​“ABŞ İranı illik 50 milyard dollarlıq gəlirdən məhrum edir” – İMF-dən AÇIQLAMA

Baxış sayı:
14878

Beynəlxalq Valyuta Fondu (İMF) ABŞ sanksiyaları altında İran iqtisadiyyatının 6 faiz azalacağını proqnozlaşdırıb.
 
Qurumun bazar ertəsi açıqlanan hesabatında deyilir ki, Birləşmiş Ştatlar Tramp administrasiyasının İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərini ləğv etməsindən sonra inflyasiya 40 faizə yüksələcək. Güzəştlərin müddəti cümə axşamı günü başa çatır.
 
ABŞ bildirib ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri İran nefti bazardan tam yığışdırılarkən global tələbi qarşılamaq üçün lazımı addımlar atmaq barədə razılığa gəlib. Bununla onların neft istehsalını artıracaqları gözlənilir.
 
Ağ Ev bildirib ki, bu "qərar İranın neft ixracını sıfıra endirmək və rejimin əsas gəlir mənbəyini kəsmək məqsədi daşıyır."
 
ABŞ İranı illik 50 milyard dollarlıq gəlirdən məhrum etməyə çalışır.
 
Türkiyə ABŞ-ın addımını rədd edib. Xarici işlər naziri tvit edərək yazıb ki, “Amerikanın qərarı regional sülh və sabitliyə xidmət etməməklə yanaşı, İran xalqına da zədə yetirir. Türkiyə təktərəfli sanksiyaları və qonşuları ilə münasibətlərində necə davranacağına müdaxiləni qəbul etmir.”
 
Çin də eyni reaksiya ilə çıxış edib. Çinin xarici işlər nazirliyinin sözçüsü bildirib ki, Çin Amerikanın təktərəfli sanksiyaları və "uzunqollu" yurisdiksiyasını rədd edir.
 
Təhlilçilər isə xəbərdarlıq edir ki, neft qalmaqalı ABŞ-İran qarşıdurmasına səbəb olmaqla yanaşı, Çinlə ABŞ arasında ticarət danışıqlarının da dalana dirənməsinə yol aça bilər.
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Fox News-a müsahibəsi zamanı Birləşmiş Ştatların Tehranın beynəlxalq neft ticarətinə mane törətmək istəyərək, “İranı diz çökdürməyə” və Tehran hökumətini devirməyə çalışmaqda ittiham edib.