Azərbaycan jurnalistləri Putinə müraciət etdi - NOVOSİBİRSKDƏ BAŞ VERMİŞ FACİƏYƏ GÖRƏ...

Baxış sayı:
286

Azərbaycan ictimaiyyəti Rusiyada 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polisi müfəttişi Aleksandr Qusevin azadlığa buraxılması ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Müraciəti təqdim edirik.

Azərbaycan ictimaiyyətinin Rusiya Federasiyasının

Prezidenti Vladimir Putinə müraciəti

Möhtərəm Vladimir Vladimiroviç!

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığına əsasən Novosibirsk vilayəti Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi, 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi ölümcül yaralamış Aleksandr Qusevin həbsdən azad edilməsi faktı Azərbaycan ictimaiyyətini dərindən hiddətləndirib.

Məlum olduğu kimi, bu hadisə mayın 28-də Moşkovo qəsəbəsi rayonunda baş verib. RF DİN-in versiyasına görə, yol patrul xidməti əməkdaşları içərisində zərərçəkmişin olduğu avtomobili sürəti aşdığına görə təqib edəndən sonra dayandırıblar. Asayiş keşikçiləri hüquq pozanları qovub çatanda həmin maşındakı gənclər çıxıb qaçmağa başlayıblar. Lakin asayiş keşikçiləri qaçanlardan birini tuta biliblər, bundan sonra əlbəyaxa döyüş başlanıb. Vəkil Abdullayev həmin gənclərin köməyinə gələndə polis işçisi Aleksandr Qusev onun başına atəş açıb.

Biz səlahiyyət həddini aşmış polis işçisinin həbsdən azad olunmasını təkcə cinayətin ört-basdır edilməsi və bəyənilməsi kimi deyil, həm də ksenofobiydan əziyyət çəkənlərin təşviq edilməsi kimi qiymətləndiririk.

Biz Rusiya Federasiyasının ictimai palatasının üzvü, “Yedinaya Rossiya” partiyasından Dövlət Dumasına deputatlığa namizəd Mariya Butinanı da həmin insanlar kateqoriyasına aid edirik. M.Butina nəinki polisin hərəkətlərini bəyənib, hətta onun “xidmətə görə təltif olunmasını” təklif edib. Biz M.Butinanın söylədiklərini özümüzə dost hesab etdiyimiz, ənənələrinə, dilinə və mədəniyyətinə, beynəlmiləlçilik, tolerantlıq ruhuna və Rusiyanı həmişə məşhurlaşdıran mənəvi dəyərlərə hörmət və ehtiram bəslədiyimiz ölkədə ksenofobiyanın və dözümsüzlüyün təbliği kimi qiymətləndiririk. Azərbaycan ictimaiyyəti Mariya Butinanın Amerika həbsxanasında aldığı psixi zədələri əsas götürərək onun başqa millətlərdən olan insanlarla psixoloji uyuşmazlığının bu şəkildə təzahür etməsinə anlaşıqla yanaşmağa hazır olardıq, yalnız bu şərtlə ki, o, həm güllələnmiş gəncin ailəsindən, həm də bütün Azərbaycan xalqından üzr istəsin.

Polisin hərəkətlərinə gəldikdə isə Azərbaycan ictimaiyyəti hüquq-mühafizə orqanlarının Aleksandr Qusevin “qərəzli olmayan hərəkəti” kimi təqdim etməyə çalışdıqları atəş açılması üçün heç bir səbəb görmür. Əlində silah tutmuş insanlardan kim inana bilər ki, həmin silah guya polisin “həyatına təhdid yaradan” “qanun pozucusuna” özü belə reaksiya verib? Bu hökmün sübutsuz olmasının səbəbləri çoxdur. Məgər Vəkil Abdullayevin əlində tapança olubmu? Qusev tərəfindən güllələnmiş gənc məhz nə ilə təhdid edirmiş? Heç nə ilə!

Sual olunur: bu cür itaətsizlik silahdan istifadə etməyə nə dərəcədə əsas verir? Tapançanın lüləsi tamamilə müdafiəsiz olan gəncə qarşı yönəldilib. Şübhəsiz, bu hərəkətlər hüquqazidd olub.

Hörmətli Vladimir Vladimiroviç, biz hətta təsəvvür edə bilərik ki, buna oxşar bir hadisə bizdə, Azərbaycanda baş vermiş olsun. Amma kim bilir, əgər Qusevə və Butinaya oxşar insanlar sabah nahaq yerə günahsız insanların qanını tökməməyə çağıran əcdadlarımızın mənəvi qanununu unudaraq dözümsüzlük və ksenofobiya ideologiyasını təbliğ edən insanların sıralarını genişləndirməyə başlasalar, onda nə olacaq? Dünya onsuz da uçurum həddindədir, uçuruma yuvarlanmaq riski altındadır. Elə isə “qusevlərin”, “butinaların” və “bastrıkinlərin” əməllərini diqqətsiz qoymağa dəyərmi?

Bizim ölkəmizdə on milyondan çox insan yaşayır. Bu insanlar müxtəlif etnik, dil qruplarına və müxtəlif millətlərə mənsubdurlar. Onlar hamısı bu gün gərginlik içində diqqətlə Sizdən ədalətli qərar gözləyir. Hesab edirik ki, Abdullayevin qətli ilə bağlı bu çirkin əhvalatda əli olan insanlar ədalətli cəzalarını almalıdırlar.