Nəsiman Məmmədli: "Böyük savaşı birlikdə qazandıq"

Erməni işğalı altında qalan Şuşada Çanaqqala adlı məkan olub

Çanaqqala zəfərinin 100 illiyi ilə bağlı tədbirlərdə Azərbaycan ən yüksək səviyyədə təmsil olunacaq. Dövlət rəsmiləri ilə yanaşı 21 nəfərlik qrup da mərasimdə iştirak edəcək. Qarabağ qaziləri və şəhid övladlarından ibarət həmin qrup tədbirə Bakıdan start verdilər. Şəhidlər Xiyabanı və Türk şəhidliyinə doğru yürüşdən sonra Milli Qəhrəman Şirin Mirzəyevin qəbri üzərindən torpaq götürüldü. Bu torpaq Çanaqqala şəhidlərinin qəbirləri üzərinə səpiləcək.

“Eyni qayda ilə Çanaqqala məzarlığından da bir ovuc torpaq götürüləcək və gətirilib Şəhidlər Xiyabanına səpiləcək. Məqsəd şəhidlərin ruhlarını birləşdirməkdir. Çünki, bu şəhidlər bir yerdə mübarizə aparıblar”, – deyə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi.

Zəfərdə türklərlə bərabər azərbaycanlı döyüşçülərin də rolu var. Buna dair daha bir sübut. Erməni işğalı altında qalan Şuşada Çanaqqala adlı məkan olub. Araşdırmaya görə Qarabağdan türk qardaşlarının köməyinə gedən döyüşçülər Şuşada Çanaqqala adlanan həmin yerdən yola düşüblər.

“Sovet dövründə bu yaxınlara qədər hərbi komissarılıqdan əsgərlər ora gətirilirdi. Oradan da yola salınırdı. Rəsmi mənası isə bu idi: Qələbə. Çanaqqala qələbə rəmzidir axı”, – deyə keçmiş Qarabağ döyüşçüsü Fəxrəddin Səfərov bildirdi.

1915-ci il 9 ay davam edən savaşda türklərlə yanaşı üç minə yaxın azərbaycanlının da vuruşub şəhid olduğu deyilir. Lakin tarixçilərin, araşdırmaçıların bu rəqəmin dəqiqliyini ortaya qoya biləcək faktları kifayət qədər deyil. Çünki, bu sahə tədqiq edilməyib.

Bununla belə azərbaycanlıların Çanaqqala döyüşlərində iştirakını təsdiq edən bir neçə məqam var. Şəhid qəbiristanlığında baş daşlarından birinin üzərində əslən Bakıdan olan 18 yaşlı İbrahim Hasanoğlunun adı yazılıb. 1897-ci il təvəllüdlü bu şəxs barədə başqa məlumat yoxdu.

Tədqiqatçı Nəsiman Yaqublunun sözlərinə görə, Rəhimə Afaqbəyim kitabında Süleymanov soyadlı bir azərbaycanlı barədə məlumat verir: “Deyir ki, Süleymanov rus ordusunun zabiti idi, amma Çanaqqala bizə elə bir gizli məlumatlar verirdi ki, bu bizə böyük bir fayda gətirirdi. Amma Süleymanov barədə ətraflı məlumat yoxdur və bu sahə tədqiq olunmayıb”.

Tədqiqatçının qənaətincə, Tağıyevin Bakı Xeyriyyə Cəmiyyəti vasitəsilə türklərə yardım göstərilir, M.Ə.Rəsulzadə və tərəfdarları çar Rusiyası əleyhinə bəyannamələr yayaraq türk qardaşlarımıza yardım adı altında təbliğat işləri aparırdı.

Həmçinin Azərbaycan ziyalılar Əhməd Cavad, Cəfər Cabbarlı bu savaşlarına ciddi dəstək verib. Abdulla Şaiqin qardaşı Yusif Talıbzadə könüllü olaraq türk ordusunda vuruşub.

Böyük ziyalı Əhməd bəy Ağaoğlunun da döyüşlərdə iştirakı barədə məlumatlar yer alır.

Hesab edilir ki, Balkan savaşında vuruşan azərbaycanlıların izlərini Çanaqqala döyüşündə də axtarmaq lazımdı. Bütün bu faktlar onu göstərir ki, Nuru Paşanın ordusunun Azərbaycanı bolşevik-daşnaklardan təmizləməsi, həm də türk savaşlarında iştirak edən azərbaycanlılar qarşısında mənəvi bir borc idi.

Azərbaycanlılar türklərə təkcə Çanaqqala savaşında dəstək olmayıblar. Sarıqamış əməliyyatında Allah-ü Əkbər dağında donmuş 90 min türk əsgərin içərisində minlərlə azərbaycanlı olmuşdur.