50-yə yaxın dərmanın qiyməti artırılıb - Tarif Şurasının qərarı hansı preparatlara aiddir?

Baxış sayı:
1571

Tarif Şurasının "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" 10 saylı, 30 iyun 2021-ci il tarixli Qərarı əsasında qiyməti dövlət tərəfindən tənzimlənən dərmanları sayı 12442-dən 12689-a qaldırılb. Beləliklə, siyahıya 247 yeni dərman əlavə edilib. Bunlar əsasən Türkiyə, Ukrayna, Hindistan, Çin, Portuqaliya, ABŞ istehsalı olan dərmanlardır. Eyni zamanda dəyişiklik həm də istehsalçının adı ilə bağlıdır.

Qərarı şərh edən iqtisadçı Samir Əliyev bildirib ki, bu qərar ölkəyə gətirilən bəzi dərman preparatlarının qiymətini bahalaşdırıb.

Onun sözlərinə görə, ümumiyyətlə dərmanların qiymətinin artırılması dövrü olaraq aparılır.

"İl ərzində bir neçə dəfə dövlət qeydiyyatına alınmış dərmanların siyahısına dəyişiklik edir, yeni dərmanlar əlavə edir, bəzilərini bahalaşdırır. Son dəfə bu ilin yanvarın bahalaşma olmuşdu",-deyə iqtisadçı xatırladır.

S. Əliyev qeyd edib ki, aptek işlədən sahibkarlar dərmanları baha satmaq üçün Siyahıda adı olmayan şirkətlərin dərmanlarını gətirməyə üstünlük verirlər ki, dərmanı sərbəst bazar qiymətinə sata bilsinər: "Məsələn, Ukraynanın "Farmak İSC" şirkətinin istehsalı olan "Deksametazon" dərmanının qiyməti tənzimləndiyi halda həmin ölkənin "Zdorovye" Əczaçılıq Şirkəti MMC-nin istehsalı olan eyniadlı dərmanın adı Siyahıda yox idi. Bu isə sahibkara ikincinin istehsalı olan dərmanı sərbəst bazar qiymətinə satmaq hüququ verirdi. İndi isə artıq bu mümkün olmayacaq. Deməli, sahibkarlar adı Siyahıda olmayan digər şirkətlərin axtarışında olacaqlar".

Ekspert bildirib ki, Tarif Şurasının qərarı ilə 50-yə yaxın dərmanın qiyməti artırılıb. Onun sözlərinə görə, bahalaşma dərmanın çeşidi üzrə 10-40% intervalında olub: "Məsələn, Ukrayna istehsalı olan "Kalsium Qlukonat" dərmanı 37% (1,82 AZN-dən 2,5 AZN-ə), Türkiyə istehsalı olan 1000 mq-lıq "Avipim" 10% (12,6 AZN-dən 13,8 AZN-ə), 500 mq-lıq 20% (8,24 AZN-dən 9,9 AZN-ə) bahalaşıb".

S. Əliyev vurğulayıb ki, Siyahıda olan 12689 adda dərmanın cəmisi 68-i (0,5%-i) yerli istehsaldır, yerdə qalanları idxal olunur.

"Bu o deməkdir ki, bu dərmanların qiyməti milli valyuta olan manatın məzənnəsindən birbaşa asılıdır. Onların qiymətinin xırda bahalaşmaları nəzərə almasaq, sabitliyi manatın indiki məzənnəsinə görədir. Gələcəkdə manatın ucuzlaşması bu dərmanları qiymətinin dəyişməsinə və bahalaşmasına gətirib çıxara bilər", -deyə iqtisadçı qeyd edib.

Ekspert bildirir ki, ilk gündən dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin əleyhinə olub. O, fikrini belə izah edib: "İlk dövrdə qiymətlərin ucuz olması əhalinin, xüsusən də kasıb təbəqəsi üçün əlçatan olsa da effekt qısamüddətlidir. Çünki hökumət qiymətləri uzun müddət indiki həddə saxlaya bilməyəcək. Mövcud mexanizm bazarda dərmanların qıtlaşmasına, keyfiyyətsiz dərmanların idxalına səbəb olur. Ona görə də hökumət dərmanların qiymətini liberallaşdırmalıdır. Ancaq bunun üçün dərman bazarını inhisardan azad etməli, dərmanların idxalına gömrük-vergi güzəştləri verməlidir".