BÖYÜK AVROPA ORDUSU QURULUR: 23 ÖLKƏ İMZALADI

Avropa Birliyində tarixi müştərək bir AB Ordusu Müqaviləsinə imza atıldı.
 
Müqaviləyə imza atan 23 ölkə bütövlükdə 5 milyard avroluq (5.8 milyard dollar) bir Avropa Müdafiə Fondu yaradacaq. Bu fond silahların alınması və əməliyyatların maliyyələşdirilməsi üçün istifadə edilməklə bərabər, araşdırma üçün bu fonda Aİ büdcəsindən də maliyyə köçürüləcək. Başqa sözlə, 23 ölkənin ordusundan nəhəng bir Avropa ordusu yaradılmasına qərar verilib.
ABŞ prezidenti Donald Trampın Aİ ölkələrini NATO-ya yetərincə maliyyə verməməklə ittiham etməsi Aİ-nin birgə hərbi əməliyyat üçün addım atmasını sürətləndirdi. Digər tərəfdən, 23 ölkənin hərbi qüvvələrinin birləşdiyi nəhəng bir ordu Aİ-nin hərbi dəstək məsələsində ABŞ-a olan asılılığını da azaldacaq.
Aİ Xarici Siyasət məsələləri üzrə Komissarı Federika Mogerini müqaviləni "tarixi" bir addım kimi səciyyələndirib və "əsl problem nə qədər xərclədiyimiz deyil, nə qədər dağınıq bir şəkildə xərclədiyimizdir" deyə, fikir bildirib. Mogerini həmçinin belə bir müqavilənin ABŞ rəhbərliyindəki NATO fəaliyyətlərini də gücləndirəcəyini deyib.
Almaniya xarici işlər naziri Sigmar Qabriel bu addımı "Avropanın inkişafında bir məhək daşı" kimi qiymətləndirib. Növbəti addım Aİ liderlərinin dekabr ayında hüquqi olaraq bağlayıcı olan müqaviləni imzalaması olacaq.
Razılaşmaya İngiltərə uzun müddət qarşı çıxsa da, müdafiə yönündə inteqrasiya fikri, Fransa və Almaniyanın liderliyində “Brexit” hadisəsindən sonra xüsusi olaraq Avropa Birliyinin gündəminə yerləşdi. Aİ üzvlərinin böyük əksəriyyəti NATO-nun müdafiə xərclərini ödəmək üçün 2 faizlik öhdəliyi yerinə yetirməkdə çətinlik çəkirdisə, Polşa, Yunanıstan və Estoniya kimi ölkələr Aİ daxilində bu vəzifəni yerinə yetiriə biləcəklər.
Avropa Ordusunun qurulması ilə bağlı birgə bəyanatı imzalayan Aİ üzv ölkələri bunlardır: Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveç. Digər üzv ölkələr də irəlidə qatılacaqlar.
Müxalifət.az