Azərbaycana qarşı qapalı “separatizm” taktikası - “Hacı Davud” adı altında gündəmə gətirilən saxta tarix

Baxış sayı:
10972

Dağıstana, Çar Rusiyasına və sonunda Osmanlı dövlətinə xəyanət etmiş Hacı Davud adlı birisini son 30 ildə tarixi qəhrəmana çevirmək üçün yüzlərlə məqalə, onlarca kitab yazılılıb. Hətta onunla bağlı ağla gəlməyən əfsanələr uydurulur. Bütün bunlar azmış kimi, öz kürsüsünü qorumaq və mənsub olduğu xalqın adından siyasi alver məqsədilə “Hacı Davud adına Xalq Hərəkatı” adlı bir qurum da yaradılıb. Bu adı mifləşdirmək üçün, Dağıstandan gizli şəkildə Azərbaycanın Qax rayonuna gələrək məzarların birindən onun başsız bədəninin sümüklərini Dağıstana aparıblar. Halbuki, Hacı Davud Osmanlı dövlətinə aid Rodos adasında dünyasını dəyişib. Dağıstanda Hacı Davudun fəaliyyətini uzun illər tədqiq etmiş məşhur tarixçi alim Patimat Taxnaeva həmin “saxta qəhrəman” eşqinə düşmüş qrupu elmi dəlillərlə rüsvay edən bir neçə məqalə yazdıqdan sonra, hər kəs onun yazılarına inanaraq susmalı olub. Bu qrup özünü təmizə çıxarmaq üçün, yalnışlığa yol verdiklərini, həmin sümüklərin Hacı Murada aid olduğunu dilə gətirdilər. Hətta bu sümükləri Şeyx Şamilin anadan olduğu Xunzax kəndində dəfn etdilər. Hacı Muradın Sankt-Peterburqda “Kunskamera” şəraitində saxlanılan kəlləsindən götürülən DNK analizi Qaxdan gizli şəkildə aparılan naməlum insan sümüyü ilə eynilik təşkil etmədi. Bu qalmaqallı informasiyalar yayıldığı dönəmdə Azərbaycan dövləti və alimləri müdrikcəsinə susmağa üstünlük verdilər. Bu gözlənilən növbəti siyasi provakasiyaların ardından hər hansı bir azsaylı xalqın rəncidə olmamasını üstün saymışdılar. O zaman sual yaranır ki, bu hoqqanın başında kimlər və ya hansı təşkilatlar dururdular? Süni şəkildə “Hacı Davud” mövzusunu və olmayan “qəhrəmanlıqlar”ı nə məqsədlə önə çəkirdilər? Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bir çox imkanlı və çox zəngin ləzgi iş adamlarından pul qopararaq xalqının adından uydurma qəhrəmanlar yaratmaq və xəyali “Ləzgistan” ideyası ilə xalqlararası ədavəti qızışdıran Hüseyn Şahpazov adlı bir provakator bu oyunlara rəhbərlik edirmiş. O, Hacı Davudun guya nəşini araşdırma qrupunun rəhbəriymiş. Araşdırma işlərindən öncə Səfəvilər sülaləsinin tarixi haqqında bir neçə ağlagəlməyən uydurma məqalələr yazmaqla, dolayı yolla saxtakarlıqla iddialar sərgiləməyi unutmamışdı. Guya Şirvanşahlar Dövlətinin və Şirvan Xanlığının əsil sahibi ləzgilər olublar. Hüseyn Şahpazov Qızılbaşlıq mədəniyyətinə qarşı təxribatlar dolusu məqalələr yazaraq dolayı yolla Azərbaycan Türklərini aşağılayan məqalələrin müəllifi kimi qəhrəmanlıq cəhdlərini unutmurdu. İxtisasca tarixçi və etnoqraf olmayan Hüseyn Şahpazov provakasiyalarını “Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyatı Mərkəzi” təşkilatının icraiyyə komitəsinin sədri statusu ilə ifadə etdiyi üçün bəzi saf insanlar onun yalanlarına inanmaq zorunda qalıblar. Bəs bu yalanların arxa baxçası hansı hədəflərə hesablanıb? Azərbaycan Respublikasına qarşı Ermənistanın təxribatlarının silsilə şəkildə irəli sürdüyü bəzi hədəflər göz önünə gəlir. Bu, qondarma “Dağlıq Qarabağ” separatizminin ardınca digər etnik bölücülük ideyalarının tablosundan ibarətdir. Ermənistan Qərbi uzun illərdir inandırmağa çalışır ki, Azərbaycan adlı dövlətin varlığı süni şəkildə meydana gəlib. Bu dövlətin “aborigen” xalqları var və əslində dövlət onlara tabe etdirilməlidir. Ona görə də yaranmış durumu “demokratik” şəkildə idarə etmək üçün, “Azərbaycan federal dövlət modelinə keçməlidir və bir neçə etnik mənşəli federal respublikalar status qazanmalıdır” tipli sərsəm ideyalar irəli sürülüb. Zamanla bu mövzuları qabartmaq üçün Ermənistan tərəfi Hüseyn Şahpazov kimilərini önə çəkiblər. Hacı Davud olayı ilə biabır olan Hüseyn Şahpazovların elmi şəkildə cavabını elə qonşu Dağıstanda vicdanlı alimlər verirlər. Qonşu respublikada ağıllı alimlər çox yaxşı dərk edirlər ki, xalqlararası ədavəti qızışdırmaq olmaz. Buna qətiyyən yol verilməməlidir. Provakasiyaların yeni dalğası Hüseyn Şahpazov məlum biabırçılıqdan sonra, bu dəfə həqiqəti ortaya çıxarmaq üçün üzünü Türkiyəyə tərəf tutub. Sonuncu qanuni “Şirvan xanı Hacı Davud”un nəşini Türkiyədən Dağıstana gətirmək üçün təşəbbüs qrupu da yaradıb. Türkiyənin bəzi vilayətlərində “Qafqaz müharibəsi” və “Sovetlər Birliyi” məsələsinə görə Anadoluya köçmüş ləzgi ailələrinin dəstəyi ilə bu problemin həllinə çalışır. Hüseyn Şahpazov öz müsahibələrində bildirir ki: “Biz sonuncu ləzgi xanını Hacı Davudun nəşini Dağıstana gətirməli və Azərbaycanla sərhəd bölgələrində dəfn etməliyik. Bunun xüsusi önəmi var. Çünki, onun rəhbərliyi altında Şirvan Xanlığının coğrafiyasının simvolunu yaradacağıq”. Türkiyənin Ədirnə-Çanaqqala yolu üzərində yerləşən Mərmərə bölgəsindəki Gelibolu qəsəbəsində Hacı Davudun türbəsinin olması iddiasını ortaya atan Hüseyn Şahpazov bu istiqamətdə yeni “tarix” yazmağa başlayıb. O, bunu da iddia edir ki, həmin türbənin ətrafında Hacı Davudun ailəsinin xüsusi məzarlığı mövcuddur. Əslində Hacı Davudun Osmanlı dövlətinə sığınmasının başqa səbəbləri olub. Belə ki, 1723-cü ildən etibarən Qafqazda öz hökmranlığı uğrunda Osmanlı-Səfəvi müharibələri zamanı Hacı Davud, Çolaq Surxay və digərləri yaranmış şəraitdən öz mənfəətləri üçün quldur dəstələri yaradaraq talançılıqla məşğul olublar. 26 mart 1928-ci ildə Çarlıq Rusiyasının Cənubi Qafqaz üzrə komissarı General Rumyantsev Peterburqa göndərdiyi gizli hesabatların birində yazırdı: “Biz Çolaq Surxay, Hacı Davud və digərlərinə tələb olunan miqdardan çox silah və pul ödədik. Şamaxı mərkəz olmaqla cızdığımız xəritədə yerli bəylik və ağalıqları müflis duruma gətirmək üçün onların natural təsərrüfat baxımından var-dövlətləri sayılan onminlərlə heyvan sürülərini basqınlar nəticəsində ələ keçirmələrinə dəstək verdik. Çox təəssüflər olsun ki, Çolaq Surxay və Hacı Davud bizdən gizli şəkildə duruma görə quldur dəstələri ilə birgə gah Səfəvi, gah da Osmanlı başçılarına sədaqətlə itaət etmək üçün məktubla müraciətlər edirlər. Duruma Osmanlı uğur qazandıqda İstanbula, Səfəvilər uğur qazandıqda isə, onlara sığınmaq taktikası ilə hərəkət edirlər”. Hacı Davud 1971-ci ilin aprelində rus çarı I Pyotrun Həştərxandakı qubernatoru A. P. Volınskiyə müraciət edərək Rusiyanın himayəsinə keçməsini istəmişdi. 1728-ci ilə kimi Çar Rusiyasının komandanlığı altında gah Səfəvilər, gah da Osmanlı hakimiyyətlərini zəiflətmək üçün onlara dəstək verən yerli bəylikləri və ağalıqları zəif duruma düşürmək taktikası ilə hərəkət edirdi. Bu, daha çox çapqınçılıq siyasəti ilə müşahidə olunurdu. 1728-ci ildə Hacı Davud Gəncəyə gələrək burada Osmanlı dövlətinə biət etmək üçün rəsmi müraciət edir. 1730-cu ildə İstanbulda yenidən gizli şəkildə Çar Rusiyasına xidmət etmək üçün hərəkətə keçdiyi zaman həbs olunaraq, Aralıq dənizindəki Rodos adasına ömürlük sürgün olunur. Burada əlləri-ayaqları ağır qandallarla bağlı olan xainlərə ən ağır cəza verilməsi ilə yanaşı, onların adadan qaçıb getmək kimsəyə nəsib olmamışdı. Çar Rusiyasına xidmət bu günün deyil, keçmişin mirasıdır 1917-ci ildə Çarlıq Rusiyası bir imperiya kimi çöksə də, aradan 100 il ötsə də bu gün bəzi çevrələr nostalji tarixi mövzuları qabartmaqla bundan maksimum öz hədəfləri üçün yararlanmağa çalışırlar. Fransa, İngiltərə, İspaniya, Portuqaliya, İtaliya kimi dövlətlər bir zamanlar dünyanı işğal siyasəti yürüdüblər. Hətta yüzlərlə aborigen xalqları assimliasiya siyasəti aparıblar. Ancaq, tarix prinsiplər baxımından orta əsrlərdəki işğalçılıq siyasətinə yeni rəng və ya çalarlar qatmırlar. Təəssüflər olsun ki, postsovet məkanında Çarlıq Rusiyasının tarixi özəlliklərini bu günün standartları çərçivəsinə pərçimləmək üçün təşəbbüs göstərənlər az deyil. Aradan 100 il ötsə də keçmişin mirasına yenidən hüquqi don geyindirmək iddiaları çərçivəsində hərəkət edən Hüseyn Şahpazov kimiləri minbir hoqqadan çıxırlar. Özgələrinin “maşası” olmaqla region xalqlarına qarşı aparılan siyasi çamurların əvvəlinin, nə də sonunun gerçəkliklərinə fanatikcəsinə inanmaq istəmirlər. Saxtakarlığa son qoymaq əvəzinə, süni qəhrəmanlıq dalğası Hüseyn Şahpazov Hacı Davudun “qəhrəmanlıq”ları barəsində film çəkilməsi, abidəsinin qoyulması, romanların yazılması, “Hacı Davud günləri”nin keçirilməsi, Şamaxı mərkəz olmaqla “Ləzgistan” ideyasının daim qabardılmasını irəli sürməklə regionda sabitliyin pozulması, xalqlararası ədavətin qızışdırılması provakasiyalarını sərgiləməkdən yorulmur. Onu adının görkəmli dövlət və hərbi xadim, siyasi lider və diplomat kimi xarakterizə edərək dərsliklərə adının salınmasını gündəmə gətirir. Halbuki, Hacı Davud ömrü boyu Azərbaycanla yanaşı, Dağıstanın özündə ona tabe olan quldur dəstələri ilə xalqı soyub-talamaq siyasətini yürüdüb. Bu talançı quldurun əməllərindən utanmaq əvəzinə onu saxtakarcasına “milli qəhrəman”a çevirmək yalnışdır. Eynilə erməni quldurbaşı Andranik Ozanyanın qəhrəmana çevrilməsində olduğu kimi. Hacı Davudu milli azadlıq hərəkatının qəhrəmanı kimi qələmə vermək əslində dəhşət saçan gerçəklikləri ortaya qoya bilər. Çarlıq Rusiyasına, Səfəvi və Osmanlı dövlətlərinə biət edən və iş-gücü ən sadə insanların belə, var-dövlətlərini yağmalamaqdan ibarət olan birisinə əfsanə qoşmaq tarixi saxtalaşdırmaqdan başqa bir şeyə yaramaz. Hacı Davuda görkəmli milli azadlıq hərəkatının ideoloqu, “vahid Ləzgisdtan” dövlətinin qurucusu kimi epitetləri yapışdırmaq tamamilə yalnış yanaşmadır. Əbdülkərim Butaev, K. Sidorko, Ramiz Əliyev, Mehmet İrdesel, Yaşar Başa kimi qeyri peşəkar tarixçilərin əsərlərinə istinad etmək, Azərbaycan dövlətinin uzun illərdir çörəyini yeyən, özünü şair-yazıçı, publisist kimi təqdim edən Müzəffər Məlikmmmədovun ortabab səviyyədən də aşağı şəkildə yazdığı və Maxaçqalada çap etdirdiyi “Hacı Davud” romanı Azərbaycan-Dağıstan münasibətlərinə, eləcə də bölgə xalqları arasında yeni münasibətlərə xələl gətirən zərərli mövzulardır. Azərbaycanda, eləcə də Dağıstanda hər il mültikulturalizmlə, xalqlararası və dinlərarası münasibətlərlə bağlı tədbirlər keçirilir. Əsas məqsəd Qafqazda sabitliyi qorumaq, mövcud problemləri birlikdə həll etməkdir. 1991-ci ildə keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, hər iki qonşu respublikanın xalqları müdrikcəsinə bu amalla hərəkət ediblər. Xəzərətrafında yaşayan və balıqçılıqla məşğul olan xalqların bir ata sözü var: “Əgər ləpənin izi qalıbsa, deməli dənizin özü bunu istəyib. Pislik isə daim unudulmaq üçündür”. Azərbaycan xalqı Çolaq Surxayın, Hacı Davudun XVIII yüzillikdə etdiyi bütün pislikləri çoxdan unudub. Çünki, birisinin cinayətlərini bütöv bir xalqın adına yazılmasını istəməyib. Elə bu gün Hüseyn Şahpazovların cızmaqaralarını bir xalqın fikri kimi qəbul etmədiyinin yaxşı fərqindədir. Ona görə də susur. Bu susqunluq müdrikliyin zirvəsidir. Hüseyn Şahpazovlar hər iki xalqın arasında “paz” olduqlarının fərqində deyillər. Ənvər Yusifoğlu