“Ərdoğandan xahiş etmək istəyirəm ki...” - QABİL HÜSEYNLİ

Baxış sayı:
12232

Türkiyənin İraqın şimalında PKK-ya yönəlik təmizlik fəaliyyətləri davam edərkən Pentaqon rəsmiləri terrorçuları təltif edərək hərbi rütbə və nişan paylayıb. Suriyanın şimal-şərqindəki Hasəkə-Rimeylanda olan ABŞ bazasında PKK komandirləriylə bir araya gələn Amerikalı hərbçilər təşkilat rəhbərlərinə “üstün xidmət medalı” verib. Həmçinin PKK-çılara rütbə paylayan Pentaqon səlahiyyətliləri Qazilər Gününün qeyd edilməsi çərçivəsində təşkil edilən yığıncaqda terrorçubaşlara müxtəlif mükafatlar verib. Pentaqonun nümayəndəsi mayor Abrahamın PKK-lı Mustafa Balıya verdiyi “üstün xidmət medalı”nın sənədində ‘bütün zamanların ən yaxşı müttəfiqi' ibarəsi diqqət çəkib.
1991-ci ildəki İraqın işğalı müddətində ölkənin şimalındakı 36-cı Paralel boyunca PKK-ya qoruma təmin edən ABŞ, Suriya vətəndaş müharibəsi əsnasında da Kandil mərkəzli təşkilata terror düşərgələri qurdurdu. ABŞ 2015-dən sonra sözdə avtonom bölgə layihəsinin də himayəçiliyini boynuna götürüb.
Rakkanın Yerli Məclisinin keçmiş sədri Fayez Əsmər ABŞ və müttəfiqlərinin Suriyanın işğal bölgələrində 35 terror təlim düşərgəsi qurduğunu və 60 min terrorçu öyrətdiyini söyləyib. Terror bölgəsinə silah və sursat dəstəyinin davam etdiyinə vurğu edən polkovnik Əsmər ABŞ-PKK əlaqəsinin İraq və Suriya ilə məhdudlaşmayacağını, ABŞ-ın PKK-nı bölgənin yenidən şəkillənməsində sonuna qədər istifadə edəcəyini qeyd edib.
Əsmər PKK ilə girilən ittifaq əlaqəsinin də qanuni olmadığına diqqət çəkib.
Amerikadan başqa Fransa da PKK-ya aşkar dəstək göstərir. Belə ki, Fransa parlamentinin Xarici İşlər Komissiyasının sədri Marielle də Sarnez Suriyanın PKK\YPG-nin işğalı altında olan Kobani bölgəsini ziyarət edib. SDG nümayəndəsi Xalid İsanın iştirak etdiyi bir heyətlə görüşən Sarnez mətbuata verdiyi açıqlamada “Bura gəlişimizin məqsədi bölgəni rəsmi olaraq tanımaqdır. Eyni zamanda İŞİD terroruna qarşı döyüşən döyüşçüləri görməkdir. Fransa indiyə qədər Suriya Demokratik Güclərinin yanında dayandı və bundan sonra da yanında dayanacaq. Fransa bölgənin yenidən qurulmasına dəstək verəcək”,- deyib.
YPG-nin terrorçularının qəbiristanlıqlarını ziyarət edən Sarnez daha sonra bölgəni gəzərək terrorçularla vaxt keçirib, Kobani və bölgə gedişatı haqqında məlumat alıb. O, terror təşkilatının qəbiristanlığında Sarnez azadlıqları üçün canlarını fəda edən şəhidlərin yaxınlarının qarşısında hörmətlə baş əyirəm. Bura terror təşkilatı İŞİD-lə döyüşdə canlarını fəda edən minlərlə qadın və kişi döyüşçünün xatirəsi qarşısında hörmətlə baş əymək üçün gəldim”,- vurğulayıb.
 
“Mən amerikalıların bu hərəkətini rəsmi surətdə pisləyirəm”
 
ABŞ-ın PKK-çıları təltif edərək hərbi rütbə və nişan paylaması ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, bu, çox biabırçı bir hadisədir: “İndiyə qədər PKK onların terrorçu siyahısında yer alıb. Həmişə Amerika PKK-ya qarı mübarizədə Türkiyəyə böyük yardım göstərib. İndi birdən-birə hər şeyin tərsinə dəyişməsi və Amerikanın bu cürə hərəkətləri məntiqə sığışmayan bir hərəkətdir. Doğrudur, onlar bunu Türkiyənin Rusiya meylli siyasətinə cavab olaraq həyata keçirirlər. Amma Amerika böyükdür, öz böyüklüyünü göstərməliydi, yəni bu cür cılız hərəkətlərə getməməliydi. Ərdoğanın müəyyən hərəkətlərinə əhəmiyyət verməməliydilər. Çünki türk xalqı həmişə Amerika xalqı ilə dost olub. Bu dostluğun xatirinə bölgəni çapıb talayan terrorçulara, türk və kürd xalqları arasında dostluğa ciddi zərbə vuran, uşaq, qoca deməyən, hamıya qarşı terror tətbiq edən bir qurumu belə əzizləmək və yüksək səviyyəyə qaldırmaq çox utancverici bir hadisədir. Mən amerikalıların bu hərəkətini rəsmi surətdə pisləyirəm. Eyni zamanda ölkəni təkbaşına idarə edən Ərdoğandan da xahiş etmək istəyirəm ki, ölkənin xarici siyasətini cızığından çıxarmasın, NATO dəyərlərinə sadiqlik göstərsin, yoxsa doğma Türkiyə üçün xoşgəlməz hadisələr baş verə bilər”.

“Yaxın Şərqi barıt çəlləyinə cevirən bir hərəkətə rəvac verirlər”

“Amerika PKK-çıların necə bir yaramaz ünsür olduqlarını indiyə qədər dərk etmir. İŞİD-çilərdən betər olan bu terrorçulara qarşı onların bu cür loyal münasibəti doğurdan da ağıla sığışmır və onlar bilmirlər ki, Yaxın Şərqi barıt çəlləyinə cevirən bir hərəkətə rəvac verirlər. Amma bu, qanlı toqquşmalara gətirıb çıxaracaq. İsrail də bunlara əlaltından böyük dəstək verir. İsrail-Türkiyə münasibətlərinin pisləşməsinin burada müəyyən rolu var. Bir sözlə, qardaş Türkiyə özünün xarici siyasət xəttinə yenidən baxmalı, dostlarına, dost olmayan ölkələrə qarşı özünün münasibətini dəqiq müəyyənləşdirməli və ona uyğun da siyasət qurmalıdır”,-deyə politoloq qeyd etdi.

“PKK Türkiyə dövləti, xalqı üçün keçilməsi mümkün olmayan “qırmızı xətt”dir”

Q.Hüseynli vurğuladı ki, PKK Türkiyənin bir nömrəli düşmənidir: “İndiyə qədər Türkiyəyə çox böyük ziyan vurub. Türkiyə dövlətinin, ərazi bütövlüyünü əsas təhdidçisi PKK-dır. Bu nöqteyi-nəzərdən PKK Türkiyə dövləti, xalqı üçün keçilməsi mümkün olmayan “qırmızı xətt”dir. Mənim zənnimcə, ABŞ-ın bu “xətt”i keçməsi çox təhlükəlidir”.

“Fransa Osmanlı imperiyasının dağılmasında ingilislərlə birlikdə mənfur rol oynamış yaramaz dövlətlərdən biridir”

Fransa parlamentinin Xarici İşlər Komissiyasının sədri Marielle də Sarnezin Suriyanın PKK\YPG-nin işğalı altında olan Kobani bölgəsinə səfər etməsi ilə bağlı politoloq nəzərə çatdırdı ki, Fransa əvvəlcədən Türkiyənin əleyhinədir: “Qondarma “erməni soyqırmı”nı tanıyan, sonra da anım günü elan edən fransızlardır. Fransa Osmanlı imperiyasının dağılmasında ingilislərlə birlikdə mənfur rol oynamış yaramaz dövlətlərdən biridir. Bu gün qondarma Dağlıq Qarabağ məsələsində də Azərbaycana qarşı hərəkətlərdə Fransanın parabeyin prezidenti mühüm rol oynayır və kürdlərə qucaq açır. Onlara oturum, eyitim verən birici ölkə Fransadır. Burada da Fransa ilə siyasətin düzgün qurulmamasının müəyyən nəticələri görünür”.

“Fransızlar hər şeyə müsəlman dünyasına zərər vurmaq nöqteyi-nəzərindən yanaşırlar”

“Sarnez deyib ki, bura terror təşkilatı İŞİD-lə döyüşdə canlarını fəda edən minlərlə qadın və kişi döyüşçünün xatirəsi qarşısında hörmətlə baş əymək üçün gəldim. YPG də, İŞİD də terrorçu təşkilat olduqları halda, fransızlar niyə YPG-yə terror təşkilatı kimi yanaşmırlar” sualına Q. Hüseynli belə cavab verdi: “Fransızlar əqidəsi əyri bir millətdilər, hər şeyə öz mənafeləri, bir də müsəlman dünyasına zərər vurmaq nöqteyi-nəzərindən yanaşırlar. Ona görə də bu məsələ üzərində düzgün siyasət qurmaq lazımdır”.
Hurriyyet.org