“Qərbyönümlü xarici güc mərkəzlərinin Mehriban xanımı müdafiə etməsi təsadüf deyil…”

Baxış sayı:
936

“Demokarikləşmənin ən qısa yolu hakimiyyətin “zərif güc”ə ötürülməsidir”

“İqtidar öz söyüş komandası olan Əli Həsənov və çetesini vəzifədən uzaqlaşdıraraq bu metoddan imtina etsə də, müxalif çevrələr söyüşlərin dozasını getdikcə artırırlar”

Ötən gün Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov maraqlı bir təkliflə çıxış edib. Partiya sədri Ovqat.com-a verdiyi müsahibədə koronavirusa qarşı milli mübarizə komitəsinin yaradılmasının və Əli İnsanovun da bu komitəyə cəlb olunmasının vacibliyini vurğulayıb. İlyas müəllim tərəflərin ədavəti bir kənara buraxıb, koronavirusa qarşı birgə mübarizə aparmasını milli birlik istiqamətində atılmış addım olacağını da vurğulayıb.
Partiyanın sədr müavini Heydər Oğuzla budəfəki söhbətimiz məhz bu təklif ətrafında oldu. Onun “Hürriyyət” qəzetinə verdiyi müsahibəni təqdim edirik.
- Heydər bəy, məlumdur ki, hakimiyyətlə Əli İnsanov barışmaz mövqedədirlər. Partiya sədrinizin təklif etdiyi kimi, onların hər hansı məqsədlə bir araya gəlməsi ehtimalı nə dərəcədə mümkündür?
- Əvvəla, koronavirusla mübarizə “hər hansı məqsəd” deyil. Bu gün bütün dünyanın baş ağrısına çevrilən və “əsrin bəlası” adlandırılan pandemiyaya qarşı effektiv mübarizə hər kəsin orta məxrəcdə birləşməsindən keçir. Çünki ölkəni bir gəmiyə bənzətsək, bizim hər birimiz bu gəminin sərnişinləriyik. Aramızda ədavət də, rəqabət də ola bilər. Amma bir halda ki gəminin batmaq ehtimalı var, sərnişinlər keçmiş ədavətlərini unudub, onu qurtarmaq barəsində düşünməlidirlər. Əks halda gəmi bata-bata ədavəti davam etdirsən, sən də düşmənin kimi dənizin fırtınalarında qərq olarsan. Bu baxımdan gəmini xilas etmək naminə ədavətdə olduğun tərəflə birləşmək ilk növbədə sənin öz marağına uyğundur. İlyas müəllim də Azərbaycanda fəaliyyət göstərən bütün tərəflərə ortaq maraqlar əsasında bir araya gəlməyi təklif edir. Burada söhbət təkcə Əli İnsanovdan da getmir. İlyas müəllimin fikrincə, ölkədəki bütün siyasi, ictimai, tibbi aktivistlərin eyni hədəfdə birləşməlidir və bu birliyin məqsədi koronavirus epidemiyasının yayılmasının qarşısını almaq olmalıdır.
İkincisi, pandemiyanın bütün antaqonist tərəfləri eyni məxrəcdə birləşdirməsi xüsusiyyəti var. Verilən məlumatlara görə, koronavirus yayılandan sonra dünyada 25 münaqişə ocağı atəşkəs elan edib, ümumi bəlaya qarşı passiv də olsa birləşiblər. Hər halda hakimiyyət-Əli İnsanov ziddiyyəti həmin münaqişələrdən daha gərgin deyil və bu ortaq maraqlar naminə bu ziddiyyətlərə ara verilə bilər.
Onu da unutmayaq ki, İlyas müəllimin bəhs etdiyi video-müsahibədə Əli İnsanovun özü də buna hazır olduğunu dilə gətirmiş və ilk addımı atmışdır. Hakimiyyət də buna müsbət reaksiya verərsə, koronavirusla ortaq mübarizə baş tutar. Bütün çevrələrin bir araya gəlməsi isə söyüş kampaniyaları ilə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən xarici və daxili qüvvələrin məkrli planını suya düşürər. Ölkəmizi yenidən sivil siyasi rəqabətə qaytarar.
- Hansı vətəndaş qarşıdurmasından söhbət edirsiniz? Axı Azərbaycanda bu ehtimalın hər hansı əlaməti nəzərə çarpmır.
- Sivil, yaxud silahlı mübarizənin simptomları var. Əsas simptomlar özünü ritorikalarda göstərir. Sivil mübarizə xəttini seçənlər İlyas müəllim kimi səmərəli təkliflər verir, yürüdülən siyasətlərin yanlış olduğunu əsaslı dəlillərlə sübuta yetirir və alternativ yollar göstərir. Vətəndaş qarşıdurmasının ilk əlaməti isə söyüşdür. Daxili və ya xarici bütün müharibələrə nəzər salsanız, görərsiniz ki, tərəflər bir-birinin üstünə hücum etməmişdən əvvəl düşməni ağır söyüşlərlə təhqir edirlər. Nə yazıq ki, bu gün Azərbaycanda da eyni hadisələr yaşanır. İqtidar öz söyüş komandası olan Əli Həsənov və çetesini vəzifədən uzaqlaşdıraraq bu metoddan imtina etsə də, müxalif çevrələr söyüşlərin dozasını getdikcə artırırlar. Bəzi mülahizələrə görə, qarşılıqlı söyüş kampaniyaları eyni mərkəzdən idarə olunur. Məqsəd hakimiyyətdən uzaqlaşdırılmış çeteyə ehtiyac yaratmaq və onların söyüş məharətindən istifadəyə geri dönməkdir. Qısası, bir zamanlar hakimiyyətin söyüşkən “küçə uşaqları” müxalifətdəki taylarının meydana çıxmasına şərait yaradırdılarsa, indi isə müxalifətdəkilər onların geri qayıtmasına zəmin hazırlayırlar. Bu da siyasi mübarizənin düşmənçilik müstəvisindən çıxıb, sivil rəqabətə çevrilməsinin qarşısını alır. İlyas müəllimin təklifində isə ümumi təhlükəyə qarşı ortaq mübarizə aparmaq prinsipi var. Bu da geniş kütlələrin söyüş ritorikalı cəbhələrdən uzaqlaşmasına və gələcəkdə sivil rəqabət, yaxud əməkdaşlıq müstəvisinə gətirilməsinə yol aça bilər. Üstəlik, İlyas müəllimin də dediyi kimi, bir daşın altına nə qədər çox əl uzadılsa, onu qaldırmaq da bir o qədər asan olar və hər kəs bu problemi özününküləşdirər, insanlarda koronavirusla mübarizənin obyektiv aparıldığına inam yaranar. Sirr deyil ki, bu virus az qala hər birimizin ətrafında dolaşsa da, hələ də onun mövcudluğuna inanmayan xeyli insan var və bu da alınan tədbirlərin effektivliyini azaldır. Birgə mübarizə isə həm insanların inamını gücləndirər, həm də müxalif çevrələrin itkilərdən hakimiyyətə qarşı istifadəsinin qarşısını alar.
Digər tərəfdən, siyasətdə həmişəlik müttəfiqlər və düşmənlər yoxdur, ortaq maraqlar var. Tarix sübut edir ki, maraqların haçalanması hətta siyasi liderləri öz qardaşını və ya atasını öldürməyə vadar etdiyi kimi, ortaq maraqlar düşmənləri də eyni ittifaqda birləşdirə bilər. Açığını desəm, mən Əli İnsanovun həbsxanadan çıxdıqdan sonra tutduğu mövqeyi iqtidarın bugünkü dəsti-xəttinə uyğun hesab edirəm. Əli İnsanov da Avropaya yönəlməyi özünün əsas hədəfi kimi göstərir, Prezident İlham Əliyev də ətrafını rusqafalılardan təmizləyib, Qərbdə təhsil alan kadrlara üstünlük verir. Yəni ikisi eyni mövqedən çıxış edir və Rusiyadan gələ biləcək təzyiqləri öz üzərlərinə çəkirlər. Məncə, əvvəl-axır onlar eyni məxrəcə gələ biləcəklər. Prosesi tezləşdirmək hər iki tərəfin, həmçinin ölkənin də yararına olar.
- Siz elə düşünürsünüz. Amma Əli İnsanovun haqqında bəhs etdiyiniz müsahibəsində maraqlı bir detal vardı. Əli müəllim müvəqqəti hakimiyyət qurulması barədə təklif verərkən, yeni hökumət komandasında “köhnə qvardiyanın” daha çox təmsil olunduğu model üzərində dayanırdı. Bununla hansı mütərəqqi dəyişiklikdən söhbət gedə bilər?
- Açığı, mən Əli İnsanovun o modelində kimi nəzərdə tutduğu barədə mülahizə yürütmək istəmirəm. İnşallah, yaxın günlərdə konkret adlar göstərəndə biz də öz münasibətimizi bildirərik.
-Amma həmin çıxışında Mehriban xanımın da adını çəkən Əli İnsanov ona hakimiyyətin idarə olunmasında ciddi yer ayırmamışdı. Yəqin siz də razılaşarsınız ki, hakimiyyətdəki qərbyönümlülər əsasən Mehriban xanımın ətrafında toplanıb. Ümumiyyətlə, hakimiyyətin Mehriban Əliyevaya ötürülməsi perspektivinə necə baxırsınız?
-Düzünü desəm, hakimiyyətin hakim ailə fərdlərindən birinə ötürülməsinə iki tərəfdən yanaşmaq olar. Yanaşmalardan biri demokratik prinsiplər nöqteyi-nəzərinə, digəri isə praqmatik siyasi mülahizələrə əsaslanır. Demokratik nöqteyi-nəzərdən, hakimiyyətin nəinki ailə üzvlərindən birinə, ümumiyyətlə kiməsə ötürülməsi doğru deyil. Amma gəlin, razılaşaq ki, Azərbaycanda demokratik ənənələr tam oturuşmayıb və indiyədək hakimiyyətin heç bir qolu milli iradəyə söykənərək formalaşmayıb. Hətta hakimiyyətin ötürülməsi müzakirələri başlamamışdan əvvəl də ölkənin idarə olunmasında Mehriban Əliyevanın ciddi rolu vardı və siyasi dəyişikliklər baş tutmasa belə, bundan sonra da belə olacaq. Odur ki, burada hakimiyyətin Mehriban Əliyevaya ötürülməsi versiyasının qəsdən şişirdildiyinə inanıram. Məncə, hakimiyyətdəki bəzi çevrələrin müxalifətdəki uzantıları vasitəsilə buna qarşı çıxmasının əsl səbəbi başqadır. Onlar əslində özlərinin kreslolarından uzaqlaşdırılmasından narahatdırlar və  Mehriban Əliyeva faktorundan sui-istifadə edirlər.
Siyasi praqmatik yanaşmaya gəlincə, məncə, Azərbaycanda nəinki 1993-cü ildən, hətta deyərdim ki, son 50 ildir hakimiyyətdə kök atmış qüvvələrdən qurtulmağın və demokarikləşməyə qədəm qoymağın ən qısa yolu hakimiyyətin müvəqqəti olaraq Mehriban Əliyevaya ötürülməsidir. Çünki 50 illik yoğun kötüklərin təmizlənməsinin iki yolu var. Bunlardan biri Yaxın Şərq ölkələrindəki kimi “ərəb baharları” vasitəsilə, digəri isə təkamül yoluyla. Dünya təcrübəsinə baxsaq, “ərəb baharlarının” ya Misirdəki kimi tez başa çatdığını, ya da Liviyadakı kimi ölkəni parçaladığını görə bilərik. Bir çox monarxik rejimlərdə təkamül yoluyla demokratikləşmə modelində isə hakimiyyət ilk öncə Birinci xanımlara ötürülür və “alaq otları” təmizləndikdən sonra siyasi islahatlara start verilir.
-Maraqlı iddiadır. Hansı ölkələrdə bu təcrübə sınaqdan çıxarılıb?
-Zərif hegemoniya adlandırdığımız bu siyasət ilk əvvəl II Dünya Müharibəsindən sonra Argentinada həyata keçirilib. Həmin vaxt Argentinaya Juan Peron rəhbərlik edirdi. Juan Peronun xanımı Yeva Peron hakimiyyətdəki mövqeyindən istifadə edərək ölkədə bir çox demokratik dəyişiklərə imza atdı. Onun xüsusilə qadın hüquqlarının bərqərar olmasında xidmətləri əvəzsiz idi. Sadə insanlarla yaxın təmasda olan Yeva xalqla hakimiyyət arasındakı uçurumların aradan qaldırılmasında misilsiz rol oynayır, bəzən kütləvi aksiyalara qatılır, hətta onları təşkil edirdi. Düzdür, qısa ömür sürməsi onun həyat yoldaşından sonra ölkənin birinci şəxsi olmasına imkan vermədi. Amma Yeva Peron Argentinanın səhiyyə naziri vəzifəsinə qədər yüksəldi. Ölümünün üzərindən 70 ilə yaxın zaman keçsə də, Argentina xalqı hələ də onu ölkələrinə bəxş etdiyi demokratik dəyərlərə görə unutmayıb. Təsadüfi deyil ki, 2010-cu ildə Argentina prezidenti Kristina Fernandez de Kirçneri də ölkə əhalisi “İkinci Yeva” adlandırırdılar. Çünki Kirçner də həyat yoldaşından sonra hakimiyyəti dövr alaraq siyasətə atılmışdı. 2015-ci ilə qədər hakimiyyətdə olan “İkinci Yeva” da bir sıra demokratik addımlara imza atdı.
Yeva Perondan sonra zərif hegemonyanın ikinci örnəyi Hindistanda baş tutdu. 1966-cı ildə Hindistanın baş naziri olan İndra Qandi də hakim ailə mənsubu idi. Hindistanın müstəqilliyi uğrunda mübarizədə qəhrəmanlaşan və ölkənin ilk baş naziri olan Cəvahirləl Nehrunun ailəsində dünyaya göz açan İndra Qandi də bir sıra demokratik islahatlara imza atdı. Onun xüsusilə 1977-ci ildə növbədənkənar seçki keçirərək, iqtidarı öz xoşuyla Janata Partiyasının lideri Morarci Desaiyə ötürməsi zərif hegemoniyanın hakimiyyət dəyişikliyinə patriarxal düşüncədən daha yumşaq yanaşmasının örnəklərindəndir.
Digər zərif hegemoniya ilə yeni mərhələyə keçid örnəyini Pakistanda görürük. 1988-ci ildə hakimiyyətə bu ölkədə gələn Bənazir Butto da hakim ailə mənsubudur. Atası Zülfüqar Əli Bhutto 1973-77-ci illərdə Pakistanın Baş naziri olmuş və general  Ziya ül-Haqq tərəfindən devrilmiş və edam olunmuşdu. 10 illik hərbi xuntadan sonra hakimiyyətə gələn Bənazir Bhutto atasının yarımçıq qoyduğu demokratikləşmə prosesini davam etdirsə də, mürtəce qüvvələr bu missiyanı sona çatdırmasına imkan verməmişlər.
2011-ci ildə Taylandda hakimiyyətə gələn Yinglak Şinavatra da hakim ailəyə mənsubu idi. 2016-ci ildə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılanadək Yinglak Şinavatra da mütərəqqi islahatlar apardı.
Bu siyahını xeyli uzatmaq olar.  Amma mən bir xüsus üzərində dayanmaq istərdim. Ümumiyyətlə, yaxın tarixə nəzər salsaq, zərif hegemoniyanın Qərb toplumlarında daha uğurla həyata keçirildiyini görə bilərik. 1979-cu ildə Böyük Britaniyada hakimiyyətə gəlib 11 baş nazir postu tutan Marqaret Tetçer, 15 ildir Almaniyanı idarə edən indiki baş nazir Angela Merkel bunun ən bariz nümunələrindəndir. 2014-cü ildən 2018-ci ilə qədər Veronika Mişel Baçlet iradəsinə tabe olan Çili, 2013-cü ildən indiyədək Erna Solberqin rəhbərlik etdiyi Norveç, 2011-2015-ci illər arasında baş nazir Helle Torninq-Şmittin Danimarkasını, vaxtilə eyni ittifaqda olduğumuz Baltikyanı ölkələri və başqa Qərb dövlətlərini də bu siyahıya aid edə bilərik. Bəli, bu gün bir sıra Qərb ölkələri özünü zərif hegemoniyaya təslim edib. Amma bu, onlarda hakimiyyət zəifliyinə səbəb olmayıb, əksinə gender bərabərliyi sayəsində daha da demokratikləşib, iqtisadi tərəqqiyə imza atıblar.
-Dediyiniz kimi, zərif hegemoniyanın Şərq ölkələrində tutma ehtimalı zəif görünür. Azərbaycan da Şərq ölkəsidir. Sizcə, bizdə bu dəyişiklik nə dərəcədə uğur qazana bilər?
-Azərbaycan xalqı Şərq xalqlarından sayılsa da, bizim milli mentalitetimizdə qadının rolu digər şərqlilərdən fərqlənir. Milli mənəvi dəyərlərimizdə ana kultunun mühüm rolu olub. Tarix boyu türk xalqlarının qurduğu böyük imperiyaların, dövlətlərin idarəçiliyində ən həlledici qərarların verilməsində zərif müdaxilələr son sözü deyib. İslamiyyətdən əvvəl daha qabarıq şəkildə özünü büruzə verən bu tendensiya islamı qəbul etdikdən sonra qismən zəifləsə də, tam məhv olmayıb. Xüsusilə Atabəylər çağında hakimiyyətlərin idarə olunmasında anaların rolu danılmazdır. Ondan sonrakı dövrlərdə də bu ənənə özünü qoruyub. Mən hər kəsin tez-tez təkrarladığı Sara xatun üzərində çox durmaq istəmirəm. Xeyli çeynənmiş bu fakt türk tarixində yeganə hadisə deyil. Bəzən idarəetmədə xanımlara tanıdığımız azadlıqdan bir sıra dövlətlər hətta bizə qarşı da istifadə ediblər. Çin də, Avropa ölkələri də türk xaqanlarına və padşahlarına öz qızlarını verərək hakimiyyətlərin idarəçiliyini öz xeyrlərinə dəyişiblər. İlk türk imperiyalarından tutmuş Qacariyyə, Osmanlı dövlətinə qədər bu siyasət davam etdirilib və əcnəbi həyat yoldaşları, anaları hesabına türk hegemoniyası zəiflədilib. Başqa sözlə desək, xalqımızın bu mütərəqqi xarakterindən bir sıra hallarda zəif nöqtəmiz kimi istifadə olunub. Bütün bunlar qadınların türk toplumlarında oynadığı rolla əlaqədardır. Azərbaycan xalqının tarixində qadınlar digər Şərq xalqları, hətta Qərb ölkələri kimi siyasətdən, müqəddəs və ya ali fəaliyyətlərdən uzaq tutulmayıb. Görünür, milli mənəvi dəyərlərimizin bu xüsusiyyətinin nəticəsidir ki, 1918-ci ildə qurulan AXC hökuməti bir çox Qərb ölkələrindən belə daha tez qadın hüquqlarını tanıyıb.
-Bayaq qeyd etdiniz ki, zərif hegemoniyanın hökm sürdüyü Qərb ölkələri iqtisadi və siyasi cəhətdən daha çox inkişaf edib, iqtisadi tərəqqi mərhələsinə qədəm qoyublar. Sizcə, bu nə ilə əlaqədardır? Doğrudanmı, ölkələrin inkişafının bununla birbaşa əlaqəsi var?
- Əlbəttə, var. Ümumiyyətlə, demokratik dəyərlərin səviyyəsi geniş xalq kütləsinin siyasi proseslərdə nə dərəcədə inkişafı ilə bağlıdır. İnsanların nə qədər çox kəsimi siyasi proseslərdə iştirak edərsə, ölkələr bir o qədər demokratik sayılır. Qadınlar isə say etibarilə cəmiyyətlərin yarısını, bəzən daha çoxunu təşkil edir. Məsələn, 2019-cu ilin statistikasına görə, Azərbaycanın 50.1%-i qadınlardan ibarətdir. Amma gəlin, görək, bu say hakimiyyətdə təmsilçiliyə nə qədər yansıyıb? Hökumət orqanlarına nəzər salaq, şəxsən mən nazir səlahiyyətli bir qadın tanıyıram. O da Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Bahar Muradova. 30-dan çox Nazirlik və Komitə rəhbərlərinin hamısı kişidir. Milli Məclisə baxaq; 125 deputatdan çox az hissəsi qadındır. Digər mühüm idarə və təşkilatlarda da vəziyyət bundan fərqli deyil. İş dünyasında da həmçinin. Avropanın inkişaf etmiş dövlətlərinə baxanda isə cinslər arasındakı fərqlər ya yoxdur, ya da minimum həddədir.
Qadınların hakimiyyət orqanlarında təmsilçiliyi dövlət orqanlarının daha çox kəsimlər tərəfindən idarə olunmasına, hüquqlarının tanınmasına yol açır. İdarəetmədə gender bərabərliyin bərqərar olunması həm də hakimiyyətlərin siyasətlərinə də təsir göstərir. Çünki qadın zərif güc deməkdir. Demokratiya da zəifliyi, yumşaqlığı sevir. Baxmayaraq ki,  kişilərdən daha acımasız qadınlar da var. Amma ümumi götürəndə qadınlar daha rəhmdil, inzibatçılıqdan uzaq olurlar. Adil dövlət də inzibatçılıqla zərifliyin balansını qoruyan mexanizm olmalıdır. Vaxtilə Teymurləng deyirdi ki, dövlət insanları ümidlə qorxu arasında saxlamalıdır. Əksəriyyəti kişilərdən ibarət olan Azərbaycan hökumətinin siyasətinə nəzər salanda isə ümidə yer verilmədiyini görürük. Hətta pandemiya ilə mübarizəni belə inzibatçı yolla aparırlar. Necə ki, patriarxizmin hegemon olduğu Şərq dünyası da bu cür metodlara daha çox üstünlük verir. Düşünürəm ki, gender bərabərliyi təmin olunmayana qədər Azərbaycan da bu zorakı idarəetmə ənənələrindən kənarlaşa bilməyəcək. Bu mənada ölkəmizin demokratikləşməsi mərhələsində Mehriban xanımın ön plana çıxması və Qərbyönümlü xarici güc mərkəzləri tərəfindən müdafiə edilməsi təsadüfi görünmür.
- Mehriban Əliyevanın qlobal güc mərkəzləri tərəfindən müdafiə olunduğu nədə özünü göstərir?
-Yadınızdadırsa, Mehriban Əliyeva ötən il Fransada “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşmüşdü. Məncə, bu, bir mesaj idi. Məhz bu görüşdən bir neçə ay sonra Rusiya prezidenti Vladimir Putinin ona “Dostluq”  ordeni verməsi Kremlin də bununla razılaşmasına işarə kimi qiymətləndirmək olar. Bu iki görüşdən əvvəl də Mehriban Əliyevanın müxtəlif beynəlxalq qurumlar tərəfindən mükafatlandırılması faktı var. Onun 2009-cu ildə Şərqi Avropanın mərkəzi halına gələn Polşa tərəfindən Böyük Komandor Xaçı ordeni, bir il sonra Fransa tərəfindən "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunması, YUNESKO və İSESKO-nun ən yüksək adlarına layiq görülməsi  və s. hadisələr xarici güc mərkəzlərinin mövqeyini göstərir. Azərbaycanda keçirilən bir çox beynəlxalq yarış və toplantılar da Mehriban Əliyevanın adı ilə bağlıdır və onun ciddi nüfuz qazanmasına səbəb olub. Onun bioqrafiyasına ötəri nəzər salanda saysız-hesabsız beynəlxalq mükafatlara layiq görüldüyünü görə bilərik. Sizcə, bütün bunlar ona verilmiş siyasi dəstək deyilmi? Mehriban Əliyevanın siyasi fəaliyyətini bəyənib-bəyənməyə bilərik. Amma onun beynəlxalq güc mərkəzləri tərəfindən dəstəklənməsi o qədər açıqdır ki, bunu inkar etmək olmaz.
Ayxan İLDİRİMTÜRK,
Hurriyyet.org