BƏZİ ÖLKƏLƏRİN İMTİNA ETDİYİ RUSİYA PEYVƏNDİ AZƏRBAYCANA GƏTİRİLDİ - 40 min dozadan əlavə, daha 260 min doza da alınacaq

Baxış sayı:
1004

Rusiyadan alınan peyvəndin ilk partiyası (40 min doza) mayın 2-də Azərbaycana gətirilib.

Peyvəndi gətirən təyyarəni Azərbayacnın xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, səhiyyə nazirinin müavini Viktor Qasımov, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nümayəndələri qarşılayıb.

Bu ilin martında Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.

Daha sonra Azərbaycanın Səhiyyə Nazirliyi bu peyvəndi istifadə üçün təsdiq edib.

Amma dünyanın bir sıra ölkələrində Rusiya istehsalı olan bu peyvəndlə bağlı fikir ayrılıqları var.

Risk, təhlükəsizlik və keryfiyyətə dair məlumat qıtlığı...

Misal üçün Braziliya bu vaksinindən imtina edib. Braziliyanın səhiyyə orqanı Rusiyadan COVID-19-a qarşı Sputnik V vaksini idxal etməkdən imtina edib. Qurumun texniki heyəti vaksinin “özünəməxsus riskləri”ni, həm də təhlükəsizliyi, keyfiyyəti və effektinə dair informasiya qıtlığını əsas gətirib.

“Anvisa” adlanan qurum aprelin 26-da yekdilliklə Rusiya vaksinini təsdiq etməyib. Koronavirusun ikinci dalğası ilə mübarizə aparan vilayət qubernatorları qurumdan vaksini təsdiqləməyi xahiş etmişdi.

“Milyonlarla braziliyalının gərəkən keyfiyyət, təhlükəsizlik və effekt sınağı olmayan məhsullardan istifadəsinə icazə verə bilmərik”, – qurumun prezidenti Barra Torres vurğulayıb.

Qurumun sağlamlığın monitorinqi üzrə baş meneceri Ana Karolina Moreyra Marino Araujo deyib ki, təqdim olunan sənədlər, birbaşa yoxlamalardan əldə olunan data, digər tənzimləyicilərdən alınmış informasiya “özünəməxsus risklərin” böyük olduğunu göstərir.Xatırladaq ki, Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlanıb.

Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilməlidir. Bundan başqa “COVAX” platforması çərçivəsində Azərbaycan 84 000 doza “Vaxzevria” peyvəndi də gətirilib.

Hazırda yaşı 40 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

İndiyə qədər 1,5 milyon şəxsin peyvənd olunduğu açıqlanıb.Onlardan yarım milyondan çoxu ikinci mərhələdə peyvənd olunub.