Sülhməramlıların Qarabağdan çıxışı, Qazaxın 7 kəndinin qayıdışı və... - SABİQ NAZİR AÇIQLADI

Baxış sayı:
1009

Erməni mediasının yazdıqlarına görə, noyabrın ilk ongünlüyündə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada görüşü baş tutacaq. Bir müddət əvvəl Kreml də bu barədə məlumatın doğruluğunu təsdiqləmişdi. Rəsmi Bakı isə hələlik belə bir görüşün keçirilməsi, hansı məsələlərin müzakirə olunacağı ilə bağlı fikir açıqlamayıb.
 
Doğrudanmı, belə bir görüş gerçəkləşəcək? Hansı məsələlərin müzakirəsi gözlənilir? Erməni mediasının yazdığına görə, yekunda sənəd də imzalanacaq. Söhbət hansı sənəddən gedir?
 
Bütün bunlarla bağlı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov publika.az-a müsahibəsində söyləyib ki, hazırda 10 noyabr üçtərəfli bəyanatının bəzi müddəaları öz həllini gözləyir, çünki onlar 1 ildir ki, Ermənistan tərəfindən yerinə yetirilmir.
 
- Tofiq müəllim, 10 noyabr üçtərəfli bəyanatının birinci ildönümündə hansısa sənədin imzalanması inandırıcıdırmı?
 
- Bəllidir ki, ilk növbədə bir il öncə qəbul olunmuş üçtərəfli bəyanatın tam icrası təmin edilməlidir. Üçtərəfli bəyanatın müddəalarının bir qismi artıq təmin olunub. Amma bir hissəsi hələ də yarımçıq qalıb. Yarımçıq qalmış hissənin təmin edilməsi məsələsindən də Ermənistan imtina edir. Bundan başqa, ortaya digər mövzular çıxıb. Sonradan ortaya çıxan məsələlər də 10 noyabr üçtərəfli bəyanatında öz əksini tapmayıb. Məsələn, bunlardan biri sərhədlərin dəqiqləşdirilməsi mövzusudur. Bu baxımdan hesab edirəm ki, noyabrın ilk ongünlüyündə nəzərdə tutulan görüş baş versə, həmin görüşün mövzusu və ya orada qəbul olunacaq hər hansısa bir sənədin əsas müddəaları sərhəd məsələlərinə, kommunikasiya əlaqələrinin bərpasına aid ola bilər. Bu, birincisi. İkincisi, bu vaxta qədər rusiyalı sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə qalan və hələ də mənsubiyyəti tam bəlli olmayan hərbi birləşmələr, qruplaşmalar həmin əraziləri tərk etməlidir.
 
- Mənsubiyyəti bəlli olmayan qruplaşmalar deyəndə nəyi nəzərdə tutursunuz?
 

- Burada söhbət Qarabağdakı qanunsuz erməni qruplaşmalarından gedir. Ona görə mənsubiyyəti bəlli olmayan qruplaşmalar deyirəm ki, bəziləri bildirirlər ki, həmin birləşmələr Ermənistana aiddir. Bəziləri isə bunun əksini vurğulayırlar. Söyləyirlər ki, həmin qanunsuz silahlı birləşmələr yerli əhalidən təşkil olunub. Amma biz bilirik ki, müharibə və ondan sonrakı mərhələlərdə Ermənistan ordusu yerli əhalidən də əsgər, canlı qüvvə kimi istifadə edib. Ona görə də bu məsələnin identifikasiyası, müəyyən olunması bir qədər vaxt aparan məsələdir. Müzakirə və ya sənəd imzalanması üçün real olaraq 3 mövzu görürəm.
 
- Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması noyabrın ilk ongünlüyündəki görüşdə öz əksini tapa bilərmi?

 
- Biz başa düşməliyik ki, bəzi məsələlərdə artıq hərəkətlilik var. Məsələn, hərbi texnikalar hansısa məntəqələrdə cəmləşib. Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qanunsuz silahlı birləşmələrə məxsus olan hərbi silahlılar növbəti mərhələdə həmin əraziləri tərk etməlidir. Mən bunu istisna etmirəm, bu məsələ növbəti mərhələdə, prosesdə öz həllini tapmalıdır. Bir tərəfdən, həmin texnikalar hərbi qənimət kimi Azərbaycan tərəfinə verilə bilər. Bu variant da mümkündür. Digər tərəfdən, həmin ağır hərbi texnikalar Ermənistana aparıla bilər. Bu məsələnin hansı şəkildə həllini tapması hələ də sual altındadır.
 
- Hazırda Azərbaycan cəmiyyətində bir məsələ daha çox müzakirə olunur: 4 il sonra rus sülhməramlıları Qarabağdan gedəcəkmi?
 
- İndidən bu məsələ ətrafında dərin müzakirələr aparmaq yersizdir. Mən belə düşünürəm. Hazırda bir qrup insan, ekspertlər, siyasi təşkilatlar düşünürlər ki, 4 il sonra Rusiya sülhməramlıları Qarabağdan getməyəcək. Bəzi ekspertlər isə düşünür ki, gedəcək. Mən də “gedəcəklər” – deyə düşünənlərin arasındayam. Bunların hamısı mülahizələrdir. 4 ildən sonra nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq elə də asan deyil. Ona görə də mən bu diskussiyanı xoşlamıram.
 
- Son günlər Qarabağda və dövlət sərhədində ermənilərin təxribatları hiss olunmur. Bu, noyabrın ilk ongünlüyündə planlaşdırılan görüşə görə ola bilərmi?
 
- Bu məsələni mən digər məsələyə bağlamaq istərdim. Bildiyimiz kimi, Ermənistan-Rusiya əlaqələri hazırda ciddi böhran içərisindədir. Moskva və İrəvan arasında qarşılıqlı etibar yoxdur. 10 noyabr 2020-ci ildən sonrakı məsələdə Ermənistanın baş naziri Nikol Paşinyan Avropaya, Fransaya gedəndə Qarabağda yerləşdiriləcək qüvvələrin beynəlxalq missiyalı olmasına çalışırdı. Yəni Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlıların yalnız Rusiya və Türkiyə hərbçilərindən olmasını istəmirdi. Amma hiss olunur ki, Rusiya buna qarşı idi. Hətta Rusiya Prezidenti Vladimir Putinin çıxışında da belə bir çıxış səsləndi ki, sülhməramlı missiya üçün başqa heç kəs lazım deyil. Bu fikir daha çox demarkasiya və delimitasiyaya aid idi. Amma hesab edirəm ki, Putinin bu çıxışını ümumiyyətlə, digər məsələlərə də şamil etmək mümkündür. Yəni Qarabağda prosesin bundan sonrakı nizamlanmasında Moskva digər vasitəçiləri lazım bilmir. Bu baxımdan, Qarabağda bir müddət əvvəl baş verən təxribatlarla gərginlik yaratmaqla ermənilər beynəlxalq sülhməramlı qüvvələrin məlum ərazilərə gəlməsinə çalışırdılar. Gərginlik dalğası nəticəsində ermənilər regiona hansısa kənar qüvvələri gətirməyi planlaşdırırdılar. Onların bu istəyi baş tutmadı. Gördülər ki, bunun xeyri yoxdur. Ona görə də indi sakitləşiblər.
 
- Ermənistan mediasında Azərbaycan və Ermənistan sərhədlərinin 1920-ci il xəritələri əsasında demarkasiya və delimitasiyası məsələsi müzakirə edilir. Bu, indiki məqamda nə dərəcədə inandırıcıdır?
 
- Bilirsiniz, mən bu məsələ ilə bağlı bir fikirlə tam razıyam; artıq bizim mətbuatda da geniş yayılıb ki, SSRİ dövrünün istənilən xəritələrini götürsək, sərhədlərlə bağlı bizim xeyrimizə olan bir vəziyyət yaranacaq. Bu baxımdan, delimitasiya məsələsində 1920-ci illərin xəritələri əsas götürülsə, bizim üçün daha sərfəlidir. Amma hesab edirəm ki, 1970-ci illərin xəritələri də bəzi məqamlara görə də bizə sərf edir. Ən azından, bu məsələlərdə Qazaxın 7 kəndi, Kərki və Başkənd məsələləri öz həllini tapacaq. Digər tərəfdən, iqtisadi baxımdan o qədər də böyük olmayan ərazilərimizdən ermənilər istifadə edirdilər. Bu, 1970-ci illərdən sonraya təsadüf edirdi, həmin əraziləri sonradan ermənilərin rəsmiləşdirib-rəsmiləşdirmədikləri də sual altındadır. Bu baxımdan hesab edirəm ki, delimitasiya və demarkasiya mövzusu ilə bağlı bir çox məsələ öz həllini gözləyir. Sonrakı mərhələlərdə həmin məsələlər də öz həllini tapacaq.