4-lü Suriya Sammiti! ƏRDOĞANIN TƏKLİFLƏRİ

İstanbulda sabah dörd liderin iştirakı ilə "Suriya Sammiti" keçiriləcək. Bütün dünyanın gözünün çevriləcəyi sammitdə Suriya məsələsinin tam həllini tapmağın yolları müzakirə olunacaq. Sammitdə Suriyada, "siyasi həllə" və "ölkənin ərazi bütövlüyünə" tərəfdar olan dörd ölkə, bu məsələdə atılacaq addımlar barədə fikir mübadiləsi aparacaq. Ərdoğan, Putin, Makron və Merkelin iştirak edəcəyi zirvə üçün İstanbulda sıx təhlükəsizlik tədbirləri də görüləcək. Sammitdə Suriya məsələsinə tam həll və ölkəyə əmin-amanlıq gətirmək üçün nələr edilə biləcəyi müzakirə olunacaq.
8 GÜNDƏM MADDƏSİ
Sammit çərçivəsində Ərdoğanın liderlərlə təkbətək görüşlər keçirməsini də nəzərdə tutduğu qeyd edilib. Ərdoğan sammitdə Türkiyənin Suriyaya yönəlik həll təkliflərini liderlərlə bölüşəcək. Ərdoğanın gündəmə gətirəcəyi təkliflər arasında; "Türkiyənin iştirak etdiyi Astana və Soçidə müzakirə olunan mövzuların həyata keçirilməsi", "Suriyanın ərazi bütövlüyünün təmin olunması", "Bütün etnik ünsürləri tam əhatə edən yeni bir konstitusiya hazırlanması", "Ədalətli seçki üçün hazırlıq görülməsi", "Evlərindən köçkün və qaçqın düşən yüz minlərlə insanların yaşadıqları torpaqlara yenidən qayıdışı", "Fəratın şərqi daxil olmaqla, təhlükəsiz bölgələrin genişləndirilməsi", "PYD/YPG, İŞİD kimi terror təşkilatları ilə fərq qoyulmadan fasiləsiz mübarizə edilməsi "," Humanitar yardımların problemsiz şəkildə çatdırılması", "Müharibədən əziyyət çəkən şəhərlərin yenidən abadlığı" kimi başlıqlar var. Verilən məlumata görə, Ərdoğan bundan başqa, İdlib anlaşması, Menbiçdəki son vəziyyət və "hərəkətə keçəcəyik" dediyi Fəratın şərqində atılacaq addımlar barədə liderlərlə fikirlərini də bölüşəcək. Ərdoğan, Rusiya, Fransa və Almanya liderlərinə bəzi Qərb ölkələrinin terror təşkilatlarına verdiyi dəstəyi dayandırması istiqamətində də mesaj verəcək.
Müxalifət.az