REKETLİK MƏMUR ÖZBAŞINALIĞININ YUXARI HƏDDİDİR

MƏMURLAR, DEPUTATLAR, OMBUDSMAN, HAKİMLƏR NİYƏ VERGİ NAZİRİNDƏN ÇƏKİNİR?

Son vaxtlar mətbuatın gündəmində “at oynadan” mövzu reketlikdir. Bir neçə sayt, qəzet rəhbərini reket adı altında Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat keçirib həbs etməsi isə reketliyin dövlətin təhlükəsizliyinə təhlükə olması anlamına gəlir.Yoxsa, yaşı yüzü haqlayan bu boyda dövlət xidməti işini-gücünü atıb, belə anti-reket əməliyyatına baş vurmazdı...
Bəs reketliyin özü nədən qaynaqlanır, niyə bu qanunsuz əməl başımızın, mətbuatımızın ağrısı olub? Çəkinmədən demək olar ki, reketlik ölkədəki məmur özbaşınalığının sonucudur. Az qala bütün dövlət qurumlarında, komitələrində, hətta məhkəmələrdə, parlamentdə vətəndaşlarla cinayətkar, ikinci sort adamlar, qullar kimi davranılır, səsi çıxanı anındaca polislə-bandotdellə, müstəntiqlə, prokurorla şantaj edirlər!(??) Fikir verin, əvvəllər dövlət, qeyri-dövlət qurumlarında - icra hakimiyyətlərində, məhkəmə, parlament zallarında, çörək, ərzaq, mənzil-məişət növbələrində Qarabağ əlillərinə “səni savaşa mən göndərmişdim?” deyənlər bu gün onların torpağına, əmlakına, güzəştinə, hüququna yiyələnib “get özünü yandır” məsləhətindən belə çəkinmirlər!(??) Bu reketlik deyil? İcra hakimiyyətinin (istər Sabunçu olsun, istər Nizami, Suraxanı və s.və i.a.) “JEK”inin adi bir zibildaşıyanı qohumlarından ibarət qoçu dəstəsini yığıb heç bir məhkəmə qərarı və s. olmadan vətəndaşın evini, hasarını uçurursa, günün günorta çağı polisin gözü qabağında tikinti biznesi ilə məşğul olan sahibkarı döyürsə, bunun reketlikdən başqa adı varmı? Bəs vergi əməkdaşlarının heç bir qərar olmadan əlilləri köşklərindən, evlərindən aparıb məhkəməsiz həbs etmələri necə, reketlik deyil? Bu sualları prokurorluq da, DİN rəhbərliyi də şifahi olaraq müsbət cavablandırsa da, konkret tədbir görülmədiyindən, reketlik günü-gündən çiçəklənir. Elə bundan ruhlanan bəzi mətbuat nümayəndələri də reketlik yoluna üz tutur.
Onu da vurğulayaq ki,vergi reketliyi ən geniş yayılmış reketlik növüdür. ”Obexees”in səlahiyyətlərinin Vergilər Nazirliyinə verilməsi vergi müstəntiqlərinin əl-qolunu tam açıb. Fikir verin, meyvə-tərəvəz biznesilə məşğul olan (Qarabağ əlili) sahibkarlar idxal-ixrac əməliyyatları zamanı hər növ rüsumdan azad olduqları halda, vergi müstəntiqləri öncədən onlara astronomik məbləğdə - milyonlarla manat vergi borcu yazır və həbs seçdirməklə əlil-sahibkarı “reket biznesi”nə - sövdələşməyə məcbur edirlər. Əlilin protez ayağından, əlindən, uzaqbaşı reabilitasiya vasitəsi maşınından başqa nəyi var ki, sövdələşmə predmeti olsun? Hazırda bir neçə müharibə əlilinin vergi relketliyinin qurbanı kimi həbsdə yatmalarını saytlar işıqlandırdığından toplumun bu haqda bilgisi var. Bəs prokurorluq niyə vergi, gömrük, ədliyyə, icra reketliyinə hüquq qiyməti vermir? Bəs insan hüquqları üzrə müvəkkil niyə susur? Necə olur, Ombudsman Rusiyada qoluqandalllı nazirlik binasına gətirilən azərbaycanlıya sifarişlə sözdə də olsa,”müvəkkillik edir”, amma Bakıda - burnunun ucunda Qarabağ əlilinin, gözdən əlilin qoluqandallı polis bölməsinə, vergi departamentinə, icra hakimiyyətinə, şöbəsinə aparılıb işgəncəyə uğradılmasını isə qanuni sayır? Deməli, Ombudsmanın da reketlikdə payı var. Bu fikri çoxsaylı faktlardan biri ilə əsaslandıra bilərik. Gözdən əlil müharibə veteranı Elyar İsmayılovu bu ilin noybarın 11-də vergi əməkdaşları məhkəmə qərarı olmadan həbs edib naməlum istiqamətə aparanda Ombudsmanın 0503709896 “qaynar xətti”nə zəngə cavab olaraq insan hüquqları üzrə müvəkkilin yalnız polisdən şikayətlərə baxdığı bildirilib. Niyə prokurorluq da, ombudsman da, icra başçıları, hakimiyyətləri, deputatlar, komitə sədrləri də və s. və i.a. vergi özbaşınalığına reaksiya verməkdən çəkinir? Bunun da cavabı gizlin deyil. Axı, bu qurumların özləri qanunsuz sahibkarlıqla məşğuldurlar, nə qədər obyektləri, şadlıq sarayları, əmlakları var, cızıqlarından çıxsalar, vergi orqanı onları elə dərin quyuya salar ki, müharibə əlillərinin salındığı məhbəs onun yanında toya getməli olar!
Bir olayı diqqətə çatdıraq. Bir neçə il öncə yol polisi elə də böyük vəzifəsi olmayan vergi əməkdaşının maşınını qanun pozuntusuna görə cərimə meydanına qoydurmuşdu. Anında həmin yol polisinin və havadarlarının başqa şəxslərin adına olan biznes fəaliyyəti araşdırılaraq, cavab yoxlama tədbirilə “anlaşılmazlıq” çözülmüşdü...
Bu sadaladıqlarımız reketliyin məmur özbaşınalığından qaynaqlandığını, onun uca zirvəsi olmasını deməyə əsas verir.
 
Məğrur Bədəlsoy