​“Bu bloqerlərin müxalifəti gözdən salan, xalqın müqavimət hərəkatını parçalayan cəhdləri yolverilməzdir” – ADP-dən BƏYANAT

Baxış sayı:
4210

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Bayıl və Badamdar ərazilərində baş verən sürüşmələrdən vətəndaşlara dəyən ziyanlardan narahat olduğunu bildirib və hakimiyyəti bu ərazilərdə, bütövlükdə Bakı ətrafında gözlənilən sürüşmə təhlükələrini ardan qaldırmaq üçün önləyici addımlar atmağa çağırıb.
İdarə Heyəti ölkə prezidentinin sərəncamına əsasən şəhid ailələrinə sığorta haqqının ödənilməsi məsələsinə toxunub və bu sərəncamın nəinki qüvvəyə mindiyi dövrə, eləcə də ona qədər torpaqlarımızın müdafiəsində şəhid vermiş bütün ailələrə şamil edilməsini diqqətə çatdırıb və müvafiq dövlət qurumlarını bu sərəncamdan irəli gələn tələblərin yerinə yetirilməsi üçün konkret addımlar atmağa çağırıb.
İdarə Heyəti pambıqçılıqla bağlı bir sıra problemlərin hələ də gündəmdə qalması, zəhmətkeşlərə pambıq yığımı ilə bağı qədərincə vəsaitin ayrılmaması, aqro-texniki qaydalarda çatışmamazlıqların hökm sürməsi məsələlərinə toxunub və bu sahədə olan naqisliklərin hakimiyyətin yanlış aqrar siyasəti ilə bağlı olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti Türkiyə prezidenti R.T.Ərdoğanın Dağlıq Qarabağın işğaldan azad edilmədən Ermənistanla heç bir iqtisadi-siyasi əlaqələrin qurulmayacağı haqda səsləndirdiyi bəyanatı təqdir edib və Azərbaycan hakimiyyətinin qardaş ölkə ilə beynəlxalq səylərini birləşdirməyə, taleyüklü məslələrdə vahid mövqedən çıxış etməyə çağırıb.
İdarə Heyəti xarici ölkələrdə sosial şəbəkələrdə və internet televiziya kanallarında fəallıq göstərən bloqerlərin çıxışlarında, apardıqları teledebatlarda təzahür edən zorakı çağrışları,  ayrı-ayrı şəxslər əleyhinə yönələn hədyan və təhqirləri pisləyib, onların xalqı demokratik haqları uğrunda birliyni təşkil etmək əvəzinə, müxalifəti gözdən salan, xalqın ümumi müqavimət hərəkatını parçalayan cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti İzmirdə açılan və SOCAR-in küllü miqdarda vəsait qoyduğu yeni zavodun açılışını təqdir edib, eyni zamanda bu və digər layihələr üzrə qoyulan yatırmların, əldə edilən gəlirlərin detalları barədə şəffaf siyasət yürütməyin vacibliyini diqqətə çatdırıb.
 
Muxalifet.az