“YEREVAN MÜNAQİŞƏNİ BAŞQA MÜSTƏVİLƏRƏ KEÇİRMƏYƏ ÇALIŞIR” - Türkiyə XİN Ordubada raket atılması haqda bəyanat yaydı

Baxış sayı:
3133

“Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna atılan raket hücumunu kəskin şəkildə qınayırıq”.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

“Ermənistan işğal etdiyi torpaqlarda aldığı məğlubiyyətə görə hər gün daha da azğınlaşır. Ortaq sərhədlərimizin olduğu Naxçıvan Muxtar Respublikasına yönələn hücum Ermənistanın münaqişənin Azərbaycanın işğal olunmuş ərazilərindən kənara yaymaq cəhdlərinin sübutudur. Ermənistan bu təxribatları dayandırmalıdır. Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə hücum etməklə hərbi cinayət törədib, indi isə münaqişəni başqa müstəvilərə keçirməyə çalışır. Ermənistan bu hücumların nəticələrini göz önünə almalıdır”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.