“Poroşenko tezliklə devriləcək” -SAAKAŞVİLİ

O, həmçinin Ukraynaya qayıdacağına söz verib
 
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, Ukraynanın dövlət başçısı Pyotr Poroşenko tezliklə devriləcək. O, həmçinin Ukraynaya qayıdacağına söz verib.
Saakaşvili bunu Gürcüstanın "Rustavi-2" teleşirkətinə müsahibəsində bildirib.
"Poroşenko heç cürə məndən yaxa qurtara bilməyəcək, əksinə, onun hərəkəti bütün Ukrayna müxalifətini birləşdirdi…yeni tarixdə liderlərin öz rəqiblərini ölkədən qovmağa çalışdığı bir halda, rəqibin geri qayıtması və həmin lideri vəzifəsindən devirməsinə dair xeyli nümunə var. Ukraynada məhz belə olacaq… Mənim gəlişim fonunda Poroşenkonun devrilməsi baş verəcək, biz Ukraynaya tamamilə yeni vəzifələrə qayıdacağıq", — deyə o əlavə edib.
Hazırda Saakaşvili ABŞ-dadır. Çərşənbə günü Ukrayna prezidenti sabiq qubernatorun vətəndaşlıqdan məhrum edilməsinə dair fərman imzalayıb.
Saakaşvili, həmçinin bildirib ki, Poroşenko Gürcüstana dövlət səfəri zamanı gizli şəkildə əvvəllər baş nazir olmuş milyarder Bidzina İvanişvili ilə görüşüb. Sabiq prezidentin sözlərinə görə, onlar razılığa gəliblər ki, Kiyevə Saakaşviliyə qarşı cinayət ittihamlarını sübuta yetirəcək saxtalaşdırılmış məlumatlar veriləcək./report