Vahid Əhmədov: “Dollarlar Azərbaycanda qalacaq”

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün “Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Millət vəkili Vahid Əhmədov “Qafqazinfo”ya açıqlamasında fərmanın əhəmiyyəti barədə danışıb. O bildirib ki, bir sıra dövlət müəssisələri dövlət büdcəsindən cəlb edilən külli miqdarda vəsaitlə xaricdən ərzaq məhsulları alırlar: “İndi isə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC həmin dövlət müəssisələrini ərzaqla təmin edəcək. Eyni zamanda əhalinin də istehsal etdiyi məhsulların satılmasına yardımçı olacaq. Belə ki, əhalidən məhsulları alıb digər təşkilatlara satacaq. Bu, əhali, xüsusilə də yerli fermerlər və sahibkarlar üçün böyük əhəmiyyət daşıyır. Ona görə də belə cəmiyyətin yaradılması vacib idi.
Burada əsas məsələ odur ki, Azərbaycanda istehsal olunan yerli məhsullar xaricdən idxal olunmasın. Prezident bundan əvvəlki oxşar fərmanda da tövsiyə edirdi ki, idxalı azaltmaq lazımdır. Azərbaycanda məhsul istehsalına fikir vermək lazımdır ki, ölkə öz-özünü təmin edə bilsin. Tərəvəz, meyvə məhsulları Azərbaycanda istehsal olunursa, nəyə görə onu xaricdən dollarla idxal etməliyik? Əgər idxal olmazsa, dollarlar da ölkədə qalacaq.
Bunun üçün imkanlar mövcuddur, belə ki, 30- a yaxın soyuducu anbarlar var. Hazırda onlar məhsullarla doludur. Digər məhsullar da yetişdikcə yerli bazara çıxarılacaq. Əgər ASC effektiv işləsə, əhalinin yerli məhsullara olan təlabatının əksəriyyətini ödəyəcək”.