“Azərbaycan bu silahlarla Almaniya ordusunu da məğlub edərdi...” - ALMAN ZABIT

Baxış sayı:
349

Almaniya ordusunun mayoru Maykl Karl Azərbaycan ordusunun ötən ilin payızında 44 günlük müharibə zamanı tətbiq etdiyi döyüş texnologiyalarından danışıb. Polkovnik bildirib ki, Azərbaycan “Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin və digər dronların köməyi ilə hətta Almaniya ordusunu da məğlub edərdi.

Mayor  Karlın açıqlamalarına Türkiyənin “Akşam” qəzeti yer verir. Qəzetin Hamburqdakı xüsusi müxbiri bildirir ki, mayor Karl Almaniyanın Hərbi və Strateji Araşdırmalar İnstitutunda analitik kimi çalışır. O, yeni müharibə alətləri və inkişaf edən silah texnologiyları barədə danışarkən deyib ki, Türkiyənin istehsal etdiyi “Bayraktar TB2” və “Kargu-2” kimi  pilotsuz uçan aparatlar son zamanlar həm müharibə arenasında, həm silahlı PUA-lar sahəsində dominantlıq edir. 

O, Almaniya ordusunun özünü bu cür pilotsuz sistemlərə qarşı qorumaq imkanlarında olmadığını vurğulayıb. Hərbi analitik qeyd edib ki, Azərbaycan ordusu Ermənistana qarşı “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsindən və kamikadze-dronların geniş çeşidindən istifadə edib. Karl vurğulayıb ki, alman ordusu bu cür silah sistemləri ilə qarşılaşsaydı özünü yetərincə qoruya bilməzdi.

“Almaniya ordusu əgər Azərbaycanla Qarabağ müharibəsinə girmiş olsaydı qazanmaq üçün şansı o qədər də böyük olmayacaqdı”,-mayor Maykl Karl bildirib.

 

O, qeyd edib ki, müasir müharibələrdə məğlub olmamaq üçün son texnologiyalara əsaslanan alətlərə sahib olmaq lazımdır. Mayor Mayk Karl bildirir ki, silahlı PUA-lara qarşı müdafiə standart hava hücumundan müdafiə sistemlərindən fərqlidir.

“Müasir müharibələrdə sağ qala  bilmək üçün yeni texnologiyalara, son texnologiyalara əsaslanan müharibə alətlərinə sahib olmaq lazımdır. Almaniya ordusu bu sahədə o qədər də pis hesab edilməz, amma gələcəyin müharibə texnologiyaları çox sürətlə inkişaf edir və bu texnologiyalarla ayaqlaşmaq çətindir. Alman ordusu bu sürətlə ayaqlaşa bilməlidir”,-o vurğulayıb.

Mayor Karl deyib ki, silahlı və silahsız PUA-lar sahəsində ABŞ, Çin, İsrail və Türkiyə qlobal bazarda dominantlıq edir. Xüsusən də Türkiyə son illərdə həm silahlı PUA-ların ixracı, həm onların müharibə meydanında fəal tətbiqi baxımından çox önəmli addımlar atıb

Mayor Maykl Karl çıxışında “Kargu-2” kamikadze-dronu barədə ayrıca danışıb. Bildirib ki, bu dron hər hansı insan nəzarəti olmadan, süni intellektin köməyi ilə düşməni döyüş meydanına təsbit edir və onu dəqiq zərbə ilə vurur. “İnsan gücü artıq müharibə meydanlarını tərk etməyə başladı”,-Karl bildirib./Virtualaz.org