Ermənistanın Qarabağla bağlı ŞOK TƏLƏBİ ÜZƏ ÇIXDI - Markov gizli məqamları açdı

Baxış sayı:
34675

“Moskvada Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündə 2016-cı ildə Rusiyanın irəli sürdüyü təkliflər müzakirə olunub. Bu təklif “Kazan düsturu”na əsaslanır və Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nəzərdə tutulur. Bu planla bağlı tərəflər arasında bəzi mübahisəli məqamlar var. Ermənistan istəyir ki, iki rayon Qarabağa çıxan dəhliz olaraq qalsın. Azərbaycan buna qarşı çıxdı. Mübahisəli məsələlərdən biri də Dağlıq Qarabağda referendumun keçirilməsinin vaxtı ilə bağlıdır. Azərbaycan hər şeydən əvvəl qaçqınların Qarabağa qayıdışını istəyir, bu gələcəkdə keçiriləcək referendum zamanı Qarabağın Azərbaycanın tərkib hissəsində qalması ilə nəticələnəcək. Ermənistan isə referendumun dərhal keçirilməsini istəyir”.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyalı politoloq, Strateji Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov deyib.
Markov iddia edir ki, Bakı və İrəvan münaqişənin nizama salınması ilə bağlı vasitəçilik missiyasını üzərində götürməsi üçün Moskvaya müraciət edib.
“Münaqişədə sülhün olması Rusiyaya lazımlıdır. Rusiya regionda sülhü sona qədər dəstəkləyən yeganə dövlətdir. Güman edirəm ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçiriləcək. Yeri gəlmişkən, Moskva danışıqlarında Dağlıq Qarabağın tərəf olması məsələsi gündəmdə olmayıb. Hesab edirəm ki, bu, Azərbaycanın müəyyən qələbəsidir. Moskva indiki halda Bakının xeyrinə çıxış etdi”, - deyə o bildirib.