QARABAĞDA BU ƏRAZİLƏR DƏ AZƏRBAYCANIN NƏZARƏTİNƏ KEÇDİ - Rus hərbçilər Ağdağdakı yüksəklikdən çəkildi

Baxış sayı:
769

Ermənistanda yayılan xəbərlərə görə Azərbaycan silahlı qüvvələri ölkənin içərilərinə doğru bir qədər də irəliləyib. May ayından nəzarətində olan sahələrdə isə mövqelərin möhkəmləndirilməsini həyata keçirir.

"Azadlıq" radiosunun erməni xidməti bildirir ki, müdafiə nazirinin müavini, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının hakım partiyadan olan üzvləri Azərbaycan-Ermənistan sərhədindən, Zəngəzur və Geğarkunikdən gələn xəbərlərə şərh verməkdən imtina ediblər.

Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan oktyabrın 19-da deyib: “Qoşunların təchizatı, mövqelərin sayı, onlara qədər olan məsafə və başqa belə məsələlər dövlət sirri haqqında qanunla tənzimlənir. Əgər səhv etmirəmsə, 1998-ci ildən bəri bu barədə müvafiq hökumət qərarları var. Mənim fikrimcə hər hansı informasiyanı qadağan edirlərsə və ya vermirlərsə, müvafiq dövlət orqanları sorğulara cavab göndərərkən bu qanuna əsaslanırlar”.

Nazir müavini “adamların əsir düşməmələri üçün informasiya verilməməlidirmi” sualını belə cavablandırıb: “Milli Təhlükəsizlik Xidməti Pela dağı (Ağdağ-red.) haqqında məlumat yayıb”.

Ermənistan MTX, Qafan meri və Zəngəzurdan olan müxalifət deputatı Anna Qriqoryan azərbaycanlıların Ağdağ bölgəsində irəlilədikləri barədə iddia qaldırandan iki gün sonra məlumatla çıxış edib. MTX bildirib ki, bu ərazidə heç bir mövqe dəyişikliyi baş verməyib və bu ərazidə Ermənistan Respublikasının sərhədçiləri keşik çəkirlər.

Lakin deputat Anna Qriqoryan oktyabrın 19-da müdafiə və təhlükəsizlik komissiyasının iclasında bu məlumata etibar etmədiyini bildirib: “Əgər hələ delimitasiya keçirilməyibsə, MTX öz məlumatında bunun dövlət sərhədi olduğunu niyə bildirir və azərbaycanlıların hazırda olduqları yeri, onların orada olmasını niyə qanuniləşdirir? Halbuki bu, dövlət sərhədi deyil”.

Qafan şəhərinin meri Gevork Parsyan oktyabrın 19-da Zəngəzur TV kanalına Ağdağ barədə yeni təfərrüatlar açıqlayıb. Onun sözlərinə görə dağ hələ dekabr ayında verilib və o vaxt ora Rusiya sərhədçiləri nəzarət edirdilər. Amma bugünlərdə Parsyana məlum olmayan səbəblərə görə ruslar yüksəklikdən eniblər və ora Azərbaycanın nəzarətinə keçib: “Bu ərazi – bizim üçün çox mühüm yüksəklikdir. İndi rusların olmamasına görə ərazi azərbaycanlıların nəzarətinə keçib”.

 

Xatırladaq ki, ötənilki müharibədən əvvəl bu yüksəklikdə Ermənistanın hava hücumundan müdafiə sistemi yerləşdirilmişdi.

İndi mer Parsyan iddia edir ki, Azərbaycan həmin yüksəklikdən Qafan və Aqarak məntəqələrini 1990-cı illərdə olduğu kimi nişangahda saxlaya bilər: “Bizim əvvəllər Aqarak, Yeğvard və Ucanis kəndlərinə getdiyimiz əsas yol indi tamamilə azərbaycanlıların nəzarətindədir. İndi biz alternativ yoldan istifadə edirik. Faktiki olaraq bizim kənd camaatımızın bu yolla bu əraziyə daxil olması qadağandır”.

Erməni mediası yazır ki, güc strukturları jurnalistlərin bu ərazidə olmasına və çəkiliş aparmasına icazə vermirlər. Belə bir qadağan sərhədyanı Geğarkunikdə də qüvvədədir. Burada yalnız güc strukturlarının icazəsi və müşayiəti ilə çəkiliş aparmaq olar.

Müxalifət deputatı Tiqran Abramyan yazılı qaydada Baş qərargaha müraciət etsə də, ona hazırda onun Geğarkunik vilayətinin sərhədyanı bölgələrinə səfərinin məqsədəuyğun olmadığı bildirilib.

Deputat bu barədə deyib: “Müdafiə Nazirliyi müdafiə və təhlükəsizlik komissiyası üzvlərinin ictimai rezonans doğura biləcək məsələlərlə bağlı istiqamətlərdə səfərlər etməsinə hər vəchlə mane olur”.

Ermənistanın ombudsmanı Arman Tatoyan da "Facebook" səhifəsində Azərbaycan silahlı qüvvələrinin Geğarkunikdə sığınacaq tikintisi, yolların betonlanması ilə məşğul olması və odun tədarükü görməsi barədə məlumatı paylaşıb. Məlumatda deyilir ki, bundan iki gün sonra Müdafiə Nazirliyi onun yazdıqlarının şişirtmə olduğunu bildirib.

Nazirlik bildirib ki, “Azərbaycan tərəfinin bucür fəaliyyətlərinin qarşısı Ermənistan silahlı qüvvələri tərəfindən alınır”.

Amma deputat Tiqran Abramyanın sözlərinə görə, onların səfərinə qadağan qoyulması və başqa bu kimi hadisələr azərbaycanlıların Ermənistan ərazisində möhkəmləndikləri barədə şübhələr yaradır: “Mənim təsəvvürümə görə Azərbaycan həmin əraziləri sərhədin artıq dəqiqləşdirilmiş hissəsi hesab edir və oraların möhkəmliyini və təhlükəsizliyini təmin etmək məqsədilə böyük işlər aparır”.

Erməni mediası yazır ki, parlamentin müdafiə və təhlükəszilik komissiyasının iqtidardan olan üzvləri həmsərhəd regionlar baradə söhbətlərdən yayınırlar. Müxalifət deputatları isə bildirirlər ki, artıq bir neçə həftədir izahat almaq üçün güc nazirliklərinin rəhbərləri ilə görüşə bilmirlər.