"3 il üçün 100 min manatdan çox gəlir vergisi ödəmişəm" - AKİF QURBANOV

Baxış sayı:
3184

"Mənim qeyri-şəffaf fəaliyyətim və gəlirlərim barədə yazılanların hamısı böhtan və təzyiq cəhdindən başqa bir şey deyil". Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov Qərb dövlətləri səfirliklərinin müxtəlif layihələrə ayırdıqları qrantların hesabına varlanması və daşınmaz əmlak əldə etməsi barədə bəzi KİV-də yayılan informasiyaya cavab olaraq bildirib. "İlk növbədə bildirmək istəyirəm ki, bu informasiyada haqqında danışılan daşınmaz əmlak həqiqətən mənə məxsusdur və mənim həyat yoldaşımın adına sənədləşdirilib", - A.Qurbanov özünün video-müraciətində bildirib. Əlavə edib ki, onun ailəsinə ipoteka yolu ilə alınmış iki ev, eləcə də bağ sahəsi məxsusdur ki, buna görə də hər ay kredit ödəyir. O həmçinin Hundai markalı avtomobilinin olduğunu deyib. A.Qurbanovun sözlərinə görə, 2016-cı ilədək Mərkəzi Seçki Komissiyasında çalışıb və yüksək əməkhaqqı alıb. "Bundan əlavə, müxtəlif seçkilər dövründə rəsmi şəkildə yaxşı məbləğdə mükafat almışam. Sonrakı dövr üçün fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, 3 il üçün 100 min manatdan çox gəlir vergisi ödəmişəm və borcum yoxdur. Mənim gəlirim hər hansı məxfi fəaliyyət nəticəsində əldə edilməyib, xidmət göstərilməsilə bağlı Böyük Britaniya və ABŞ səfirlikləri ilə bağlanmış bir neçə müqavilə nəticəsində əldə edilib. Məqalədə yazıldığı kimi, qrant alınmasından söhbət belə gedə bilməz. Təbii ki, Azərbaycan hakimiyyəti bu barədə bilir, belə ki, biz bu müqavilələri təqdim etmişik və bankda hansı xidmətləri göstərdiyimiz orada ətraflı yazılıb". A.Qurbanov həyat yoldaşının da gəlirləri haqda hesabatı təqdim edib və deyib ki, belə gəlir ilə sözügedən əmlakı kreditlə almaq çətinlik yaratmır. Sonda o qeyd edib ki, 2017-ci ildən müxtəlif təzyiq formalarına məruz qalıb və KİV-də dərc edilən son məqalə bu təzyiqin davamıdır. -0-