​AMEA SEVİL ZÜLFÜQAROVA BARƏSİNDƏ TƏDBİR GÖRÜLƏCƏYİNİ BƏYAN ETDİ – Direktorun məqalələrinin plagiat olduğu rəsmən təsdiqləndi

Baxış sayı:
1708

Muxalifet.az saytında dərc olunan “Mərkəzi Elmi Kitabxana direktorunun məqalələri plagiat çıxdı” sərlövhəli yazı ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) araşdırma aparıb. AMEA Mətbuat və informasiya şöbəsinin açıqlamasında qeyd olunur ki, araşdırma nəticəsində qeyd etdiyimiz bütün faktlar, yəni direktor Sevil Zülfüqarovanın yazılarının plagiat olduğu təsdiqini tapıb. AMEA-nın bununla bağlı rəsmi açıqlamasını oxucularımıza təqdim edirik:
“Noyabrın 15-də mətbuatda yayılan məlumatlara əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarovanın imzası ilə bir sıra xəbər saytlarında yayımlanmış “İlham Əliyev və Mehriban xanım Əliyeva birliyi dünya üçün nümunədir” (28 oktyabr 2020-ci il), “Milli dövlətçiliyimizin fəlsəfəsini yaradan düha – Heydər Əliyev” (30 oktyabr 2020-ci il) və “Prezidentin nitqi, davranışı özünəinamın, haqqın, ədalətin təntənəsidir” (2 noyabr 2020-ci il) məqalələrinin plagiat olduğu qeyd olunmuşdur. Bu səbəbdən AMEA rəhbərliyinin tapşırığına əsasən, dərhal araşdırmalara başlanmış və plagiat faktı təsdiqini tapmışdır. Akademiya rəhbərliyi məsələnin təfərrüatları barədə məlumatlandırılmışdır. Qeyd olunmuşdur ki, Sevil Zülfüqarovanın bu cür hərəkəti AMEA-nın nüfuzuna xələl gətirir. Akademiya rəhbərliyi tərəfindən adı çəkilən məsələnin AMEA Rəyasət Heyətinin növbəti iclasında baxılmasına və müvafiq tədbirin görülməsinə dair qərar verilmişdir.
Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
AMEA rəhbərliyi və Rəyasət Heyətinin üzvləri adından ictimaiyyəti əmin edirik ki, bundan sonra da plagiat hallarına qarşı zəruri tədbir görüləcəkdir”.


Muxalifet.az
Redaksiyadan: Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarovanın mövqeyini dərc etməyə hazırıq.