TÜRKMƏNİSTAN RUSİYAYA MEYDAN OXUYUR? - Aşqabad Türk Dövlətləri Birliyinə tamhüquqlu üzv kimi qatılmaq istəyir

Baxış sayı:
466

Türkmənistan türkiyəli şərhçilərin “Türk Birləşmiş Dövlətləri” kimi təqdim etdiyi Türk Dövlətləri Birliyinə tamhüquqlu üzv kimi qatılmaq istəyir.

Qafqaz.media bu haqda xarici mediaya istinadən xəbər verir.

“Nezavisimaya qazeta”nın siyasi şərhçisi Viktoriya Panfilovanının firkincə, bu arzu Aşqabadın neytral ölkə statusunu şübhə altına alır və Rusiya Federasiyasına Mərkəzi Asiyada meydan oxumaq anlamına gəlir.

“Moskva uzun müddətdir ki, Türkmənistanın neytrallığını Türkiyənin Mərkəzi Asiyada təsirinin genişlənməsinin qarşısını almaq üçün vasitə qismində dəstəkləyir. Nəhayət, Aşqabad türk layihələrinə qoşulmasa, bu, Ankaranın can atdığı Türk Dünyasını qurmağı çətinləşdirəcək və Rusiyanın  bölgəyə uzun müddətdir ki, davamlı tətbiq etdiyi “parçala və hökm et” strategiyasını asanlaşdıracaq. Lakin Türkmənistanın yeni Təşkilatda yalnız müşahidəçi qismində iştirakçı olmağa razılıq verməsinə baxmayaraq, bu ölkənin prezidenti Qurbanqulu Berdiməhəmmədov təsis qurultayında iştirak edib və qrupun məqsədlərinə dəstək verdiyini bildirib”, - deyə müəllif bildirir.

Viktoriya Panfilovanın dediyinə görə, bu addım neytrallıqdan tədricən uzaqlaşan hərəkatı təmsil edir. “Nezavisimaya qazeta”nın siyasi şərhçisi deyir ki, Türkmənistan lideri açıq-aydın türk dünyasından ayrı düşmək, təcrid olunmaq istəmir və bu səbəbdən əməkdaşlıqda mənfi cəhətlərdən çox müsbət cəhətlər görür: “Bu, tezliklə Türk Dövlətləri Birliyinə tam üzvlüklə nəticələnməyə bilər, lakin vəziyyətin necə getdiyi aydınlaşacaq”. Onun fikrincə, Moskva Türkmənistan üçün neytrallığın vacibliyindən danışmağa davam edəcək; amma vəziyyət aydındır. Aşqabadın bu geosiyasi layihəyə qoşulması çox çəkməyəcək və Rusiya bu birliyin təhlükəsizlik parametr və qurumlarının nə qədər əleyhinə olsa da, çox da uzaq olmayan gələcəkdə Türk Dödvlətləri Birliyinin təhlükəsizlik funksiyası da olacaq.