Rüfət Səfərovun şikayəti təmin edilmədi

Bu gün Ali Məhkəmədə rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib, hökm qüvvəsində saxlanılıb.
 Qeyd edək ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Səfərov apellyasiya şikayəti verib.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.