vurğulayıb.