Lerikdə biri əsgər olmaqla üç uşağın anasını qətlə yetirən kəndin mollasıdır - DİN ADAMI PİS NİYYƏTLƏ QADININ EVİNƏ SOXULUB VƏ...

Baxış sayı:
285

Lerikdə üç uşaq anasını amansızcasına qətlə yetirən Murad Əsgərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi din xadimi deyil. QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Qəni Axundzadə belə deyib. O qeyd edib ki, həmin şəxsin din xadimi olması ilə bağlı heç bir rəsmiləşmə olmayıb: “Hər mollalıq edən şəxs din xadimi sayılmır”.

***

Lerik rayonunun Barzavu kəndində aprelin 28-də gecə baş vermiş qətlin üstü açılıb. Məlum olub ki, 1981-ci ildə anadan olmuş kənd sakini, 3 uşaq anası, övladlarından biri hazırda orduda xidmət edən, İkinci Qarabağ müharibəsində döyüşən Zəkifə Feyruz qızı Fərziyevanın boğazını kəsərək onu xüsusi amansızlıqla qətlə yetirən elə həmin kəndin mollasıdır.

Kənd sakinlərinin  modern.az-a verdiyi məlumata görə,  Murad Əsgərov adlı həmin molla Lerikin tanınmış din xadimlərindən hesab olunur və öldürdüyü qadının qonşusudur.  Molla Murad Əsgərov qonşuluqda yaşayan Z.Fərziyevanın evdə tək olduğunu bilərək gizli şəkildə onun evinə soxulub və qadına qarşı əxlaqsız hərəkətlər etməyə başlayıb. Z.Fərziyeva müqavimət göstərərək qışqırmağa başlayıb və "evə oğru girib" deyərək qonşularını köməyə çağırıb. Qadının qışqırdığını görən M.Əsgərov cibində gəzdirdiyi bıçaqla Z.Fərziyevanın boğazını kəsərək, onu amansızlıqla qətlə yetirib. 

Kənd sakinləri bildirib ki, M.Əsgərov ötən gün polis tərəfindən saxlanılıb. Faktla bağlı Lerik rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Z.Fərziyevanın həyat yoldaşı Rusiyaya işləməyə gedib, bir oğlu isə Vətən Müharibəsinin iştirakçısıdır və hazırda Şuşada hərbi xidmətddədir.