Azərbaycanda meyitdən hansı orqan hansı halda götürülə bilər? - YENİ QANUN LAYİHƏSİ

Baxış sayı:
496

Şəxs sağlığında meyitinin, orqan və (və ya) toxumalarının transplantasiya məqsədi ilə yazılı razılığını bildirərsə, ölümündən sonra onun meyiti, orqanları istifadə oluna bilər.

Bu, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində nəzərdə tutulub.

Layihəyə əsasən, şəxs sağlığında orqan donorluğu ilə bağlı məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra arvadının (ərinin), bu şəxs olmadıqda yetkinlik yaşına çatmış övladlarından və valideynlərindən birinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.

Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.

Qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün bu qanunda göstərilən qohumu olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsinə icazə verilə bilər. Bu halda transplantasiya üzrə koordinator tərəfindən məhkəmə-tibb eksperti məlumatlandırılır, orqan və toxumaların götürülməsi onun iştirakı ilə həyata keçirilir. Orqan və toxumaların götürülməsi bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya (meyitin yarılması) protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir.

Gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər./Virtualaz.org