Maduro dözdü, Morales qaçdı - Boliviyanı nə gözləyir?

Baxış sayı:
235

Venesueladan sonra qarışan növbəti Latın Amerikası ölkəsində sabiq solçu prezident istefa verərək Meksikaya sığındı; Həmid Herisçi: “ABŞ Yaxın Şərqdə solçularla işləsə də, Latın Amerikasında əməkdaşlığı alınmır”

Venesueladan sonra qarışan növbəti Latın Amerikası ölkəsi Boliviya oldu. Birincidən fərqli olaraq, burada prezident tab gətirə bilmədi.

Sosialist Nikolas Maduro Venesuelada hakimiyyətini qoruyub saxlasa da, Boliviyanın sabiq solçu prezidenti Evo Morales artıq Meksikaya yola düşüb, orada sığınacaq alıb.

Xarici işlər naziri Marselo Erbrad Moralesin Meksikanın hava qüvvələri təyyarəsinin içində əlində Meksika bayrağını tutduğu şəklini paylaşıb.

Morales ötən ay prezident seçkisi səbəbilə keçirilən kütləvi etirazlar nəticəsində vəzifəsindən istefa verəndən bir neçə saat sonra Meksikaya sığınacaq üçün müraciət etmişdi.

“Bizim həyatımızı qorumaq üçün bizə sığınacaq verən qardaşlarımıza ürəyiaçıqlığına görə minnətdaram. Ölkəni siyasi səbəblərə görə tərk etmək mənim üçün ağırdır, amma mən həmişə narahat olacam. Mən yaxınlarda daha çox güc və enerji ilə geri gələcəm” - deyə Morales bildirib.

Morales ordunun səlahiyyətli nümayəndələrindən birinin ona dövlət başçısını təslim edənə görə 50 min dollar mükafat veriləcəyini söylədiyini qeyd edib: “Təəssüf ki, bəzi polislər də çevrilişdə iştirak etdi. Sukre və Potosi merləri istefa verməyə məcbur oldular. Onlar qorxduqları üçün deyil, ailələri ilə təhdid edildiklərinə görə istefa verdilər. Biz artıq qan tökülməsin, qarşıdurma olmasın deyə istefa verdik.

morales ile ilgili görsel sonucu

Siyasətdən ayrılmayacam, yaşadığım müddət ərzində mübarizəmi davam etdirəcəyəm. Əminik ki, bütün dünya xalqlarının azad olmaq hüququ var.

Zülmü, marginallaşmanı və alçaldılmağı bitirdiyimizə inanırdıq, ancaq həyat və vətənə hörmət etməyən bir qrup meydana çıxdı".

Birləşmiş Ştatlar hökuməti Moralesin istefasını alqışlayır və Meksika da daxil olmaqla, bir neçə ölkənin onun çevriliş yolu ilə devrildiyinə dair iddialarını rədd edir.

ABŞ prezidenti Donald Tramp yaydığı bəyanatda Moralesin gedişini “Qərb yarımkürəsində demokratiya üçün mühüm bir an” adlandırıb.

Hakimiyyətdə təxminən 14 il qalan Moralesin gedişi demokratiyanın qorunub saxlanmasına və Boliviya xalqının səsinin eşidilməsinə yol açır.

Ağ Evin bəyanatında həmçinin bildirilib ki, Boliviyadakı hadisələr Venesuela və Nikaraquadakı qanunsuz rejimlərə demokratiya və xalqın istəyinin hər zaman üstün gələcəyinə dair mesaj göndərir.

Morales hökumətinin istefa verən bəzi nazirləri və yüksək vəzifəli rəsmiləri də Meksika səfirinin iqamətgahında sığınacaq axtarır.

Boliviyadakı son seçkilərdə Evo Morales 47, 1 faiz, müxalif rəqibi Karlos Mesa isə 35, 5 faiz səs toplamışdı.

Etirazçılar isə seçkinin saxtalaşdırıldığını iddia edərək küçələrə töküldülər. Morales twitter-də son paylaşımında Kokabamba əyalətində bir vətəndaş tərəfindən onun təhlükəsizliyinə şərait yaratdığı üçün təşəkkür yazmışdı.

Fotodan görünürdü ki, sabiq prezident yerə sərilmiş odyalın üstündə uzanıb, əlində telefonla sosial medianı izləyir.

Onun ölkədən gedişindən sonra indi Boliviyada siyasi böhran hökm sürməkdədir. Nümayişlər davam edir, itaətsizlikdir, yerinə kimin gələcəyi bilinmir. Hələlik konqres onun istefasını qəbul edərək rəsmiləşdirməlidir.

Həmid Herisçinin ile ilgili görsel sonucu

Yazıçı-konspiroloq, sol fikirli jurnalist Həmid Herisçinin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ Yaxın Şərqdə solçularla işləsə də, Latın Amerikasında onun bu ideologiya siyasətçiləri ilə əməkdaşlığı alınmır: “Məsələn, Suriyada kürd silahlıları ifrat solçudurlar və Amerika onlarla sıx əməkdaşlıq edir, silah və pul verir. Yəni öz maraqları gələndə sol qüvvələrdən istifadə edirlər. Almaniyada 70-ci illərdə ”Qırmızı briqada" (radikal sol təşkilat - E.S) varıydı, sonradan məlum oldu ki, Mərkəzi Kəşfiyyat İdarəsi içəri sızıb, öz adamları ilə doludur, Amerikanın təlimatlarını yerinə yetirirlər.

Vaşinqton ona zidd qüvvələri öz xeyrinə istifadə etməyə Avropada, xüsusən İtaliyada başlayıb. Əgər sən özünə mənfi olanı müsbətə çevirə bildinsə, siyasətdə başarılı olacaqsan".

H.Herisçi ABŞ-ın “Yalançı bayraq” əməliyyatı olduğunu qeyd etdi: “Bu əməliyyat sol təşkilatları sağa xidmət etdirməkdir. Bunun başında Mayk Leydin adlı analitik dayanır.

Necə ki, İŞİD islamçı təşkilatdı, Əfqanıstanda mücahidlər özlərini islamçı hesab edir, Amerika onlardan istifadə edir.

Amma ABŞ Latın Amerikasında solçularla əməkdaşlıqdan çəkinir. Çünki bu coğrafiyada manipulyasiya azdır. Burada maliyyə yox, ideologiya hakimdir. Latın Amerikasında demokratiya olsa, bütün iqtidarlar solçular olar. Çünki Meksika, Kolumbiya, Çili və s. ölkələrdə ərazilər ya partizanların, ya da narkobaronların nəzarətindədir. Məsələn, Kolumbiyada solçu FAK təşkilatı var, bu silahlı qruplaşma ölkə idarəçiliyində yer alır.

Ümumiyyətlə, bu regionun ruhu soldur, Bolivar inqilabının ənənələri var. Simon Bolivar oranın Bonapartıdır".//musavat