ÖZƏLLİK - MİLLİLİK NƏDİR VƏ NƏYƏ GƏRƏKDİR - Məmmədxan Əzizxanlı yazır

Baxış sayı:
22985
“Türkçülük türk millətini yüksəltmək deməkdir”
(Ziya Göyalp,”Türkçülüyün Əsasları,səh.31,”Maarif”, Bakı,1991”)

 

Özəllik, yaxud perscə - farsca millilik sənin varlığının nişanı, əlamətləridir. Adamın özəllikləri, onun canı, yəni  doğal (təbii), bioloji varlığı, sosial yaradıcılıq törəmələri, yəni dili, fəlsəfi düşüncəsi (düzü- bilim, elm, səhvi- din, uydurmalar), tarixi yaddaşında qalan gerçəkdən qaynaqlanan gördükləri (təcrübəsi), xalq yaradıcılığı - adəti, ənənəsi,  vərdişi, musiqisi, mədəniyyəti, incəsənəti, ədəbi yaradıcılığı, folkloru, quruculuğu, yaratdıqları, yaşam tərzi, gələnəklərindən ibarət, biri o  birini tamamlayan, uzlaşan, maddi və mənəvi dəyərlər toplusudur. Başqa canlıların özəllikləri isə özlərinə xas, instiktə dayanan davranışlarıdır.
Azərbaycanda türkün (oğuz, alban, qıpçaq, sak, ərmən), talışın, ləzginin, kürdün, udinin, saxurun və sair əzəli xalqların özəl, milli kimlikləri ərəb işğalından sonra zorla İslamlaşdırılmaqla ərəbləşdirildi. Ərəb ordularının işğalı, yəni qaba gücü, yalnız adam öldürmə, köləlik, dağıntı və yağmalama ilə bitmədi, bu işğal həm də ərəbin yarımvəhşi, geriçi, yenicə formalaşmaqda olan yumşaq gücü - İslam dini, İslamlaşdırma  ilə, yəni ərəb olmayan xalqların maddi və mənəvi dəyərlərinin ərəbləşdirilməsilə zorlandı, oturaqlaşdı və bu günədək davam edir...
Məntiqlə, özündən güclüsünü, yalnız ondan daha ağıllı və hiyləgər olmaqla, qılığına girməklə nəyəsə inandırmaqla, aldatmaqla, özündən gücsüzünü isə, həm də buna zorlamaqla, ölüm, aclıq və başqa məhrumiyyətlərin  təhdidi altında öz fikirlərinə qulluq etdirə bilərsən. Ərəb işğalçıları  hər iki üsuldan başarıyla yararlandılar.
Sonradan özünə gələn, toparlanan türklər tərəfindən qaba güclə, yəni savaşla yenilən, öz qaba güclərini itirən ərəblər,  özlərinin yumşaq gücü olan – İslam dini vasitəsilə türklərin iqtidarında nəinki öz üstünlüklərini qoruyub saxlaya, hətta qalib türkləri öz geriliklərinə - İslama assmilyasiya edə,   gömə bildilər. Ərəblər buna türklərin və başqa xalqların dilini, dinini, yazısını,  düşüncələrini zorla islamlaşdırmaqla, yəni mənəviyyatını ərəbləşdirməklə nail oldular.  Bu gün bütün həyatımız, hətta adımıza, məişətimizə, yatağımıza  qədər... doğal sürəcə, dünyəvi düşüncəyə zidd olaraq, geriçi  ərəb İslamının ehkamları ilə uyğulanmaqdadır,  yəni tənzimlənməkdədir. Uşaqlıqdan, artıq ərəbləşmiş   ata və  anamız tərəfindən iliyimizədək hopdurulan geriçi ərəb İslam ehkamlarından, düşüncəsiindən  qopub sağlam dünyəvi yaşam tərzinə keçmək çox çətin, bəzən tam yuyulmuş beyinlərdə isə heç  mümkün deyil, bununçün savadlanma yoluyla  bütünlüklə İslam dinindən sadəcə imtina etmək gərəkir, başqa yol yoxdur.
Türklər və bütün ərəb olmayan müsəlman xalqlar İslam dininin təriqətlərinin sayı qədər (İslamda 73 təriqət var, onun 48 sünni, 25 isə şiə təriqətidir) içdən bölündüklərindən toparlana, özəl, milli birliklərini, sağlam, dünyəvi  dövlətlərini və  normal yaşamlarını  qura bilmirlər...
Düşüncəmizi xərçəng kimi sarmış Ərəb İslam ehkamlarından qurtulmayınca bizdən normal adam olası deyil. Çünki  Quran, öz ehkamları və İslam dininin vacib şərtlərindən biri kimi, hər bir müsəlmanı “könüllü” olaraq Hacca (Quran,22.26-36) getməyə, bununçün, ərəblərin xeyrinə minlərlə manat pul xərcləməyə, mənasız ayinləri icra  etməyə, öz tarixi qatillərini sevməyə, beləliklə də İslam dini vasitəsilə düşüncəmizi ərəb işğalında, noxtasında  saxlamağa vəzifələndirir... Ərəb şeyxləri də bizim daha çox varlanmaq, sayılmaq istəyən, beyni yuyulmuş varlı axmaqların, maymağların, giclərin, manqurtların  hesabına,  baş dələduzundan  başlamış  ta  indiyədək, heç bir ictimai faydalı iş görmədən, dini vergilər, ianələr hesabına, parazitcəsinə   keyflərini sürməkdədirlər. Molla şəbəkəsi də geydirmə ziyarətgahlarıyla birlikdə ianələr və dini vergiləri yığmaqla müftəxorları  və terrorçuları maliyyələşdirmək üçün  qurulub, kasıblara yardım üçün yox. Halbuki, hər bir ərəb olmayan müsəlman dinli xalq, ərəbə boşuna israf etdiyi o xərclə öz ailəsində, məhləsində, elində, obasında nə qədər imkansıza əl tuta, yol, su  çəkə,  məktəb tikə, uşaq, tələbə oxutdura, sağlamlıq, mədəniyyət   ocaqları qura, elmi inkişafa nail ola bilərdi...
Ərəbin İslam dini adlanan yumşaq gücünün yağmalığı, parazitliyi bax budur, biz onu yaşatdıqca bu pislik yaşayacaqdır. Bu halda ərəbin yumşaq gücü olan İslam, onun qaba gücündən (ordusu, işğalı,  terroru) daha etkili (təsirli), daha güclü, qalıcı, daha davamlı və daha təhlükəlidir. Ərəblər başqa  ölkələri qılıncla aldıqdan sonra yumşaq güc olan İslam dini vasitəsilə müsəlmanlığa  zorladıqları  xalqların aydınlarını, maddi və mənəvi abidələrini, yəni özəlliklərini yox etdikdən sonra,  seçkinlərini (elitasını)  assmilə etsələr də, yəni onların mənəvi özəlliklərini ərəb ümmətçiliyində əritsələr də, lakin ucqarlarda yaşayanların içinə tam girə bilməmişlər. Elə buna görə də ucqarlarda yaşayanlar arasında İslam dini zəifdir. İslam dini zəif olan Elat deyilən yerlərdə isə, həmən xalqların  özəllikləri, millilikləri - sosial yaradıcılıq törəmələri, yəni dili, fəlsəfi düşüncəsi, tarixi yaddaşında qalan gördükləri (təcrübəsi), xalq yaradıcılığı - adəti, ənənəsi, vərdişi, musiqisi, mədəniyyəti, incəsənəti,  bədii ədəbiyyatı, folkloru, yaratdıqları, gələnəkləri, özəl yaşam tərzi daha çox qorunub saxlanmaqdadır.
Ərəbin zorla müsəlman etdiyi xalqlardan, yalnız  perslər-farslar daha fərasətli tərpənib vaxtında, ərəb İslamının içində, Salman farsi tərəfindən,  təriqət formasında, özlərinin pers- fars şüubiyyəçiliyini- şiəçiliyini yaratmaqla cəhalət donuna bükülmüş olsa da müəyyən qədər özəlliklərini, milliliklərini qoruyub saxlaya bildilər. Perslər-farslar şiəçiliklə nəinki  özəlliklərini qoruyub saxladılar, həm də himayəsində  yaşadıqları türk hökmranları hesabına  yaxşıca yemləndilər. Hətta, beyinsiz  türk sülalərindən olan başçıların qılığına girməklə,  hiyləgərliklə ələ almaqla, onların  hökmü vasitəsilə  türk və başqa xalqların düşüncəsini də  şiəliklə ələ alıb,  işğal edə, türklərin sayəsində bütün dövlət  atributlarını faktiki hazırlayan pers-farslar, 1925-ci ildə, ingilisin yardımıyla, hüquqi olaraq öz dövlətlərini  İran adıyla  rəsmən qura bildilər.
Ancaq İslam - sünnüçilik və şiəçilik cahillərçün  birləşdirici, etkiləyici gücə çevrilsə də, sonuc etibarilə nə ərəblərə, nə perslərə-farslara, nə türklərə, nə də başqa  xalqlara inkişaf, xoşbəxtlik gətirmədi, əksinə, sardığı millətləri cəhalətə, geriliyə, kriminal idarəçiliyə gömməklə onları dünyəvi inkişaf yolundan sapdırdı, caydırdı, onları səfalətə soxdu, çünki ideologiyalarının əsası gerçəyə, elmə yox, cəhalətə dayanırdı.  Müsəlman  dinli toplumların, dövlətlərin gerçək halı buna bariz sübutdur. Məsələ burasındadır ki, hər cür din, təriqət cahillərçün faktiki birləşdirici olsa da, lakin məzmunca mənfi, eynən kriminal birliklər, mütəşəkkil cinayətkarlıq  kimi kriminal xarakterli olduğundan sonuc da müsbət yox, mənfi alınır, çünki idarəçilik, yaşam  hesabı, fəaliyyət,  yalan, uydurma üzərindən aparılır və reallığa pərçimlənməklə saxtalıq əsasında qurulur, bilim, elm, insan yaradıcılığı,  mədəniyyət  üzərindən yox.
234 il qabaq Qərbi Avropa da Xristian dininin idarəçiliyi altında olanda elə bizim günümüzdə, hətta bizdən də pis gündə idi...
Müsəlman edilmiş Türklərin, Ərəb İslamının içində yaratmağa çalışdırları və sonucda dünyəvi baxışlar, sosial ədalət doğuran - Sufilik, Hürufilik cərəyanları, Xürrəmilər hərakatı  isə, bizə qarşı ümumi maraqları üst, üstə düşən, güclü  düşmən ərəb və pers-şiə qüvvələri  tərəfindən  amansızlıqla önləndi, yatırıldı... Bu qiymətli fikir daşıyıcılarının  hamısı, başçılar –Cavidan istisna olmaqla, Babək, Mənsur Həllac, Nəimi, Nəsimi, II İsmayıl, Osmanlılarla  münasibətləri yaxşılaşdırmaq üçün  İslamdakı  sünni-şiə   təriqət  bölücülüyündən qurtulmağa çalışan  təhsilsiz   Nadir Şah, ağıllı, təsadüfi bir səhlənkarlıq səhvi ucbatından   öldürülən Qacar Şah  və onların ayrılıqda oluşan işıqlı fikirləri,  sonrakı yaradıcı insanlarımızın – Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, cümhuriyyət böyüklərimiz - Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Həsən bəy Ağayev, Əhməd bəy Ağaoğlu, Məmmədəmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib  bəy Yusifbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Almas İldırım, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Güney Azərbaycan Demokratik Dövlətinin qurucusu Seyid Cəfər Pişəvəri, onun silahdaşları  və sair  azadlıq carçılarının, habelə  çağdaş  özəl, milli hərəkatçıların əsərlərində, işlərində, əməllərində yaşadıldı.
1918-ci il, may ayının 28-də, Ərəbin İslam cəhalətinə, qaranlığına gömülmüş müsəlman Şərqində yaradılan ilk demokratik dövlət – Azərbaycan Xaıq Cumhuriyyəti  bu işıqlı insanlarımızın davam edən, birgə və  parlaq əl işi idi. Bu günkü dövlətimiz - Azərbaycan Respublikası, çağımızın  özəl, milli hərakatçılarımız da özünün bütün çatışmazlığı, əyər, əskiyliyi ilə bərabər, ərəb işğalından sonra, Ərəb İslam zülmünə qarşı VII əsrdən başlamış  həmin azadlıq hərəkatının – qaba və yumşaq  gücün məntiqi davamıdır. Nə qədər ki, Azərbaycanda, bütün Türk dünyasında, müsəlman Şərqində Ərəb İslamının düşüncə köləliyi qalır, Ərəb İslam zülmünə qarşı  başlamış  həmin azadlıq hərəkatı da davam edəcəkdir.
Odur ki, farslar istisna olmaqla, ərəbdən başqa, bütün müsəlman edilmiş xalqların özəllikləri, milli kimlikləri Ərəb İslam ümmətçiliyində əridildiyindən az qala yox dərəcəsindədir. Ərəb olmayan, müsəlman dinli xalqların aydınlarının, ziyalılarının öz xalqının özəlliklərini, özəl, yəni milli kimliklərini  aramaları, tapmaları, yoxluqdan var etmələri böyük hünər sayılmalıdır. Ona görə də 1918-də, Məmmədəmin Rəsulzadənin başçılığı ilə,  bizim özəlçi, millətçi, demokrat,  dövlət qurucu böyüklərimiz,  1923-cü ildə “Türkçülüyün Əsasları” adlı əsərini yazmaqla dövrünün  türk millətçi fikirlərini ümumləşdirib sistem şəklinə salan Ziya Göyalp,  dağılan, özəl, milli simasına görə daha çox amorf, yəni qarışıq, qeyri müəyyən  xarakterli (ərəb-fars-türk)  Osmanlı  Dövlətinin yerində, 1923-cü ildə, silahdaşları ilə birlikdə, türkçü  düşüncələr və dünyəvi prinsiplər  əsasında  çağdaş Türkiyə Cümhuriyyətini quran Qazi Mustafa Kamal Paşa Atatürk, habelə 1920-dən bəri bu yöndə qələm çalmaqla çalışanlar sırasında  2022-ci ildə “Türkçü düşüncənin əsasları”nı yazmış professor Nəsib Nəsibli  və  “Türkçülük məsələləri” adlı bitik yazmış doktor Qutlu Ər  kimi aydınlarımızın yeri millətimizin özəlçi tərbiyəsində çox ucadır. Çünki, bu şəxslər millətimizin  Ərəb İslamı, pers-fars şiəçiliyi və rus assmilyasiyası ilə yox edilən özəlliklərini, milli kimliklərini araşdırıb, toparlayıb  türk millətinə anladanlardır.
Bu gün Turan Dövlətlər Birliyini yaratmaqdan danışanların bəziləri ya qəsdən  düşmənçiliklə, ya da bilməzlikdən  naşıcasına bu Birliyə 73 bölücü təriqətləriylə birlikdə ərəb İslamını da soxmaq istəyirlər. Sanki bunlar, Ərəb İslamının Türk tarixində oynadığı mənfur, dağıdıcı, geriçi, aşağılayıcı rolunu görməzdən gələnlərdir. Burada məqsəd əlbəttə ki, Ərəb İslamını və onun funksionerləri olan parazit din tacirlərini  türkün malı, canı hesabına yaşatmaqla öz tüfeyliliklərini sürdürmək və  sağlam Türk Dövlətlər Birliyin qarşısını almaqdır. Yəni, yaranışından Türk  Dövlətlər Birliyinin içinə bölücü, geriçi, inkişafdan saxlayan  nadanların simasında  73 fərqli, biri, birilə barışmaz düşüncəli, dağıdıcı  mina yerləşdirməkdir. Bu tozanaqlı dinşüvənlər elə bilirlər ki, biz hələ də türkün başına gətirilən Ərəb İslam fəlakətinin, faciəsinin bizi necə geriliyə gömməklə inkişafdan saxlamasının fərqində deyilik... ancaq səhv edirlər.
Odur ki, Türk Dövlətlər Birliyi - Turan  hər cür cəhalətdən, kriminallıqdan, diktaturadan, avantüradan uzaq, yalnız onu quranların qarşılıqlı iqtisadi və siyasi faydası, gəlişmədə biri, birinə dayaq olmaq, kənar basqıdan qorunmaq, xalqın rifahı, bilim, mədəniyyət və inkişaf əsasında qurulmalıdır. Türkçülüyün təlimi, tərbiyəsi çox gərəkli olsa da, lakin əsas bu yöndə Məmmədəmin Rəsulzadə və Qazi Mustafa Kamal Atatürk kimi iş görməkdir. Bilimə, ədalətə, inkişafa  əsaslanmayan heç bir iş görülməməlidir.
Türkçülük, türk özəl mənlik şüuru olaraq, başqa xalqların bizə qarşı olmayan özəlliklərinə qarşı olmamalı, əksinə onların da doğal, yasal haqlarını tanımalıdır. Türkçülük, doğal millətçilik olaraq, türk millətini yüksəltməli, öz haqlarını qorumalı, üstün dünyəvi dəyərlərlə zənginləşməli və gəlişməli, başqasının haqqına əsla girməməklə, onların doğal, yasal haqlarına hörmətlə yanaşmaqla,  cəhalətə, ədalətsizliyə, şovinizmə, faşizmə, irqçiliyə və hər cür ayrı, seçkiliyə qarşı olmalıdır.  İşə çevrilməyən söz  faydasızdır. Özünün, özəl, yəni milli mənlik şüuru olmayan - başqasına da  potensial  təhlükədir.
Türklərə münasibətdə özəlçiliklə, yəni millətçiliklə, şovinizmi, faşizmi, irqçiliyi “eyniləşdirib” bizi pisliklə damğalamağa çalışanlar, bizi millət olaraq birləşdirici əsas amildən məhrum etmək istəyirlər ki, buna da əsla yol vermək olmaz. Çünki, özəlçilik, millətçilik bütün xalqlar üçün döğal, birləşdirici faktordur. Rəqiblər,  əsas  birləşdirici faktor olan millətçilikdən iyrəndirib uzaqlaşdırmaqla və bu birləşdirici vasitəni əlimizdən almaqla əslində bizi ideoloji baxımdan əliyalın, silahsız  və dağınıq hala gətirmək istəyirlər. Halbuki, özləri təbii olaraq öz millətinin millətçisi kimi fəxrlə  çıxış edirlər... Belə çıxır ki, türklərdən başqa hamıya, o cümlədən Azərbaycandakı xalqlara və Avropalılara özəlçilik, millətçilik yaraşır, yəni onlar millətçi olanda olur, ama  biz türklər özəlçi, millətçi olanda isə, bu - şovinizm, faşizm, irqçilik və ayrı, seçkilik olurmuş... Iş o yerə çatıb ki, millət olaraq öz Türk adımızla adlanmağımızı belə qısqanırlar, sanki özlərinə təhlükə görürlər, həzm edə bilmirlər. Bu qədər də əsassız dözülməzlik, ədalətsizlik, ayrı seçkilik olarmı? Sənin haqqını mənimçün normal saydığım halda, mənim  Ad haqqım səninçün niyə və hansı ölçülərə görə legitim haqq sayılmamalıdır? Axı, biz türklər, vətəndaşlarımız olan əzəli, doğma xalqlarımızın bizə qarşı olmayan doğal haqqlarını legitim sayırıq.
Azərbaycanda türkdən başqa bütün millətlər, xalqlar, etnoslar öz adları ilə adlanırlar və bu  Türkə təhlükə deyil, ancaq Türk öz adı ilə adlananda... bu -  şovinizm, faşizm, irqçilik və ayrı, seçkilik və başqa xalqlara  təhdid olurmuş, niyə? Azərbaycanlı - yurdumuzda yaşayan bütün vətəndaşlarımızın yer mənsubiyyətini bildirən adıdır, hansısa millətin, o cümlədən Türk millətinin adı, adının sinonimi deyil... Əsl diskriminasiya, yəni hüquq bərabərsizliyi budur ki, Azərbaycanda türklərə qarşı yapılır.  Göründüyü kimi, bizə yapışdırmaq istədikləri pis yarlık qərəzli olduğu qədər də gülüncdür.
Bir dəfə, 1991-ci ildə, milli hərəkatçılar – müəlimim, əsəln ərdəbilli, 1946-da zabit hazırlanmaq üçün Demokratik Dövlətimiz tərəfindən quzeyə göndərilmiş, Azərbaycan Dövlət Universitetində, Seyid Cəfər Pişəvərinin öldürülməsində təqsirkarın tapılması ilə bağlı çıxışına görə, məhkəmə hökmü olmadan,  6 il DTK-nın (NKVD-KQB) dustağı olmuş İsmayıl Təriqpeyma, fizika elmlər doktoru Bəhmən Sultanlı, filologiya elmləri doktoru Elməddin Əlibəyzadə, filoloq, professor Firudin Cəlilov (Ağasıoğlu) və təbiətşünas alim, Azərbaycanda Nəvai AES-nin tikilməsinə qarşı  mübarizə aparan Şamil Saleh – milli hərəkat, Qarabağın savunması və latın əlifbasına keçilməsilə bağlı, bizim evdəki növbəti  toplantıda, Elməddin Əlibəyzadədən soruşdum ki, niyə ermənilərin yox, gürcülərin yox, bizim əlifbamızı iki dəfə - ərəbdən latına, sonra da latından kirilə dəyişiblər?  “Çünki, rusun nə erməni, nə də gürcü problemi vardı, ancaq türk problemi vardı” deyə, cavab verdi... Məncə o haqlı idi, ona görə də rusa  əsas və güclü rəqib saydıqları türkləri zəif və inkişafdan geri salmaq üçün çoxlu maneələr (elmi məktəblər, milli sənaye, mədəniyyət  müəsisələri, obyektləri açılmırdı, əsgərliyə aparılmırdı və s.) yaratdıqları kimi, əlifbanı da heç bir obyektiv əsas olmadan latından, kirilə dəyişirdilər...Əlbəttə, yəqin ki, burada Türkiyənin də bizdən sonra  latın qrafikasına keçməsinin rolu vardı – SSRİ-nin siyasi rəhbərliyi Azərbaycanla, Türkiyənin eyni əlifbada olmasını istəmirdilər...
Özəlçilik, yıni millətçilik düşüncəsi, Qərbi Avropada, Burjuaziyanın, Xristian kilisəsini hakimiyyətdən uzaqlaşdırmasından sonra, doğal görsəniş kimi meydana gəlmiş, avropalılar  bu cərəyan və dünyəvi prinsiplər əsasında idarə olunan  özəl, yəni milli dövlətlər qurmuşlar. Qərbi Avropanın, ABŞ-ın 234 il qabaq qurmağa başladığı,  özəl, milli dövlətçiliyə dayalı idarəçilikdə uğurları ən yaxşı kimi göz qabağındadır. Bütün cəhdlərə baxmayaraq, Şərqin müsəlman xalqları düşüncələrini xərçəng xəstəliyi kimi sarmış, Ərəbin İslam dini zəncirindən qurtula bilməmiş, sağlam  toplumu, dövləti bu günədək qura bilməmişlər. Müsəlman Şərqində din cəhalətindən arındırılmış özəlçi, millətçi dövlət  və toplum yoxdur. Geriliyimizin əsas səbəbi də budur.
Vaxtilə özəlçi, yəni millətçi dövlətlər kimi formalaşmış  bugünkü Avropa dövlətləri  200 ildən artıqdır (qalıcı bir kültürün, sivilizasiyanın oluşması üçün azı 200 il fasiləsiz eyni idarəçilik yönətimi, vaxt  gərəkdir), möhkəm, sağlam  rəqabətli, elmi  əsaslar üzərində qurulduğundan, yəni liberal demokratiya adlı bir özəl idarəçilik mədəniyyəti yaratdıqlarından, bu gün onların müəyyən az qisminin çeşidli, fərqli  yaşam tərzinə  - deyək ki, ifrat liberallığa, kosmopolitizmə və s. caydırıcılığa meyl etməsi, yol verməsi onların özəl, yəni milli birliyi üçün dağıdıcı faktor, qüvvə  sayılmır və sayıla da bilməz. Çünki, Qərbi Avopanın özəl, milli birlik əsasları çoxdan oturaqlaşıb, yəni ailədən, toplumadək - düşüncə ürətən genlərinə çevrilib. Onlar kimi biz də bu elmi, doğal yolu keçməliyik, yalnız o zaman toplumda yaranacaq,  dayaz olduğu qədər  keçici, ötəri görsənişlərdən,  təhlükələrdən sığortalana bilərik.
Danışığında dilimizi yad sözlərdən arındıran, türk sözlərindən istifadə etməyə çalışan  FB-də tanıdıqlarım: Yadigar Türkel (ölmüş), xüsusilə Xaliq Bahadır, Nəsib Nəsibli, Abil Ulusoy, Soylu, Düzgün və İşıqlı Atalılar, bir də özüm...
Özəlçi, yəni millətçi tarixçilərimizdən  umacağım budur ki, Azərbaycanın, Orta Asiyanın, bir sözlə türklər yaşayan yerlərin pers, ərəb  və rus orduları tərəfindən  işğalı dövrləri, assmilyasiya sürəci, bunlara qarşı müqavimət, Birinci Respublika - Azərbaycan Xalq Cumhuriyyəti dövrü və bu zaman ikinci rus işğalına gərəkən müqavimət göstərilməməsinin səbəbləri, İkinci  Respublika – Azərbaycan Sovet Sosialist Respublikası dövrü, Üçüncü Respublika - Azərbaycan Xaıq Cəbhəsi  və Dördüncü  Respublika – Azərbaycan Respublikası  dövrləri hərtərəfli və düzgün  araşdırılsın.  Deyilənə görə, nə üçünsə  Azərbaycan Müdafiə nazirinin müavini, tam artilerya generalı, xəstə müdafiə naziri Səmədbəy Mehmandarovu əvəz edən Əliağa Şıxlinski, 1920-ci il, aprel ayının 19-da, quzey sərhədimiz Yalamaya, bizi işğal etməyə gələn  XI Qırmızı Ordunun qabağını almaq üçün gəlməli olan, artıq Yevlaxda qatara oturmuş əsgərlərimizi geri, Qarabağa  qışlağa qaytarılmasına hansı zərurətdən əmr vermişdir, niyə?
Əgər rus Sovet işğalından dərhal sonra, başda Gəncə üsyanı olmaqla, fasilələrlə, İkinci Dünya Müharibəsinədək,  ölkədə 52 üsyan olmuşsa, onda nə üçün , Azərbaycan Xalq Cumhuriyyətinin rəsmiləri xalqın  bu dirəniş  potensialını  görməmiş, görmüşsə niyə vaxtında  xalqın gücünü gərəyincə təşkil edib, dövlət gücünə çevirməklə  işğalçılara qarşı vuruşmamaış, ruslar üçün, yalnız  kağız parçası olan bir protokolla dövləti təhvil vermişlər? Axı, millət, onları, ölkəni aqressorlara təhvil vermək üçün hakimiyyətə gətirməmişdi, əksinə düzgün qərar verməkçün, savunmaqçün, xoşbəxt yaşamı təmin etməsi üçün  gətirmişdi? Mən əminəm ki, o vaxt  bu müzakirələr olub, olubsa kimlər, hansı fikrin tərəfində olublar, bunların hamısı ortaya çıxarılmalı, qiymətləndirilməli, tarixi olaylardan ibrət dərsi alınmalıdır... Kimlər düşünürsə bu araşdırmalar bizim birliyimizi parçalaya bilər, cümhuriyyət böyüklərimizin üstünə kölgə sala bilər səhv edir, əksinə “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı, yağ üstə çıxır, ayran, ayranlıq olur. ” (M.Ə Sabir), klassiklərimizi oxuyub bilmək azdır, onların ağıllı, məntiqli dediklərini işə çevirmək lazımdır, yoxsa bu qiymətli fikirlərin nə faydası?... Cümhuriyyət böyüklərimiz bütün əyər, əskiklərinə bxmayaraq, bizə böyük, taleyimizi, hətta bu gün də  bəlirləyəcək çox qiymətli irs, bizi daim başıuca edəcək şətrəfli tarix qoyublar, məlumdur ki, gücləri buna çatıb...
Burada, istər, istəməz 1993-ün biabırçı hakimiyyət təhvil, təslimi yada düşür ki, bu da ayrıca incələnməlidir, DTK (NKVD-KQB) arxivləri açılmalıdır, millət kimin, kim olmasını bilməlidir, yoxsa məlum antimilli qüvvələr  2017-də Tərtər qırğını kimi kütləvi dövləti cinayət törətmişləri, xəyanətkarları bizə milli qəhrəman, bahadır  kimi, fədakarlarımızı isə cinayətkar, xain kimi sırımağa davam edəcəklər, bu isə istənilən vaxt partladıla bilən mina üstündə oturmaqdan başqa bir şey deyil. Əgər  bunlar  vaxtında  edilməzsə, gələcəkdə bundan da biabırçı “təhvil, təslimlərin” olacağı istisna olunmur, çünki içimizdəki, özüdə rəhbərlikdə olan   5-ci  kolonlar yerindədir... 
Ərəbin İslam düşüncəsinin işğalından qurtulma sürəcinə, dinamikasına baxdıqda  açıq görünür ki, müsəlman dinli xalqlar arasında ən sağlam düşüncəli yolda BİZİK. Bu gün bizim genefondda adlarını çəkmək istəmədiyim çox qiymətli aydınlarımız, ziyalılarımız var, lakin onların çatışmayan və ağıl səviyyələrinə əsla yaraşmayan bir çatışmazlığı var ki, bu da – hər cür dinlərə, təriqətlərə, uydurmalara, əsasən də Ərəbin İslam cəhalətinə, geriliyinə axmaqcasına inanıb mollalıq etməkdir, özlərindən çox əskik olan cənnət alverçilərinin, dələduzların,  cahillərin quyruğunda sürünməkdir. Əzizlərim, ayıbdır, etməyin, özünüzü və bütün nəslinizi ərəb pisliyindən arındırmaqla parlaq bir devrim, inqilab yapıb da xoşbəxt olalım...
Məmmədxan ƏZİZXANLI,
13.03.2023

Qeyd: Müəllifin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.