Putin "kapitulyantı” niyə xilas edir?- “MOSKOVSKİY KOMSOMOLETS” BU SUALA CAVAB TAPDI

Baxış sayı:
1637

Ermənistan baş naziri Nikol Paşinyan tezliklə Moskvada Putinlə görüşəcək və bu səbəbdən məcburi özünütəcrid rejiminə (koronavirusa yoluxmasın deyə) keçib. Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Ermənistanda iyunda keçiriləcək növbədənkənar seçkilərdir.

“Moskovskiy Komsomolets” qəzeti “inqilabçı və qərbyönümlü siyasətçi” Paşinyana Moskvanın indiki dəstəyinin səbəblərini araşdırıb. Hansı ki, müharibədən əvvəl Moskvada Paşinyana münasibət heç də yaxşı deyildi və onu Rusiyaya yad adam hesab edirdilər.

Müəllif Mixail Rostovski yazır ki, bu yaxınlarda Ermənistan hərbi rəhbərliyi Paşinyana publik qaydada etimadsızlıq nümayiş etdirəndə və onun istefasını tələb edəndə bu, bir çoxlarına hərbi çevrilişə hazırlıq kimi göründü. Lakin erməni hərbi elitası Paşinyanı hakimiyyətdən kənarlaşdırmaq üçün qəti addımlar atmadı, çünki Moskvadan bunu etməmək haqda siqnal aldılar.  “Mötəbər mənbənin məlumatına görə, Rusiya çox incə, amma israrlı formada Yerevan hərbi rəhbərliyinə çatdırıb ki, hakimiyyəti güc yoluyla dəyişdirməsinlər. Bəs nəyə görə Moskva aşkar qərbyönümlü mövqeyə malik liderə öz kömək əlini uzatdı? Bu yaxınlarda başa çatmış hərbi əməliyyatlar dövründə Putin və Paşinyan məcburən bir-birlərini daha yaxından tanımalı oldular. Hərdən onlar gündə beş-altı dəfə telefonla danışırdılar. Lakin məsələ əlbətdə ki, liderlərin bir-birinə bu təmaslar zamanı yaranan qarşılıqlı simpatiyasında deyil”,-müəllif bildirir.

Bəs o zaman Putin Paşinyana niyə dəstək verir və onu hakimiyyətdə saxlayır? Rusiyalı şərhçi bu suala cavab tapmağa çalışaraq qeyd edir ki, indiki Ermənistan baş naziri “məğlubiyyətin atasıdır”. Onu yaxın gələcəkdə həmin postda əvəz edən hər hansı siyasətçi də faktiki olaraq “məğlubiyyətin atası” olacaq.

“Əgər Ermənistan üçün ekstremal və intihara bənzər ssenarini (revanşı) istisna etsək o zaman ölkənin hazırda manevr imkanı qalmayıb. O, Azərbaycanla ağrılı razılaşma ilə nəzərdə tutulan çox dar dəhlizlə getməyə məcburdur. Bu da Paşinyanın növbədənkənar seçkilərdə şansını artırır. Rusiyanı o qədər də sevməyən siyasətçinin imici Kremlin nəzərlərində onun cəlbediciliyini kəskin artırır. Bu necə ola bilər axı? Məsələ belədir ki, aşkar rusiyameylli siyasətçinin Yerevanda hakimiyyət başında olması Moskvanı Ermənistanın üzləşdiyi milli fəlakətə görə məsuliyyəti bölüşməyə məcbur edəcək. Təbii ki, Moskva belə məsuliyyəti üzərinə götürməyə həvəsli deyil. Onu əvvəlcə Rusiyadan tam məsafə saxlayan, ancaq Ermənistan acınacaqlı vəziyyətlə üzləşəndə yenidən “sıraya qayıdan” Paşinyan tam qane edir”,-qəzet yazır.

Virtualaz.org