“Ölkədə “5-ci kolon”a qarşı yürüş edildikdən sonra “Gəncə qiyamı”nın aktyorları yenidən aktivləşdi” - ADP SƏDRİ

Baxış sayı:
3154

Müsahibimiz Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə hücumu, iyulun 14-də Bakının ayrı-ayrı yerlərində Azərbaycan Ordusuna dəstək aksiyasının keçirilməsi və sonda təxribatın baş verməsi, siyasi partiyaların əksəriyyətinin milli həmrəylik bəyanatı imzalamaları, o cümlədən digər önəmli məsələlərlə bağlı söhbətləşdik.

“Moskva Azərbaycan iqtidarına mesaj verdi ki, ölkədəki “5-ci kolon”un nümayəndələrini sıxışdıra bilməzsiz, Rusiyanın burdakı təsirinə toxunmayın”

– Sərdar bəy, işğalçı Ermənistan nədən Qarabağ istiqamətində deyil, məhz Tovuz rayonunda, yəni Ermənistan – Azərbaycan sərhədində hərbi təxribata əl atıb?

– Əvvəla, əgər biz ölkədə baş verən hadisələrin adını düzgün müəyyənləşdirməsək, o zaman nə baş verən hadisələri başa düşə, nə də bu barədə doğru mövqe nümayiş etdirə bilərik. Heç bir təxribat olmayıb, ermənilər bir aydan artıqdır ki, açıq şəkildə Azərbaycana hücum edəcəklərini, Bakının da daxil olmaqla, ölkənin iri şəhərlərini vuracaqlarını, iqtisadi strukturları sıradan çıxaracaqları ilə bağlı ardıcıl bəyanatlar verirlər. Hamı bu bəyanatları mətbuatdan oxuyub. Bunun ardınca isə Tovuz hadisələri baş verdi. Qeyd edim ki, bu bir ay ərzində Azərbaycanda “5-ci kolon”un neytrallaşdırılması, onların hakimiyyətdən uzaqlaşdırılması prosesi başladı. Paralel olaraq, Türkiyə ilə Liviya arasında hərbi əməkdaşlığa dair memorandum başlandı. Bundan başqa, qardaş ölkə Qara və Ağ dənizlərində qazma əməliyyatlarına başladı, Suriyada demək olar ki, Rusiyanın maraq dairəsində olan ərazilərdə çox böyük güc əldə etdi. O cümlədən, Ayasofya məbədi yenidən məscidə çevrildi. Bütün bunlar isə Rusiyanı sifətini qoruması üçün müəyyən addım atmağa məcbur edirdi. Təbii ki, Türkiyə ilə üz-üzə gəlmək Rusiya üçün olduqca təhlükəlidir. Çünki Türkiyə NATO-nun üzvüdür və dünyanın ən güclü ordusuna sahibdir. Bu halda, Kreml Türkiyənin daha zəif qardaşına – Azərbaycana bu hücumu Ermənistan vasitəsiylə təşkil etdi. Burada iki mesaj var. Birincisi, Moskva Azərbaycan iqtidarına mesaj verdi ki, ölkədəki “5-ci kolon”un nümayəndələrini sıxışdıra bilməzsiz, Rusiyanın burdakı təsirinə toxunmayın. İkincisi, Türkiyəyə mesaj verdi ki, əgər sən başqa regionda maraqlarımı tapdasan, mən də sənin Qafqazdakı maraqlarını tapdayaram. Tovuz hadisəsinin mahiyyəti bundan ibarətdir. Niyə məhz Tovuz? Çünki işğal olunmuş ərazilərdən hücum olsaydı, onda bu, əvvəlki kimi Azərbaycan və dünya ictimaiyyətinin adət etdiyi çaxnaşma olacaqdı. Lakin Dağlıq Qarabağa aidiyyatı olmayan, işğal olunmamış bir ərazidə belə bir hadisənin baş verməsi Ermənistanın Azərbaycan ərazilərini açıq-aşkar şəkildə işğal etmək cəhdindən xəbər verir. Yəni bu yolla Rusiya Ermənistan vasitəsiylə Azərbaycana mesaj verir ki, sənin istədiyim ərazini tuta bilərəm. Bunu başqa cür izah etmək mümkün deyil. Çünki buna qədər atəşkəs rejiminin pozulması Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş zonalarda olub. İlk dəfə idi ki, işğal olunmamış əraziyə bu cür iriçaplı artilleriyadan hücum təşkil olundu. Məhz bu faktın özü Ermənistanın işğalçı, aqressiv ölkə olduğunu bir daha sübut etdi. Düşünürəm ki, hadisələri bu cür qiymətləndirmək və baş verənlər təxribat yox, Ermənistanın Azərbaycana müharibə elan etməsi kimi qəbul edilməlidir. Odur ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün müharibəyə başlamalıdır. Çünki artıq Ermənistanın bu hərəkəti göstərir ki, o, Dağlıq Qarabağ problemini dinc yolla həll etmək, eyni zamanda Azərbaycanla dinc yanaşı yaşamaq istəmir. Yəni bizimlə müharibə istəyir. Ona görə də Azərbaycan Ermənistanla sərhədlərini bərkitməli, torpaqlarını müharibə yolu ilə işğaldan azad etməlidir.

“Bu, rusların növbəti oyunu, öncədən hazırlanmış ssenari əsasında həyata keçirilən planıdır”

– Artıq həm rəsmi qurumlar, həm də politoloqlar bəyan ediblər ki, Ermənistanın məqsədi sərhəddə gərginlik yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək idi. Sizcə, hadisələr lokal müharibəyə doğru gedərsə, KTMT Ermənistanın yanında yer ala bilərmi?

– Ola bilməz. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Türk Birliyinin iki dövləti – Qazaxıstan və Qırğızıstan var. Odur ki, bu, heç cür mümkün deyil. İkincisi, Rusiya bu məsələni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müzazirə etsəydi, onda Ermənistanı dəstəkləməyə məcbur idi. Ona görə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə görə, üzv ölkələrin sərhədinə təcavüz olarsa, digər ölkələr ona dəstək verməlidir. Lakin KTMT üzvləri Azərbaycana hücum edə bilməzlər. Çünki bu, dünya müharibəsi deməkdir. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana dəstək verməməklə, bu hadisənin arxasında Rusiyanın durmadığını sübut etmək istəyirlər. Odur ki, bu, rusların növbəti oyunu, öncədən hazırlanmış ssenari əsasında həyata keçirilən planıdır. Bildiyimiz kimi, Ermənistanla Rusiya arasında hərbi ittifaq var. Bu ittifaqa görə, Ermənistan sərhədləri həm Rusiya, həm də erməni qüvvələri tərəfindən qorunur. İndi Ermənistan sərhədindən bizə atəş açırlar. Kim deyə bilər ki, burda Rusiyanın əli yoxdur! Bundan başqa, Ermənistanla Rusiya arasındakı hərbi müqaviləyə görə, hərbi əməliyyatlara Rusiya komandanları rəhbərlik edir. Ermənistan sərhədindən bizə hücum olunursa, təbii ki, bu işə rəhbərlik edən ruslardır. Həm ölkəmizdə, həm də Türkiyədə gedən proseslər sübut edir ki, Tovuz istiqamətində edilən hücumun sifarişçisi Rusiya, icraçısı isə Ermənistandır. Ona görə də biz bu məsələni adıyla deməliyik. Yəni açıq şəkildə demək lazımdır ki, Ermənistanın arxasında Rusiya dayanır. Buna görə də Rusiyanı beynəlxalq ictimaiyyətdə ifşa etməli, bildirməliyik ki, keçmiş SSRİ məkanında bütün münaqişələri yaradan məhz Kremldir. Baxın, Rusiya Ukrayna ilə müharibə aparır, Gürcüstanın ərazilərini işğal edib. Azərbaycan torpaqlarını işğal yolu ilə Ermənistana verən də Rusiyadır. Odur ki, Rusiyanın aqressiv dövlət olduğunu bütün dünyaya car çəkməliyik.

“İlk öncə “Azadlıq” meydanına getdim, orda gördüm ki, həm polis, həm də müəyyən qüvvələr xalqı piyada “Şəhidlər” Xiyabanına doğru yürüşə istiqamətləndirir”

– Bildiyiniz kimi, iyulun 14-də paytaxtın müxtəlif küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Lakin aksiyanın sonuna yaxın bir qrup şəxs Milli Məclisin binasına hücum edib, şüşələri sındırararaq qanunverici orqana daxil olub. Siczə, hadisələr nədən bu cür cərəyan etdi?

– Əslində, bu, belə də gözlənilirdi. Mən də orda iştirak etmişəm. İlk öncə “Azadlıq” meydanına getdim, orda gördüm ki, həm polis, həm də müəyyən qüvvələr xalqı piyada “Şəhidlər” Xiyabanına doğru yürüşə istiqamətləndirirdi. Çünki bütün yollar bağlanmışdı, ancaq xiyaban istiqamətinə yol açıq idi. Onda dərhal ağlıma gəldi ki, burda müəyyən təxribat xarakterli hadisə baş verə bilər. Ona görə ki, həmin marşrutda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Milli Məclis var. Onda təəccübləndim ki, niyə hökumət xalqı “Azadlıq” meydanında saxlamaq, orada mitinq təşkil etmələrinə şərait yaratmaq əvəzinə, camaatı ora istiqamətləndirdi? Beləcə, camaatla bərabər ora getdim, gecə saat 12-dən etibarən hardasa 1-2 saat ərazidə oldum. Deməli, on minlərə adam “Füzuli” meydanından bir neçə marşrutla “Elmlər Akademiyası”, “Salyanski kazarma” və “Azadlıq” meydanı tərəfdən “Şəhidlər” Xiyabanına doğru yürüşə başladı. Təsəvvür edin ki, mən oranı tərk edəndə minlərlə adam hələ təzə gəlirdi. Yəni olduqca böyük izdiham vardı. Əvvəlcə “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağa azadlıq!”, “Azərbaycan əsgəri irəli” kimi şüarlar səsləndirilirdi. Amma kütlə psixologiyasına bələd olan insanlar bilir ki, kütlə bir yerdə uzun müddət qalarsa, ona bir lider istiqamət verməsə, onun qabağına kimsə çıxmasa, o zaman mütləq kütləvi destruktivlik başlayacaq. Zatən, kütlə psixologiyası destruktiv psixologiyadır. Onda çox narahat oldum. Ətrafımdakı yoldaşlara dedim ki, imkan olsaydı mikrofon vasitəsiylə çıxıb camaata müraciət edərdik, onları bir qədər sakitləşdirərdik və bundan sonra insanları dağılışmağa səsləyərdik. Təsəvvür edin ki, ora dövlət hakimiyyətindən bir nəfər gəlmədi. Halbuki, hökumət müxalifət liderləri ilə birlikdə bunu təşkil etməli idi. Çünki Qarabağ ümummilli məsələdir. Bu məsələdə hamı həmrəylik nümayiş etdirməlidir. Bu halda kütləyə müraciət olunmalı, xalqın ordunun arxasında durduğu elan olunmalı, milli birlik şüarları səsləndirilməli və bundan sonra insanlar da sakitləşib evlərinə getməliydilər. Lakin bunu heç kəs etmədi. Qeyd edim ki, mən orda olarkən, yaxınlıqdakı bir qrup Milli Məclisi tutmağın, Müdafiə Nazirliyinə daxil olmağın, Prezident Administrasiyasını tutmağın lazım olduğunu bildirirdi. Onda yanımdakı yoldaşlara dedim ki, burda kifayət qədər təxribatçılar var və onlar fəaliyyətə başlayıblar. Mən oranı tərk etdikdən sonra, hardasa saat 3 radələrində mətbuatdan öyrəndim ki, həmin təxribatçı qruplar Milli Məclisə daxil olublar. Bu hadisə onu göstərdi ki, Azərbaycan hakimiyyəti kütləni idarə etməyə, xalqın qabağına çıxmağa hazır deyil. Bu, çox böyük qüsurdur. Ölkə müharibə vəziyyətindədir, xalq həyəcanlanıb, birinci növbədə dövlətin başçısı, Milli Məclisin sədri ora gəlməli idi. Yaxud, onlar gələ bilmirsə, onda ən azından millət vəkilləri və digər yetkili şəxslər gəlməli idi. Lakin deputatlar belə, gəlib orda xalqın qarşısında çıxış etmədilər. Odur ki, baş verən hadisə kütlənin uzun müddət orda qalması və heç kimin onlara liderlik etməməsinin nəticəsi idi. Elmi şəkildə də sübut olunub ki, bu cür kütlələr mütləq destruktivliyə başlamalıdır.

“Dövlət Təhlükəsizlik Xidməti bu işi araşdırmalı, bu məsələdə rolu olanlar müəyyənləşdirilib qanunamüvafiq formada cəzalandırılmalıdır”

– Hadisələrin bu cür sonlanmasında “5-ci kolon”un məqsədi nə ola bilər?

– Azərbaycanda “5-ci kolon”un hakimiyyətdən təmizlənməsindən sonra onlar cavab olaraq iki hadisə törədə bilərdilər. Birincisi, Ermənistan sərhədə hücum edə bilərdi ki, buna da etdi. İkincisi isə Azərbaycanda ixtişaş törədə bilərdilər. Gördüyümüz kimi, iyulun 14-də buna cəhd etdilər. Hətta ola bilsin ki, yaxın vaxtlarda bir sıra rayonlarımızda da kiçikçaplı ixtişaşlar törətməyə cəhd edilsin. Baxın, Azərbaycanda “5-ci kolon”a qarşı yürüş edildikdən sonra “Gəncə qiyamı”nın aktyorları yenidən aktivləşdi. Belə ki, birdən-birə Surət Hüseynov çıxıb qiyamla və digər məsələlərlə bağlı çıxış etdi. Əslində, bu, Rusiyanın İlham Əliyevə mesajıdır ki, o zaman Elçibəyi necə yıxdıqsa, bu gün eyni ssenarini sənin üçün də qurarıq. Sonra fürsət yarandığını deyən Rəhim Qazıyevin çağırışı işə düşdü. Buradan da görünür ki, “Gəncə qiyamı”nın iştirakçıları artıq aşkar şəkildə fəallaşmağa başlayıb. Bunun ardınca isə ermənilər hücum etdi. Eynilə Elçibəyin hakimiyyətdən devrildiyi kimi hadisələr ard-arda gəldi və sonra Bakıda ixtişaşlar etməyə cəhd edildi. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işi araşdırmalı, bu məsələdə rolu olanlar müəyyənləşdirilib qanunamüvafiq formada cəzalandırılmalıdır.

“General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digərlərinin həlak olmasında qərargahda olan casusların əlinin olub-olmadığı aydınlaşdırılmalıdır”

– Son məlumatlara görə, ordumuz Tovuz istiqamətində gedən döyüşlərdə 11 şəhid verib. Onların arasında general-mayor və polkovnik rütbəli yüksəkçinli zabitlərimiz də var. Bu barədə nə düşünürsünüz?

– Təbii ki, hər bir şəhid Azərbayxan xalqı üçün əzizdir. Lakin general və polkovnik itkisi heç də hər zaman təsadüf edilməyən hadisədir. Tovuz istiqamətində gedən döyüşlərdə verdiyimiz itiklər, daha dəqiq desəm, generalın şəhid olması dünya müharibəsində çox az rastlaşılan itkidir. Bütün dünyada belədir ki, yüksək rütbəli hərbçilərin cəbhəyə gedişini, onun marşrutu ilə bağlı məlumatları yalnız qərargah bilə bilər. Ermənilər həmin vaxt general-mayor, polkovnik və mayorlarımız orda olarkən hücum edib, onları şəhid ediblər. Deməli, onların saat neçədə harda olacaqları ilə bağlı düşmənin dəqiq məlumatı olub. Mənim qardaşım oğlunu da bu cür şəhid ediblər. Belə ki, o, səngərdə 8 əsgərlə oturduğu zaman bir nəfər onların yanına gəlib və deyib ki, mən gedirəm siqaret çəkməyə. Təxminən, 15 dəqiqədən sonra qardaşım olduğunun olduğu yer vurulub və ordakıların hamısı şəhid olub. Biz bu barədə Hərbi Prokurorluğa da müraciət etmişik və həmin adamın dindirilməsini tələb etmişik. Lakin buna baxmayaraq, onun barəsində heç bir tədbir görülmədi. İndi də general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digərlərinin həlak olmasında qərargahda olan casusların əlinin olub-olmadığı aydınlaşdırılmalıdır. Hər kəsə bəllidir ki, Azərbaycan cəmiyyətində Baş Qərargah rəisi Nəcməddin Sadıkovun Rusiyanın adamı olması, ölkəmizin demək olar ki, bütün məğlubiyyətlərinin onun adıyla bağlı olmasına dair fikir var. Odur ki, general-mayorun və digər zabitlərin şəhid edilməsinə xüsusi diqqət yetirilməli və bu məsələ araşdırılmalıdır. Çünki döyüş zamanı generalın öldürülməsi heç də adət olunmuş hadisə deyil. Odur ki, bu barəyə mütləq aydınlıq gətirilməlidir.

Söhbətləşdi: Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org