Deputatlar “Qarabağ”a qarşı erməni təxribatına görə nazirliyə üz tutdu

Baxış sayı:
13483

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj” - “Qarabağ” oyunu (1:4) zamanı baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburqda istintaq işləri davam edir.

“Yeni Sabah” Lüksemburq mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik naziri Fransua Bauş Lüksemburq Parlamentinin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusuna cavabında bildirib.

Nazir ölkə polisinin oktyabrın 3-də “Jozi Bartel” stadionunda baş tutan matçda xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını söyləyib:

“Bizə görüş zamanı stadionun üzərində dronun uçma ehtimalı barədə heç bir xəbərdarlıq edilməmişdi. Üzərində erməni separatçılarının bayrağı asılan dron stadion üzərində uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, dərhal 30 agent dəstək üçün çağırıldı. Lakin dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyətinin zəif olduğu üçün oradan da heç bir nəticə əldə edilmədi. İstintaq isə davam etdirilir”.

Qeyd edək ki, “Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi oyunun 30-cu dəqiqəsində dron vasitəsi ilə stadion üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Hadisədən sonra Ağdam klubunun futbolçularının etirazı ilə matç dayandırılıb. Lüksemburqun idman naziri Dan Kerş “Köhlən atlar”ın soyunub-geyinmə otağına gələrək baş verənlərdən dolayı üzr istəyib. Eyni zamanda Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, hadisə iştirakçılarının cəzalandırılacağını vurğulayıb. Təxribat səbəbindən 20 dəqiqəlik dayanan qarşılaşma Azərbaycan çempionunun böyükhesablı qələbəsi ilə başa çatıb: 1:4.

Xatırladaq ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi hələ də baş verən insidentlə bağlı heç bir qərar verməyib.