“ZƏNGƏZUR DƏHLİZİ AÇILMASA, LAÇIN KORİDORU BAĞLANA BİLƏR...” - “Təhlükə olarsa, Türkiyə daha aydın şəkildə bölgədə görünəcək”

Baxış sayı:
606

Fazil Mustafa: “Rusiya sülhməramlılarının müəyyən davranışları, Laçın dəhlizindən terrorçuların sızması bizi qıcıqlandırır”

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı səfərindən bir gün öncə separatçı qüvvələrin Xankəndində parad təşkil etməsini müəyyən siqnal kimi qəbul edilir. Eyni zamanda, Lavrovu gətirən təyyarə Bakıya çatmamış Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığının baş tutması diqqət cəlb edir. Digər yandan isə Ramazan Bayramından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərinin mümkünlüyü barədə deyilənlər və digər proseslər göstərir ki, hazırda regiondakı maraqlı tərəflər arasında pərdə arxasında fəal siyasi dialoq və polemika var.

Muxalifet.az xəbər verir ki, AzPolitika.info bu mövzu ətrafında Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə söhbətləşib:

- Fazil bəy, mayın 5-də Sergey Lavrov İrəvana səfər edir, mayın 9-da rus sülhməramlılar və separatçıların minə yaxın nümayəndəsi Xankəndində parad keçirir, mayın 10-da isə Lavrov Bakıya səfər edir. Bu üç hadisə arasında hansı bağlılıq görürsünüz?

- Əslində bu, ermənilərin təsəlli paradı idi. Ötən ilki izdihamlı paradları ilə müqayisə etsək görərik ki, həqiqətən də bu, sadəcə təsəlli üçün atılan addımdır. Həmin tədbir silah və texnikanın iştirakı ilə həyata keçirilmədi. Bu, sadəcə “biz hələ də varıq, nələrsə etmək istəyirik” mesajı idi. Ancaq məncə bu, həm də onların son çırpıntılarının təzahürüdür.

Sergey Lavrovun səfəri isə əslində, bu hadisələrlə bağlı deyil. Konkret olaraq Rusiya başa düşür ki, prosesləri bir həddə qədər uzatmaq imkanına malikdir. Bu imkan da daha çox nə ilə bağlıdır? Ermənistanda müəyyən mənada etimadı bərpa edib erməniləri rasional addım atmağa inandırmaq. Diqqət etsəniz, sülhməramlıların bütün diqqəti erməni simpatiyasını qazanmaq və prosesləri onlara qəbul etdirmək istiqamətindədir. Lavrovun da İrəvanda açıqlamaları, üçtərəfli razılaşmaya vurğu etməsi Rusiyanın məsələyə ciddi yanaşdığının göstəricisidir. Rusiya sadəcə bunu sərt və məcburi formada etməyi düşünmədiyini nümayiş etdirir.

Daha çox bəzi jestlərlə Ermənistanı bölgənin açılması istiqamətində konstruktiv addım atmağa yönəldir. Ermənistandakı seçkilər ərəfəsində də Moskva sərtliyi artırmır. Çünki erməni hakimiyyətinə qarşı sərt tələblər müəyyən mənada bu hakimiyyətin mövqe itirməsinə səbəb ola bilər. Müşahidələr göstərir ki, biz də hədsiz dərəcədə tələsmirik. Daha çox diqqətimizi ərazi bütövlüyümüzün, suverenliyimizin bərpasına yönəldirik, bərpa işləri, orada infrastrukturun yaradılması, sərhədlərin demorkasiyası ilə bağlı məsələləri önə çəkirik. Çünki bölgədə birinci yerləşməlisən ki, sonra möhkəmlənəsən. Möhkəmlənməlisən ki, lazım olanı düşməndən tələb edəsən. Bu, daha ağıllı və doğru taktikadır. Əlbəttə, arzularımıza uyğun olmayan məqamlar da var. Amma hər şey bizim arzularımızla çözülsəydi, onda heç Ermənistan dövləti olmazdı.

- Sizcə, Lavrov Bakıya hansı plan və təkliflərlə gəlib?

- İlk öncə, Lavrov Ermənistanın proseslərə baxışı və rəyini, eləcə də qapalı mesajını Azərbaycana çatdırmaq üçün gələ bilər. Ola bilsin ki, bölgədə təkcə Ermənistan deyil, müəyyən dərəcədə İranın da bu prosesdə iştirakına dair fikir və təkliflər ortaya qoyulur. Çünki bölgənin açılışı üçün İranın da mövqeyi önəmlidir.

Digər tərəfdən də, Azərbaycanın baxışlarını öyrənmək niyyətləri var. Mümkündür ki, Bakı səfərindən sonra Lavrovun İrəvanla təmasları olsun. Azərbaycanın məsələlərə baxışı burada əsas istiqamətdir.

Hesab edirəm ki, Lavrov Bakıda Azərbaycanın əlində olan erməni terrorçularının azad edilməsinə dair istəklə çıxış edə bilər. Azərbaycan bu istiqamətdə daha ağıllı siyasət aparır. Məncə, bir neçə terrorçunun təhvil verilməsi də səbəbsiz deyildi. Bir sözlə, bütün bu məsələlər müzakirə predmeti olacaq.

Amma burada həm də Rusiyanın üçtərəfli bəyanatla bağlı mövqeyinin qüvvədə olması görünməkdədir. Ehtimal edirəm ki, Minsk Qrupu ilə bağlı da müzakirələr aparıla bilər. Moskva Minsk Qrupunun fəaliyyətinin canlandırılmalı olduğuna dair görüntü yaratsa da, əslində bunda maraqlı görünmür. Çünki bölgədə əgər aparıcı dövlətlərin içərisindən təkcə özü möhkəmlənibsə, digər dövlətlərin prosesə qoşulmasında maraqlı olmamalıdır. Başqa sözlə, ifadə olunan fikirlərlə arxada düşünülənlər tam fərqlidir.

 

 

- Lavrov Bakıda rəsmi görüşlərə başlamazdan əvvəl məlum oldu ki, Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Bu məqamı necə dəyərləndirmək olar?

- Azərbaycan sözsüz ki, fəaliyyətini intensiv məsləhətləşmələr əsasında aparır. Bu zaman Azərbaycanın mövqeyi və dövlət maraqları əsas kimi götürülür. Ölkə prezidenti də bu maraqların qorunması üçün ardıcıl və bəzən də sərt mövqeyini nümayiş etdirir. Necə ki, onun “İskəndər-M” raketi ilə bağlı sərt mövqeyi müəyyən dərəcədə nəticə verdi. Rusiyadan qeyri-rəsmi də olsa açıqlama verildi ki, kodu verilmədiyi üçün bu raketlər partlamayıb və s. Əslində bu, o deməkdir ki, Azərbaycan öz maraqlarına toxunan bütün məsələlərdə həssaslığını ifadə edir. Çox güman ki, bu həssaslıq Rusiya prezidentinin də diqqətinə çatdırılır.

Bundan başqa, Azərbaycan həm də Türkiyə ilə məsləhətləşmə içindədir. Hər nə qədər Türkiyə meydanda açıq şəkildə görünməsə də, Azərbaycana dəstək mövqeyini davam etdirir.

Cənab Ərdoğanın bölgəyə səfəri barədə deyilənlər, həmçinin müəyyən razılaşmaların olması göstərir ki, Türkiyə bu mövzunu taleyin ümidinə buraxmayıb və arxa planda Azərbaycanın bütün addımlarını dəstəkləməkdə davam edəcək. Bu baxımdan Putinlə danışıqlar Azərbaycan və Rusiya arasında normal münasibətlər fonunda baş verirsə, burada narahatedici heç bir məqam yoxdur. Əksinə, bunlar məsləhətləşmə və fikir mübadiləsi xarakteri daşıyan addımlardır. Əminəm ki, bu danışıqlarda ölkə başçısı Zəngəzur dəhlizi və digər məsələləri rusiyalı həmkarının diqqətinə çatdırıb. Lavrovla görüş zamanı da bu məsələlərin diqqətə çatdırıldığı şübhə doğurmur. Əgər Azərbaycan ön şərtsiz Laçın dəhlizinin mövcudluğuna imkan yaradıbsa, Ermənistan da bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasına heç bir şərt qoymadan şərait yaratmalıdırBu olmasa, Laçın koridorunun taleyi təhlükə altına düşəcək. Yəqin ki, bu mövqe ruslara ifadə olunacaq, onlar da bu bəyanatın ruhuna uyğun davranacaqlar.

- Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirdi ki, 105-ci bazanın iki hissəsi Sünikdə (Zəngəzurda-red.) yerləşdirilib. Bunun açması nədir?

- Heç bir açması yoxdur. Ermənistan onları ərazisinin istənilən nöqtəsində yerləşdirə bilər. Söhbət bunun bizim üçün hansı təhlükə yarada biləcəyindən gedirsə, ehtimal edirəm ki, Zəngəzur dəhlizinin işləməsi baxımından orada hər hansı qüvvənin olmasını vacib saydıqlarından bu addımı atıblar. Bizə qarşı yönəlmiş məsələlərdə narahatçılıq olarsa, Azərbaycanın da Türkiyə ilə hərbi əməkdaşlıq haqqında müqaviləsi var və həmin bölgənin qarşısında Türkiyənin hərbi birləşmələri yerləşdirilə bilər. Narahatedici addımların olduğu təqdirdə bizim də atılacaq alternativ addımlarımız var. Bunu hər kəs - Ermənistan və Rusiya da bilir. Düşünmürəm ki, onlar indiki mərhələdə Azərbaycanı narahat edəcək siyasət izləməyə çalışsınlar. Dediyim kimi, bunun bizə nə qədər zərəri olacaqsa, həmin ölkələrə də bir o qədər zərəri olacaq.

- Ərdoğanın Şuşaya səfəri barədə fikirlər var, onun özü də bu haqda açıqlama vermişdi. Mümkündürmü ki, ermənilər kimi ruslar da bundan narahatdırlar və əslində, təzyiqlərin bir səbəbi də bununla bağlıdır?

- Yox, bununla bağlı ola bilməz. Əgər söhbət qıcıqlandırmaqdan gedirsə, Rusiya sülhməramlılarının da müəyyən davranışları, habelə Laçın dəhlizindən terrorçuların sızması bizi qıcıqlandırır. Bu, bizim dövlət maraqlarımıza aid olan məsələdir və həm də hadisə Azərbaycan ərazisində baş verir. Ermənistan ərazisində dəhliz açılmayıb və ya hansısa sülhməramlı yerləşməyib ki...

Bu məsələdə Türkiyənin iştirakı onları qıcıqlandırsa da belə, biz niyə geri durmalıyıq? Türkiyə ilə təmaslarımız və bu məsələdə Türkiyənin rolunu qabartmağımız vacibdir. Türkiyə prezidentinin gəlişi də əsasən infrastrukturun qurulması ilə bağlıdır. Yollar və digər məsələlər öz həllini tapmalı, təhlükəsizliklə əlaqəli işlər həll olunmalıdır ki, bu səfər gerçəkləşsin. Ola bilsin ki, səfər bu ərəfədə olmasa belə, növbəti mərhələdə gerçəkləşəcək. Buna heç kəsin şübhəsi olmasın. Rusiyanın bu məsələdə hər hansı bir təzyiq göstərəcəyini düşünmürəm. Eyni qaydada bizim də Rusiyaya qarşı iradlarımız ortaya çıxa bilər. Əgər biz, Rusiya ilə əməkdaşlıq edir və bölgənin açılımı üçün çalışırıqsa, burada hamı səmimi olmaq məcburiyyətindədir.

Amma qalan məsələlərdə Türkiyənin rolunun çox da qabarıq görünməməsi bu proseslərdə dünya güclərinin bəhanələrini artırmamaq niyyəti ilə əlaqəli ola bilər. Başqa sözlə, Türkiyənin varlığı daha çox Avropa, ABŞ və digər ölkələri narahat edir. Ona görə də biz, bu proseslərin dinc və ardıcıl məcrada getməsində maraqlı olduğumuzdan Türkiyənin buradakı rolunu çox da qabartmırıq. Amma yeri gələndə, təhlükə, risk olarsa, Türkiyə daha aydın şəkildə bölgədə görünəcək. Buna heç kimin şübhəsi olmamalıdır.

- Artıq 6 aydır ki, müharibə dayanıb və ərazilərin böyük hissəsi işğaldan azad olunub. Bu günə qədər hər kəs qayıdışdan danışsa da, amma hələlik məskunlaşma həyata keçirilmir. Siz də qeyd edirsiniz ki, ilk öncə orada yerləşmək, daha sonra möhkəmlənmək vacidir. Sizə elə gəlmirmi ki, bu məsələdə gecikirik?

- İşlər gedir, bildiyim qədər müəyyən statistika və siyahıya alınma ilə bağlı fəaliyyət davam edir. Amma ərazinin minadan təmizlənməsi və tam təhlükəsizlik zolağının yaradılması istiqamətində addımlar başa çatmayana qədər oraya əhalinin köçürülməsi ağlabatan deyil. İndi işğaldan azad olunan ərazilərdə “Ağıllı kənd” və digər modellər haqqında düşünülür. Yəqin ki, proses başa çatandan sonra məcburi köçkünlər oraya dönəcəklər. Söhbət başqa şeydən gedir: kütləvi köçürmə, yoxsa seçmə qaydasında köçürmə məsələsi haqqında düşünülə bilər. Təbii ki, arzu edən köçkün ora köçürülməli və buna şərait yaradılmalıdır. Bunun üçün kredit verilməli, tikinti və digər məsələlərdə yardım olunmalıdır. Amma təhlükəsizliyi tam təmin etmədən bunu həyata keçirmək mümkün deyil.

Biz hər an Şuşa deyirik. Amma Şuşada həmişə su problemi olub, indi ola bilsin ki, su şəhərin kiçik bir hissəsinə verilir. Bütövlükdə şəhərə su verilməlidir ki, insanlar orada normal yaşaya bilsin. Həmçinin, enerji təchizatı və digər məsələlər dayanıqlı şəkildə təmin edilməlidir ki, yaşayış mümkün olsun. Həm də orada iş yerlərinin açılması vacibdir.

İndiki halda bizim üçün ən vacibi orada ordumuzun, Sərhəd Qoşunlarının yerləşməsidir ki, təhlükəsizlik təmin olunsun. Habelə, Kəlbəcərin yol məsələsi həll olunmalıdır.

Rasim Əliyev