Əfqan Muxtarlının apellyasiya şikayətləri təmin edilməyib

Avropa Məhkəməsinə müraciət ediləcək
 
Avqustun 21-də Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə jurnalist Əfqan Muxtarlının qanuni maraq kəsb edən insanlarla və qohumları ilə görüşünə icazə verilməməsi barədə Sabunçu rayon Məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Jurnalist Əfqan Muxtarlı bildirib ki, mayın 29-da Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. Əfqan Muxtarlı ittihamları rədd edir.
Jurnalist iki ildir ki, Gürcüstanda yaşayırdı.
Vəkilin sözlərinə görə, Əfqan Muxtarlı məhkəmədə bildirib ki, həbsi siyasi sifarişdir.
Vəkil Elçin Sadıqov bu gün Apellyasiya Məhkəməsindəki baxışla bağlı facebook səhifəsində yaydığı video müraciətində deyir ki, şikayətə baxılarkən hakimlər əvvəlcədən münasibət bildirib.
“Bildirdilər ki, guya qanunveicilikdə maraq kəsb edən insanlar dedikdə mülki işlərdə olan qarşı tərəflər başa düşülür. Hazırda müraciət edən şəxslər qanuni maraq kəsb edən insanlar ola bilməz. Əlavə olaraq bildirdi ki, qohumları öz görüşünü başqasına etibar edə bilməz”.
Bu zaman müdafiə tərəfi məhkəməyə etiraz edib.
“Bildirdik ki, məhkəmə qabaqcadan öz qərarını elan edir və məhkəmə tərkibinə etiraz etdik. Vəsatət təmin edilmədi. Biz Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş etdik.
Halbuki qanunvericilikdə göstərilir ki, saxlanılan şəxs qanunu maraq kəsb edən insanlarla telefonla əlaqə saxlaya bilər və onlarla görüşə bilər. Biz bildirdik ki, yalnız mülki işlərdə deyil, ümumiyyətlə saxlanılan şəxslərin hüququnu müdafiə edən şəxs qanuni maraq kəsb edən şəxs hesab olunur”.
Vəkil 1 saylı Bakı İstintaq Təcridxanasının məsuliyyətli şəxslərinin məhkəməyə cəlb olunması barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Beləliklə hakim Sabunçu rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Daha sonra Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə 5 iyun 2017-ci ildə vəkil Elçin Sadıqovun Əfqan Muxtarlı ilə görüşünə icazə verilməməsi barədə şikayətə baxılıb. Məhkəmə vəsatətləri təmin etməyib və qərarı qüvvədə saxlayıb.
Vəkil hər iki məhkəmə qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcəyini bildirib.
Sadıqov eyni zamanda müdafiə tərəfinin Əfqan Muxtarlı ilə görüşlə bağlı müraciətlərini davam etdirəcəyini deyib.
O jurnalistin sağlamlıq durumundan da danışıb.
“Əfqan Muxtarlının salamı var. Onu və ifadə azadlığını müdafiə etdiyinizə görə təşəkkür edir. Şəkəri yükəskdir. Məhkəmədə də şəkəri kəskin düşmüşdü. Səhhətində problemlər qalır və müalicə üçün şərait yaradılmır”, vəkil jurnalistə istinadən qeyd edib.