“LUKAŞENKO BELARUSU TƏRK ETMƏLİ OLACAQ...” - Rusiya siyasi elitasından Minskdə baş verənlərə fərqli münasibət

Baxış sayı:
2460

Prezident seçkisindən sonra Belarusda baş verənlər bütün dünyanın gündəm mövzusu olsa da, bu hadisələrin ən çox müzakirə olunduğu ölkə Rusiyadır. Muxalifet.az azpolitika.info-ya istinadən xəbər verir ki, Rusiyanın aparıcı siyasi qüvvələrinin təmsilçiləri mətbuata açıqlamaları və sosial şəbəkələrdəki paylaşımlarında Minskdə baş verənlərlə bağlı fərqli mövqe sərgiləməkdədirlər.

Məsələ ondadır ki, ümumilikdə Rusiya siyasi elitasında hələ də Belarusdakı durumla bağlı birmənalı mövqe formalaşmayıb. Şərhçilər bunu Rusiya prezidenti Vladimir Putinin seçkidən sonra Aleksandr Lukaşenkonu təbrik etsə də, hələlik hansısa digər qəti mövqe açıqlamaması və siyasi elitaya bununla bağlı konkret təlimatlar verilməməsiləəlaqələndirirlər.

 

 

Belarusda baş verənlərlə bağlı ən sərt və birmənalı mövqe LDPR sədri Vladimir Jirinovski tərəfindən sərgilənməkdədir. Belə ki, Jirinovski Minskdəki durumu “rejimin aqoniyası” adlandırıb. 

Həmçinin qeyd edib ki, bu gedişlə Lukaşenko yaxın müddətdə hakimiyyəti və Belarusu tərk etməli olacaq: “Lukaşenko ya bu il, ya gələn il Belarusu tərk etməyə məcbur olacaq...”

Hər zaman Kremlin mövqeyi ətrafında “quyruq bulayan” və hakim rejimin məqsədlərinə xidmət edən Jirinovskinin bu mövqeyinin təsadüfi və şəxsi düşüncəsinin məhsulu olmadığı bildirilir. Qeyd olunur ki, Jirinovskinin mövqeyi Kremlin Belarusla bağlı ikibaşlı oyununun göstəricisi də hesab oluna bilər.

Ancaq Jirinovskidən fərqli olaraq, kommunistlərin lideri Qennadiy Zyuqanov birmənalı şəkildə Lukaşenkonun hərəkətlərinə haqq qazandırıb və onun qələbəsinin şəksiz olduğunu bildirib. Etiraz aksiyalarına qoşulanların isə Qərbdən dəstəklənən və millətçilik elementləri üzərində köklənən qüvvələr olduğunu söyləyib.

 

 

Onun bu mövqeyini Rusiya Kommunist partiyasından olan deputatların əksəriyyəti bölüşməkdədir. Məsələn, Dumanın Kommunist Partiyasından olan deputatı, MDB məsələlərilə bağlı komitəsinin sədri Leonid Kalaşnikov etiraz aksiyalarının dağıdılmasını dəstəklədiyini bildirib.

O, MSK-nın açıqladığı nəticələrəəsaslanaraq, Belarusda hakimiyyətin çoxluğun mövqeyindən çıxış etməli olduğunu və sərt davranmasının gərəkdiyini söyləyib. Komitə sədri zəiflik göstəriləcəyi təqdirdə “yeni Myadan yaranacağını” və bu prosesin bir neçə ay sürəcəyini qeyd edib.

Kommunist Partiyasından başqa bir deputat – Vera Qanza da Lukaşenkonu dəstəkləyərək, onun qələbəsinin şübhə doğurmadığını bildirib və onu təbrik edib. Tanınmış deputatlardan olan Yelena Şuvalova da Lukaşenkonun müdafiəsinə qalxanlardandır. 

Onun fikrincə, istənilən seçkidə 10 faizdən artıq saxtakarlıq etmək mümkün deyil və bu məntiqlə Lukaşenko əhalinin böyük əksəriyyətinin dəstəyini qazanıb. Aksiyaları ciddi hesab etmədiyini deyən deputat onlara qoşulan gənclərin isə Qərbin uydurma nağıllarına aldandığını söyləyib. Xanım deputatın bu mövqeyi sosial şəbəkə istifadəçiləri, xüsusilə də Belarusdakı istifadəçilər tərəfindən böyük hiddətlə qarşılanıb.

 

 

Lakin kommunistlərin içində Lukaşenkonun mövqeyilə razılaşmayanlar da var. Moskva Dumasının kommunist deputatı Yevqeniy Stupin Minskdəki aksiyaları dəstəklədiyini söyləyib. O, bildirib ki, yaxın perspektivdə Lukaşenko Belarus siyasətində olmayacaq.

Mraqlıdır ki, hakim “Vahid Rusiya” Partiyasında da Belarusda baş verənlərlə bağlı vahid mövqe yoxdur. 

Məsələn, deputat Konstantin Zatulin Minskdəki hadisələri biabırçılıq adlandırıb və Lukaşenkonun heç də Rusiyanın yaxşı tərəfdaşı olmadığını bildirib.

Rusiyada tanınmış politoloqlardan olan Dmitri Oreşkin isə ölkənin siyasi elitasının Belarusla bağlı birmənalı mövqeyinin olmamasını Kremldən hələlik konkret göstəriş verilməməsiləəlaqələndirib: “Putin bütün əvvəlki incikliklərə tüpürəcək və o, bu məsələ ilə bağlı konkret mövqe formalaşdırandan sonra digərləri də onun ardınca düzüləcəklər. Fikrimcə, bu mövqe belə olacaq: “Lukaşenko qalib gəlib və xarici agentlərin ölkənin stabilliyini məhv etməsinə imkan verməyib”. Bundan sonra bütün münasibətlər də məhz bu mövqe üzərindən formalaşdırılacaq.

 

 

Bu arada isə Minskdə və Belarusun digər ayrı-ayrı şəhərlərində etiraz aksiyaları müxtəlif formalarda davam etdirilməkdədir. Həmçinin, Rusiyada da mitinqçilərə dəstək verənlər az deyil. Hətta Xabarovskda davam edən məlum aksiyalarda Belarus bayrağının qaldırıldığı və Minskdəki etirazçılara dəstək şüarları səsləndirildiyi bildirilir. 

Siyasi şərhçilərin böyük əksəriyyəti isə Belarusun gələcək taleyinin Rusiyanın mövqeyindən xeyli dərəcədə asılı olduğunu qeyd edirlər. Həmin mövqe isə belə görünür ki, hələlik Lukaşenkonun xeyrinə işləməkdədir.