Paşinyan Xankəndiyə kimləri göndərir? - Qarabağ separatçıları 2 sentyabra hazırlaşır

Baxış sayı:
357

Qarabağda məskunlaşan ermənilər sentyabrın 2-də separatçıların “müstəqilliyinin” elan edilməsinin 30 illiyilə bağlı "tədbirə" hazırlaşırlar.

Belə ki, separatçılar Ermənistandan yüksək vəzifəli şəxslərin Xankəndiyə gəlməsini təmin etmək üçün canfəşanlıq edirlər.

Bu məsələyə toxunan "Hraparak" qəzeti yazır ki, Ermənistanın yüksək vəzifəli şəxsləri Xankəndiyə getmək istəmir, hazırda buna həvəs göstərmirlər.

Bildirilir ki, 44 günlük müharibədən sonra rəsmi Bakının irəli sürdüyü açıq tələb və xəbərdarlıqlardan sonra Ermənistan rəsmiləri Xankəndiyə səfər etməkdən ehtiyatlanırlar.

Qəzet xatırladır ki, “hələ bu ilin yanvarında Azərbaycan rəhbərliyi Ermənistanın o zamankı xarici işlər naziri Ara Ayvazyanın Xankəndi səfərini qanunsuz adlandıraraq, çox əsəbi reaksiya vermişdi”.

"Hraparak"ın yazdığına görə, keçən həftə İrəvana səfəri zamanı Qarabağdakı separatçıların “parlament sədri” Artur Tovmasyan Ermənistan Milli Məclisində fraksiya rəhbərləri ilə görüşüb və onlara şəxsən dəvətnamə verib. Tovmasyan ermənistanlı deputatları əmin edib ki, “Qarabağ parlamenti”nin “müxalifət və hökumətyönlü üzvləri” Ermənistandan olan həmkarlarının iştirakı ilə heç bir demarş və etiraz aksiyası təşkil etməyəcəkləri barədə razılığa gəliblər.

Qəzet yazır ki, bu vədlərə Nikol Paşinyan və komandası tərəfindən ehtiyatla yanaşılıb və sentyabrın 2-də İrəvandan Xankəndiyə adi bir parlament nümayəndə heyəti gedəcək.

Baş nazir Nikol Paşinyanın özü isə sentyabrın 2-də məzuniyyətdə olacaq. Ermənistan parlamentinin spikeri Alen Simonyan isə həmin gün Vyanaya səfər planlaşdırıb.

"Hraparak"ın yazdığına görə, bunlar olmasaydı belə, Paşinyan və Simonyan Xankəndiyə getməzdi.

Buna baxmayaraq, Qarabağ separatçıların rəhbərliyi Xankəndiyə gələcək Ermənistan parlamentindəki hakim fraksiyanın nümayəndə heyətinə vitse-spiker Ruben Rubinyanın rəhbərlik edəcəyini, “Hayastan” (“Ermənistan”) blokunun isə Armen Rustamyanla təmsil olunacağını gözləyir.

Hələlik yalnız Ermənistan parlamentindəki "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyanın Xankəndiyə səfər edəcəyi təsdiqlənib.