​Həmidə Ömərovaya qadağa: "Mənə dedi ki, çəkilmə, "stop" et" - FOTO

Xalq artisti Həmidə Ömərova vaxtilə filmlərə ən çox çəkilən aktrisa idi. O, buna görə qınaqlarla da üz-üzə qaldığını bildirib. Milli.Az-a açıqlama verən aktrisa bu qınaqlardan danışıb:
"Bir dəfə rəhmətlik kinorejissorumuz Gülbəniz Əzimzadə mənə dedi ki, "Sən çox çəkilirsən, dayan, "stop et". Sən indi elə səviyyədəsən ki, özün seçməlisən". Onun sözünə qulaq asıb 3 ssenaridən imtina etdim. Bir ildən sonra isə kinostudiya bağlandı. Mən çox təəssüflənirəm ki, 3 filmi itirdim. Bəzən biz aktyorlar hər obrazı seçə bilmirik. O ixtiyar bizdə olmur. Çox əmmalar var ki, biz onlardan keçməli oluruq".
Aktrisa bu sənətin çətinliklərindən də danışıb:
"2 il bundan əvvəl mən qolumu sındırmışdım. Bu vaxtı da mən Əli Əmirlinin "Hasarın o üzü" tamaşasında Humay ana rolunu oynayırdım. Əli sarıqlı olsa da səhnəyə çıxıb, rolumu oynadım. Çünki dublyorum yox idi. Tamaşadan sonra bir neçə tamaşaçı və jurnalistlər mənə yaxınlaşıb dedilər ki, siz qolu sınıq qadını, yaxşı yaratdız. Mən onlara bildirdim ki, qolum, həqiqətən də, sınıb. Qolumun sınmasına baxmayaraq səhnədə rolumu axıradək oynadım".