QAZAXISTAN OLAYLARINDA FETÖ İZİ... – Fətullah Gülən şəbəkəsi Turan ideyasına qarşı Rusiyanın yanında yer aldı...

Baxış sayı:
218

ABŞ və Rusiya Turan ideyasına qarşı birləşib, Qazaxıstanda dövlət çevrilişi etdilər. Rusiyanın Qazaxıstanı faktiki işğal etməsi müzakirələrində ən çox səslənən fikir budur.
Qazaxıstanın Rusiyanın hədəfində olması sirr deyildi. Dəfələrlə ən yüksək kürsülərdən Rusiya Qazaxıstanın “mərkəzdənqaçma” meyllərinə qarşı sərt fikirlər səsləndirirdi. Ancaq bu dəfə Rusiya sağ göstərib, sol vurdu – dünya onun Ukraynaya hərbi müdaxiləsini gözləyərkən, təxminən 36 saat içərisində Qazaxıstanda faktiki hakimiyyət çevrilişi etdi.
İndi həm ölkəni, həm də dünyanı düşündürən daha bir sual var – ölkənin ilk prezidenti və çevrilişə qədər ömürlük Təhlükəsizlik Şurasının sədri olan Nazarbayev hardadır? Onun adından guya Tokayevi dəstəkləməsi haqqında çağırışlar gerçəkdirmi? Doğrudanmı, ölkəni iqtisadiyyat üzərindən sürətlə irəli aparan Nazarbayev KTMT-dən xalqa qarşı istifadə edilməsinə razılıq verib? Hələlik bu sualların hamısı açıqdır.
Sonuncu dəfə Nursultan Nazarbayev MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi toplantısında görünüb. Daha sonra Elbaşı sözün əsl mənasında qeybə çəkilib. Onun qazax xalqına qarşı xəyanət yolu tutan Kasımjomart Tokayevi dəstəkləməsi haqqında deyilənlər də şübhəlidir. Əgər dəstəkləyirsə, son 4 gündə Nazarbayev klanına aid onlarla şəxs, o sıradan onun ailə üzvləri niyə işdən çıxarılır, həbs edilir, gizlənənlər axtarışa verilir? Dəstəkləyirsə, Tokayev iğtişaşlar başlayan kimi ölkə Konstitusiyasını pozaraq Nazarbayevi Təhlükəsizlik Şurası sədrliyindən niyə azad edir? Belə görünür ki, Nazarbayev özü hər hansı formada ekranlarda görünməyənə qədər kimsə öz vətəndaşını erməni-rus birləşmələrinə qırdıran Tokayevə inanmayacaq.
Əsas suallardan biri də Kremldə hazırlanması heç bir şübhə doğurmayan planın necə icra olunmasıdır. Belə görünür, Nursultan Nazarbayev, bütün cəhdlərinə baxmayaraq, Qazaxıstanın xüsusi xidmət orqanlarını Rusiyanın nəzarətindən çıxara bilməyib. 30 il yetərincə böyük zaman olsa da demək ki, ölkənin təhlükəsizlik sistemi şimaldan əsən xəfif küləyin belə qarşısını almaq gücündə deyilmiş.

Qazaxıstan işğalının çox önəmli olan daha bir məqamı. Olayların ilk günü çoxları haqqında əfsanələr dolaşan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə böyük hesabla uduzduğunu yazırdı. Amma işğal faktının detalları ortaya çıxdıqca bəlli oldu ki, bu göründüyü kimi iki nəhəng kəşfiyyatın mübarizəsi yox, tam tərsinə, birgə planı imiş.
Məsələ burasındadır ki, iğtişaşlar başlanandan, faktiki hakimiyyət çevrilişi baş verəndən, KTMT qüvvələri Qazaxıstan ərazilərinə daxil olandan sonra proses Türkiyənin və bütünlükdə Türk Dövlətlər Birliyinin səssizliyilə müşayiət olundu. Hətta buna görə Türkiyəni qınayanlar, prezident Ərdoğanın Turan ideyasını üzdə normal görünsə də, bütün cəbhələrdə ciddi gərginliklə davam edən Türkiyə-Rusiya münasibətlərinə qurban verdiyini söyləyənlər oldu. Axı, necə ola bilər ki, qısa müddət öncə İstanbul sammitində görüşən, Turanla bağlı səs-küylü bəyanatlar verən liderlər, ən əsası da türk dünyasının lokomativi olan Türkiyə birlik ölkələrindən birində baş verənlərə seyrçi qalsın, ən azı dərhal narahatlıq ifadə edən, qarşı duran tərəfləri barışa dəvət edən bəyaNant yaymasın?
Baş verənləri Ərdoğan-Putin, ya da Türkiyə-Rusiya münasibətlərinin indiki durumuna bağlamaq dəqiq analiz sayıla bilməz. Çünki Ərdoğan yeri gələndə Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını, Krımın Ukrayna torpağı olduğunu bildirir, Suriyada Rusiyanın dəstəklədiyi terror qruplaşmalarına qarşı əməliyyat keçirir, eyni zamanda Rusiyanın sir-sifət turşutmasına baxmayaraq Qarabağdakı proseslərə daha dərindən nüfuz edir. O zaman yalnız bir versiya qalır – Türkiyənin təhlükəsizlik qüvvələrində Qazaxıstanda baş verənlərlə bağlı öncədən bilgi olub və bu bilgi Ankarada Qazaxıstana dəstək verməyin Türkiyənin dövlət maraqlarına zidd olmasına əminlik yaradıb.
Heç kimə sirr deyil ki, AK Parti iqtidarı, özəlliklə prezident Ərdoğan ABŞ-ın dəstəklədiyi FETÖ-nu bu gün də təhlükəsizlik üçün ciddi təhdid sayır. Ötən ilin noyabr-dekabr aylarında lirənin ucuzlaşmasını belə, ABŞ-ın bu qruplaşmanın əlilə reallaşdırdığını düşünür. O da sirr deyil ki, FETÖ-nun ən ciddi oturuşduğu ölkələrdən biri də Qazaxıstandır. Qırğızıstanla paralel Orta Asiyada FETÖ-nun yuvasında çevrilən iki ölkə Türkiyənin çağırışlarına məhəl qoymadan hörgütü ölkədən çıxarmadılar. Bu gün də hər iki ölkədə FETÖ-nun dövriyyəsi bir neçə yüz milyonla ölçülən geniş məktəb, biznes şəbəkəsi var.
Məhz buna görə Ərdoğan-Nazarbayev münasibətləri illərdir sərin idi. Türkiyə mediası yazır ki, Ankara rəsmi Nursultana ən müxtəlif səviyyələrdə bu problemin kökünü qazımağı təklif etsə də qazaxlar təklifi geri çevirib, bu məsələni Türkiyənin daxili işi saydıqlarını bildiriblər.

Məsələsi isə heç bir halda Türkiyənin daxili işi deyil. FETÖ birmənalı olaraq ABŞ-ın dəstəklədiyi, himayə etdiyi, idarə etdiyi bir hörgütdür və əsas məqsədi türk dövlətlərini maskalanmış kimliklə ABŞ-ın maraqlarına tabe etdirmək, Ağ Evin müstəmləkə siyasətinə xidmətdir.
Maraqlıdır ki, Qazaxıstanda iğtişaşlar yaradılmasında da FETÖ izini yalnız Ankara görmədi, Rusiya Dövlət Dumasının üzvü Balbay da bir neçə gündür bu haqda danışır. O, açıq şəkildə bildirir ki, ölkənin ən müxtəlif bölgələrində sabitliyə qarşı addımlar atanlar radikal dini qruplaşmaların, o sıradan FETÖ-nun üzvləridir. Rusiyanın digər siyasətçiləri isə susurlar. Sadə səbəbdən – bu dəfə onlar ortaq düşmənə - Türk dünyasına qarşı birləşiblər.
Azərbaycanın da bundan çıxaracağı dərslər mütləq olmalıdır. Həm 2020-ci ildə baş verən Vətən savaşı dönəmində, həm ondan sonrakı proseslərdə FETÖ-nun Azərbaycan uzantılarının çox ciddi rolu olub. Hakimiyyət içərisindəki önəmli postları ələ keçirməklə yanaşı, ictimai fikrə təsir edəcək kəsim içərisinə də yerləşən FETÖ gah ümumiyyətlə savaşa qarşı çıxdı, gah ATƏT-in Minsk Qrupunun yenidən prosesi ələ alması üçün çalışdı, gah Türk Dövlətlər Birliyini nüfuzdan salmaq üçün propoqandaya keçdi. Əsasən sosial şəbəkələrdə çalışan bu qrup Türkiyə-Azərbaycan münasibətlərində etimadsızlıq yaratmaq üçün durmadan çalışırlar. Ancaq məsələ yalnız sosial şəbəkələrlə məhdudlaşmır. Ölkədə böyük bir kəsimin Azərbayanın müstəqilliyinin qarantı saydıqları Türkiyə ilə münasibətlərin dərinləşməsini FETÖ ələ aldığı qəzetlərdə bu birliyin kövrək olması haqqında təbliğatla zəiflətməyə çalışır.
Bu şəbəkənin faktiki olaraq başlı-başına buraxılması və hakimiyyət içərisində önəmli postlara rahatlıqla yerləşmələrinə göz yumulması Azərbaycan üçün də çox acı sonuclara gətirə bilər. Azərbaycanın durumunu gərginləşdirən daha bir məqam Turan ideyasına qarşı FETÖ və Rusiyayanlıların İran kəşfiyyatının təsiri altında olanlarla birləşmək ehtimalıdır. Əgər Qazaxıstanda bu daha çox Əfqanıstan içərisindəki radikal dini qruplaşmalarla birlik kimi ortaya çıxdısa, Azərbaycanda Qum mərkəzli radikal dini kimliklə ortqalıq kimi meydana çıxa bilər.
Putinin imperiya iddiasından, Sovetlər Birliyinin yaradılmasının 100-ci ildönümündə onu yenidən fərqli adla dirçəltmə cəhdlərindən Azərbaycanı yalnız və yalnız Türkiyə ilə strateji müttəfiqliyin daha da dərinləşməsi, konfederativ əsaslarla irəliləməsi qurtara bilər. FETÖ-nun Azərbaycanda varlığı isə Bakı ilə Ankara arasında münasibətlərin inkişafını təhdid edən tək faktordur. Onu qısa zamanda aradan qaldırmaqda fayda var.

Mahir