"O minalar son günlərdə basdırılıb" - Kəlbəcərli jurnalist danışdı

Baxış sayı:
227

"Özüm Kəlbəcər rayonundanam. Həmin baş verən ərazini - Susuzluq kəndini yaxşı tanıyıram. Bu minalar keçmişdə deyil, son günlərdə, bəlkə də elə dünən basdırılıb. Çünki həmin yol nəqliyyat vasitələrinin hər gün keçid etdiyi, gündəlik işləyən yollardır. Əsgərlərimiz həmin yoldan mütəmadi olaraq istifadə edirlər".

Bunu Publika.az-a açıqlamasında jurnalist, "Türküstan" Media Qrupunun rəhbəri Aqil Camal deyib. Aqil Camal bildirib ki, ermənilər son bir neçə gün ərzində Kəlbəcər istiqamətində fəallaşıblar: "Kəlbəcər ərazisində təxribat fəaliyyətlərini genişləndiriblər. Bu baxımdan məsələyə başqa cür yanaşmaq lazımdır. Ermənilərdən minalanmış ərazilərin xəritələrini istəyəndə deyirlər ki, minalanarkən ərazilərin xəritəsi tutulmayıb. Həlak olanlar da müharibədən sonrakı dövrün faciələridir. Biz bu gün baş verənlərə həm özümüzün, həm də dünya ictimaiyyətinin diqqətini yönəltməliyik. Yəni, Ermənistan bu gün də bölgədə terrorçu fəaliyyətlə məşğuldur".

Aqil Camalın sözlərinə görə 2 jurnalistimizin şəhid olması hadisəsindən öncə də ermənilər Kəlbəcərdə təxribat törədiblər:

"Son bir həftə ərzində bu ikinci hadisədir. Bir neçə gün əvvəl də hərbi maşınımız minaya düşərək partlamışdı. Bu onu götərir ki, ermənilər müəyyən hava şəraitindən istifadə edərək bir sıra keçid yollarında minalar basdırırlar. Oranı yaxşı tanıyan və 30 il ərzində orada yaşayan ermənilər var. Ermənilər bu addımla gələcəkdəki məskunlaşma ilə bağlı psixoloji basqılar edirlər. Eyni zamanda, müharibədəki uğursuzluqlarının revanşını bu yolla almağa çalışırlar. Həm də erməni cəmiyyətinə seçki öncəsi "stimul" vermək üçün bu cür ürəkbulandıran, cılız hərəkətlərə yol verirlər. Bu da həmkarlarımızın qanı bahasına başa gəlir. Bu hadisə bir neçə gün əvvəl Azərbaycandan tutulmuş hərbi təxribatçıların buraxılmasını tələb edənlərə ən böyük dəlildir".

Qeyd edək ki, bu gün səhər saatlarında AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və AZTV-ni təmsil edən Sirac Abuşov Kəlbəcərin Susuzluq kəndi istiqamətində ermənilərin basdırdığı minaya düşərək şəhid olublar.