ADP fəalı Zaur Əliyev azadlığa buraxıldı

25 oktyabr 2016-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında keçirilən aksiyada aktiv iştirak etdiyinə və hakimiyyət əleyhinə radikal şüarlar səsləndirdiyinə görə zorakılığa məruz qalan və saxlanılaraq naməlum istiqamətə aparılan ADP-çi Zaur Əliyev azadlığa buraxılıb.
Qeyd edək ki, Zaur Əliyev ADP-nin fəal gənc üzvlərindəndir. Onun saytımıza verdiyi məlumata görə o, 2 gün tanımadığı yerdə saxlanılaraq işgəncələrə və qeyri-insani rəftara məruz qalıb. Saxlanıldığı müddətdə ondan mitinqlərə qatılmamaq, siyasi fəaliyyətini dayandırmaq və insanlar arasında dövlət orqanlarını nüfuzuna xələl gətirən təbliğat aparmamağı tələb edilib.
Z.Əliyev bildirib ki, ona qarşı sərt və kobud ifadələr işlədilib, iki gün soyuq, pəncərələri şüşəsiz, istilik sistemi işləməyən, yataq şəraiti pis olan otaqda saxlayıblar.
Qeyd edək ki, baş verən hadisə hakimiyyət orqanlarının Zaur Əliyevə göstərdiyi növbəti haqsızlıqdır. O, bundan qabaq da siyasi fəaliyyətinə və müxalifətin təşkil etdiyi mitinqlərdə aktiv iştirak etdiyinə görə dəfələrlə müxtəlif polis bölmələrinə və idarələrinə aparılaraq təqib, təzyiq, işgəncə və qeyri-insani rəftara məruz qalmış, dəfələrlə inzibati qaydada həbs olunmuşdur.
Məlumdur ki, Zaur Əliyevin bu cür qanunsuzluqlarla üzləşməsi onun ADP-çi olaraq fəal siyasi mübarizəsi və müxalifətin təşkil etdiyi kütləvi aksiyalarda aktiv iştirakı, həmin aksiyalara insanları cəlb etməsidir. Şübhəzis, Zaur Əliyev kimi müxalifətçi gənclərin fəallığı hakimiyyət orqanlarını narahat etdiyindən bu insanlara qarşı daim təqib kampaniyası davam etdirilir.