"5-ci dozanın qəbuluna da zərurət yarana bilər" - ATU-nun professoru
"Xəstəlik keçirmək və peyvənd olunmaq - hər iki halda orqanizmdə immunitet yaranır. Birincisi təbii immunitetdir ki, xəstəlikdən sonra yaranır. Orqanizmdə antigenlər, anticisimlər və s. əmələ gəlir".
Bunu Azərbaycan Tibb Universitetinin (ATU) professoru Sədrəddin Atakişizadə deyib.
Onun sözlərinə görə, buna nümunə üçün qızılca xəstəliyini göstərmək olar:
"Belə ki, qızılcanı keçirən və ya vaksinini qəbul edən şəxslərdə həyati immunitet yaranır. Onların ömürlərinin sonunadək əlavə peyvənd olunmağa ehtiyacları qalmır. İkincisi isə süni yaranan immunitetdir ki, o da vaksinasiyanın hesabına əmələ gəlir. Süni yaranan immunitetlərin davamlılıq müddəti bəzən 6 ay, 1 ilədək çəkir. Bu müddət ərzində vaksin olunan şəxsin immunitetində zəifləmə prosesi gedir. Əlavə dozanın qəbuluna ehtiyac yaranır. Elə koronavirusda olduğu kimi. Ona görə də pandemiya davam edərsə, yoluxmaların sayında azalmalar olmazsa, iki doza qəbul edənlər 6 aydan sonra 3-cü dozanı da qəbul etməyə məcburdurlar. Hətta ola bilər ki, pandemiya bitənə qədər 4-cü, 5-ci dozaların qəbuluna da zərurət yaransın"./report