AZƏRBAYCANA QARŞI BÖYÜK PLAN - Ermənistanın müəllifi olduğu “dünyanın kəsişməsi” layihəsinin arxasında hansı güclər dayanır?

Baxış sayı:
5274

Dünya ölkələri tranzit marşrutları uğrunda rəqabətə girişiblər. Çünki gələcəyin dünyası ticarət yollarının şah damarlarını təşkil edən tranzit marşrutları üzərindən şəkillənəcək. Tranzit ölkəsi kimi Ermənistan da iddialarını bəyan edib. Eləcə də rəsmi İrəvan bölgəni alovlandıran “barıt çəlləyi” rolunu oynamaq həvəsindən vaz keçməyib. Əlbəttə ki, arxa planda duran himayəçiləri ilə birgə.
Öncə İrəvanın tranzit ölkə rolunda çıxış etmək cəhdlərinə nəzərə salaq. Azərbaycan artıq bu müstəvidə öz yerini çoxdan tutub, mövqelərini də bərkitməkdədir. Bakı-Ankara tandeminin irəli sürdüyü və gerçəkləşməsi üçün əmək sərf etdiyi Zəngəzur dəhlizinə Ermənistanın simasında maneə törədildi, layihə arxa planda İrəvanın himayəçisi rolunda çıxış edən qüvvələrin qərəzinə tuş gəldi və bu dəhlizin İrandan keçməsi qərarlaşdırıldı. Alternativ dəhliz “Araz dəhlizi” adlandırıldı. Elə bu məqamda xəyalında özünü dünyanın mərkəzi olmasına namizəd hesab edən İrəvan “Dünyanın kəsişməsi” layihəsini üzə çıxardı.
Əlbəttə, “Araz dəhlizi”nin baş tutacağı təqdirdə “dalan” durumuna düşəcək İrəvan bir yol tapmağa çalışır. Belə ki, 26-27 oktyabr 2023-cü il tarixlərində Tiflisdə keçirilən “İpək Yolu Forumu”na Ermənistanın baş naziri Nikol Paşinyan “əlidolu” getdi və “Dünyanın kəsişməsi” layihəsini təqdim etdi. Hansı ki, sözügedən layihədə “Dünyanın kəsişməsi” layihəsi fonunda “dünyanın mərkəzi” kimi Ermənistan göstərilir və əsas tranzit marşrutları orada kəsişir.     
Çoxları bu layihəni reallıqda heç bir əsası olmayan iddialı arzular kimi qəbul etdilər. Amma burada əsas nüans budur ki, tranzit marşrutlarını hansı geosiyasi qüvvələr sürüyə-sürüyə İrəvanın nəzarətindəki “erməni yol ayrıcına” gətirəcək. Həm də o İrəvanın ki, qonşuları ilə qarşıdurma ucbatından “özünü blokada” vəziyyətinə salıb.
Və birdən “erməniyönül cəngavər” özünü biruzə verdi. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen Zəngəzur dəhlizi məsələsini müzakirə edərkən bunları ifadə etdi: “İstənilən dəhliz yalnız Ermənistanın razılığı ilə yaradılmalıdır ki, bu da müəyyən mallara çıxışı təmin edəcəyi üçün region ölkələri və bazarlarda tranzit bumuna gətirib çıxaracaq. Hər hansı başqa yolla, gücdən istifadə etməklə və ya İranın iştirakı ilə yaradılan nəqliyyat dəhlizi qərarlı cavabla qarşılaşacaq”.
O`Brayen faktiki olaraq demiş oldu ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasını ləngidərsə də, ABŞ Azərbaycanın Zəngəzur dəhlizinin İrəvan və onun “sponsorlar”ının iştirakı olmadan İrandan keçməklə tikintisi planlarına qarşıdır. Fikrimizcə, ABŞ-ın Zəngəzur dəhlizinə nəzarətin Rusiyanın əlinə keçməsinə yol verməmək nüansı da var.
Belə görünür ki, İrəvan müəllifi olduğu “dünyanın kəsişməsi” ilə yaradılan yeni qlobal layihəyə “oturur”. Ona ABŞ-ın başında gəldiyi qlobal oyunçuların maraqları naminə Avrasiyanı sözün əsl mənasında “kəsmək” həvalə olunub. Bu “kəsişmənin” konturları gözümüzün qabağında cızılır.
İllərdir internet məkanında “Böyük Ortadoğu Projesi” haqda məlumatlar yayılır. Eləcə də ABŞ-ın İraq Kürdüstanı ilə Suriyanın kürdlərin üstünlük təşkil etdiyi ərazilərdən dəhliz açmaq ideyası da aktualdır və İsrailin Qəzzadakı son əməliyyatları da göstərir ki, plan həyata keçirilmə fazasındadır. Bu dəhlizə 1946-cı ildə mövcud olmuş Mahabad Respublikasının əhatə etdiyi əraziləri də qatmaq planı qüvvədədir və öz növbəsini gözləyir.
Qeyd edək ki, ABŞ-ın sözügedən dəhliz planı İran hakimiyyətinin öz sərhədlərindən İraq və Suriya vasitəsilə Aralıq dənizinə qədər qurduğu dəhlizə ziddir.
Yeri gəlmişkən, masa üzərindəki “Mahabad planı” daxilindəki ərazilər Güney Azərbaycanla Türkiyənin arasında bölücü bufer zona yaradır ki, böyük ehtimalla ABŞ İranın dağılması variantında Güney Azərbaycanla Türkiyənin arasını kəsən geosiyasi dəhliz formalaşdırmaq məqsədini güdür. Hədəf Şimal Azərbaycan, Güney Azərbaycan və Türkiyənin arada maneə olmadan bütöv ərazilər üzərindən birləşməsini əngəlləməkdir. Necə ki, bu məqsədlə Ermənistan yaradıldı və Zəngəzur da sovet hakimiyyəti tərəfindən Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı bir-birindən quru yolu ilə ayırmaqdan ötrü qondarma Ermənistana peşkəş edildi. Yəni “kürd koridoru” ilə “erməni koridoru”nun hədəfi eynidir. Belə görünür ki, Amerikayönlü Kürdüstanla Fransayönümlü Ermənistan əməkdaşlıq içindədirlər. Sadəcə, İrəvan zamanını və onu bəsləyən qardaşı İranı kürəyindən bıçaqlamaq şərəfinə nail olmaq fürsətini gözləyir.   
Məlumat üçün qeyd edək ki, Yaxın Şərqdə Stalinçi SSRİ-nin iştirakı ilə İsrail yaranmazdan bir qədər əvvəl həmin SSRİ 1945-ci ilin dekabrında Cənubi Azərbaycanda paytaxtı Təbriz olan “Azərbaycan Demokratik Respublikası”, 1946-cı ilin yanvarında isə başqa bir dövlət - “kürd xalq cümhuriyyəti”, mərkəzi Mehabad (İranın Qərbi Azərbaycan əyalətində kürdlərin yaşadığı şəhər) ilə tarixə “Mehabad Respublikası” adı ilə keçən qısaömürlü dövlətləri yaratmışdı. “Mehabad Respublikası”nın sərhədləri çox qəribə idi. Sərhəd xətti Mehabaddan şimaldan, Türkiyə ilə sərhəd boyunca Araks çayına qədər dar bir zolaqla gedirdi. Üstəlik, hətta kürdlərin olmadığı Türkiyə ilə həmsərhəd Azərbaycan kəndləri də “Mehabad Respublikası”na daxil edilmişdi. Beləliklə, “sovetyönlü” Güney Azərbaycan Türkiyə ilə ümumi sərhəddən süni şəkildə məhrum edilmişdi.
Stalinin Ermənistan SSR-yə keçən Zəngəzurla həm Azərbaycan SSR-i, həm də Araz çayının şimalında türk dünyasını parçaladı, “Mehabad Respublikası” ilə isə Cənubi Azərbaycanı Türkiyədən süni şəkildə ayırdı. Amma Stalin İranın şimalını öz nəzarəti altında saxlaya bilmədi. Sovet qoşunları ABŞ və Böyük Britaniyanın təzyiqi ilə ölkədən çıxarıldı və 1946-cı ilin dekabrında həm “Azərbaycan Demokratik Respublikası”, həm də “Kürd Xalq Cümhuriyyəti” süqut etdi. Olanlara baxmayaraq, kürdlərin daxilində hələ də “Mehabad Respublikası” ilə bağlı xatirələr var. Və bu gün bir tərəfdən ABŞ ilə İsrailin İranla müharibəsi baş tutarsa, gözlənilən müharibə fonunda İrandakı kürd separatçıları onun dirçəlişi arzusundadırlar və bəlkə də artıq bunun vədini alıblar. Üstəlik, ola bilsin ki, o, artıq son xəritələrdə - Araz çayı biyunca Ermənistanla sərhədə doğru uzanan və Arazın şimal sahilində Ermənistanın sərəncamındakı Zəngəzurla “bağlamağa” çalışacaqları ərazilərdə göstərilib. Yəni “Yeni Mehabad Respublikası” İranın istəyi və iştirakı ilə Arazın cənub sahili boyunca salınan “alternativ” Zəngəzur dəhlizini də kəsə bilər.
Əlbəttə, bunlar ehtimallardır. ABŞ-ın İraqı işğal etməsindən və Suriyadakı vətəndaş müharibəsindən sonra Vaçinqtonun dəstəyi ilə muxtar İraq Kürdüstanı yarandı və üstəlik də hələ rəsmiləşdirilməmiş, lakin kürd ekstremistlərinin Suriyanın əraziərində nəzarət etdiyi Suriya Kürdüstanı da var.
Yeri gəlmişkən, görünür ABŞ-ın Suriya Kürdüstanı planının işə salınmaq perspektivi dəqiqləşdiyindən Bəşər Əsədin də “qələmi qırıldı”. Elə bu səbəbdən neçə illərdir ki, Bəşər Əsədi başqa alternativlə əvəz etməyə hazır olmadığını deyən Fransa qəfildən Bəşər Əsəd və onun qardaşı Mahir Əsədin 2013-cü ildə mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə edilməsi ilə bağlı həbsinə order verir. Beləliklə, Fransa da ABŞ-ın oyununun içindədir. Suriya rejimini isə Ermənistanın iştirakı ilə “dəhlizlər” üçün “emal edirlər”. Ermənistan parlamentinin sədr müavini Akop Arşakyanın Suriyaya son səfəri bu qəbildən olub. Belə ki, Suriya prezidenti Bəşər Əsədlə görüşüb və ona həmin “dünyanın kəsişməsi”nı təqdim edib.
Belə bir sual yaranır – “hay dünya kəsişməsi” öz ərazilərinə nəzarət etməyən Bəşər Əsədin nəyinə lazımdır? Ola bilsin ki, bu gün onlar Əsədi “sındıraraq” İranla müttəfiqlikdən imtina etməyə və Amerikanın planlarını dəstəkləməyə inandırmağa çalışırlar. İrəvan isə Suriya hakimiyyətinə təzyiq göstərməklə, belə demək mümkünsə, “yaxşı təhqiqatçı” kimi çıxış edir.
Ancaq "pis müstəntiqlər" də var. Bu yaxınlarda Ermənistanın “əsas himayədarı” olan Fransa 2013-cü ildə mülki şəxslərə qarşı kimyəvi silahdan istifadə ittihamı ilə bağlı Suriya prezidenti Bəşər Əsəd və onun qardaşı Mahir Əsədin həbsinə order verib. Bu əmr həm Dəməşqə təzyiq mexanizmi, həm də Əsədin əsas müttəfiqi Tehrana və digər geosiyasi qüvvələrə “böyük müharibə” baş verəcəyi təqdirdə Fransanın İranı “tərk edəcəyinə” dair “siqnal” sayıla bilər. Lakin Paris Suriyadakı təsirindən tam vaz keçmir, bunu Akop Arşakyanın Dəməşqə “Əsədin həbsinə order verilməsi” ilə eyni vaxta təsadüf edən səfəri sübut edir.
İndi isə gələk Ermənistanın “silah cənnəti”nə çevrilmək tendensiyasına. Məlum olduğu kimi, 12 noyabr 2023-cü ildə fransız “Acmat” şirkətinin istehsalı olan Fransız “Bastion” zirehli texnikası və onların komponentləri Poti limanına daxil oldu. Hərbi yükü göndərən Fransanın “ARQUUS” şirkəti idi.
Ekspertlər bildirdilər ki, fransız silahları Rumıniyanın Konstansa limanından Potiyə daşınıb. Gürcü rəsmiləri hər bir ölkəninin özünümüdafiə hüququnun olduğunu bildirərək, məsələdən yan keçdilər. Bu halda nə baş verir? Gürcüstan Cənubi Qafqazda sülhə kömək etməyəcək silahların tranzitinə niyə icazə verdi? Bu, Gürcüstan hakimiyyətinin Aİ-yə üzvlük xətrinə Fransaya “sədaqət andı” idimi? Yəni Gürcüstan Abxaziyanı erməniləşdirən “hay separatizmi”nə Aİ-yə üzvlük xətrinə yenildimi? Belədirsə, şantajın ardı gələcək. Kiyevi Rusiya qarşısında diz çökməyə vadar edən Qərb Gürcüstanın da ərazi bütövlüyünün dərdində deyil.
Bundan başqa da, Ermənistana silah tədarükü Cənubi Qafqazda yeni genişmiqyaslı müharibənin alovlanması riskini kəskin şəkildə artırır ki, bu da Rusiyanın regiondan “geri çəkilməsi” fonunda açıq-aydın öz üzərinə götürən Fransanın təhriki ilə alovlana bilər. Xarici dəstəyi kürəyində hiss edən Ermənistan hakimiyyəti artıq qonşuları ilə sülh yolu ilə nizamlanmaya və özgə ərazilərinə iddialardan əl çəkməyə tələsmir. Bu o deməkdir ki, regionda “böyük müharibə” ehtimalı artır.
Hər şeyə baxmayaraq, Gürcüstanın Ermənistan üçün silah tranziti rolunu oynaması başqa mətləblərdən də xəbər verə bilər. Məlumdur ki, Rusiyanın və İranın da silaha ehtiyacı var, ələlxüsus da bütün ölkələrin hərətəfli silahlanmaya getdiyi dönəmdə. Böyük ehtimalla Gürcüstan ərazisindən Ermənistana ötürülən silahlar yalnızca 2 milyonluq dövlətcik üçün nəzərdə tutulmayıb. İran da dəfələrlə hərbi texnika təchizatı üçün Rusiyaya ağız açıb. İsitsna deyil ki, Fransanın ötürdüyü silahlar biznes çərçivəsində İrana və Rusiyaya göndərilmək üçün nəzərdə tutulub. Yəni üzdə hər hansı gəlişmələrin baş verməsindən asılı olmayaraq, silah biznesi hər zaman öz dövriyyəsindədir. Burada da nə şəxsi, nə siyasi heç bir qəbahət yoxdur, burada yalnız biznes öz sözünü deyir. Silah şirkətləri dövlətə bağlı görünsə də, belə deyil. Silah biznesi şəxsi əllərdə cəmlənib. Biznes olan yerdə qalan şeylər arxa planda qalır. 
Ülviyyə ŞÜKÜROVA