KOMİTƏ SƏDRİ MƏHKƏMƏDƏ İFADƏ VERDİ - Rövşən Əkbərov Nazim İbrahimovu təhqir etdi

Baxış sayı:
505

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Məzahir Şıxəliyevin qardaşı Rafiq Hüseynov və şahidlər ifadə verib.

Məhkəmədə ifadə verən Rafiq Şıxəliyev təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımadığını deyib. R. Şıxəliyev 2001-ci il iyunun 1-də hadisənin baş verməsi barədə qohumlarının zəng edərək məlumat verdiyini deyib: "İyunun 1-də gecə evə zəng edib dedilər ki, qardaşım vurulub, onunla birlikdə olan Elçin isə qətlə yetirilib. Hadisə barədə məlumat alan kimi, Elçin Əliyevin ailəsinin evinə getdik. Orada öyrəndik ki, Məzahir polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən bir gün sonra bildik ki, Elçini Rövşən Əkbərov qətlə yetirib.

Məzahir mənə zəng edib Rövşən Əkbərovun şəklini tapıb göndərməyimi istədi. Rövşən Əkbərovun şəkli olan qəzeti göndərdikdən sonra Elçin Əliyevi onun qətlə yetirdiyini dedi. Amma hadisə barədə geniş danışmadı. Üstündən illər keçəndən sonra Məzahir hadisənin mübahisə zəminində baş verdiyini söylədi”.

Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi istintaqa verdiyi ifadəni təsdiq edib.

Daha sonra Rövşən Əkbərovun vəkilləri hüquqi varisin istintaqda verdiyi ifadə ilə hazırkı ifadənin ziddiyyət təşkil etdiyini əsas gətirərək əvvəlki ifadənin elan olunması barədə vəsatət veriblər.

Hakimlər vəsatəti rədd ediblər.

Prosesin davamında Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov şahid qismində ifadə verib.

Nazim İbrahimov ifadəsində təqsirləndirilən şəxsi hadisə baş verən günə qədər yalnız general və milli qəhrəman kimi tanıdığını bildirib.

N. İbrahimov hadisə zamanı qətlə yetirilən Elçin Əliyevi isə 1994-cü ildən tanıdığını, onun meyidinin Bakıya gətirilməsində iştirak etdiyini deyib:"1994-cü ildə Ukraynada biznes fəaliyyəti ilə məşğul idim. Elçini də həmin vaxt tanımışam. 1996-cı ildə Bakıya gəldim, 1997-ci ilin mart ayında Ukraynaya səfir təyin edildim. Səfir olandan sonra biznes fəaliyyətimi dayandırdım. Elçin Əliyevin obyektlərinin yanında mənim ofisim vardı. Hətta Bakıdan mənə xidməti avtomobil göndərilənə qədər onun avtomobilindən istifadə etmişəm.

1999-cu ilə qədər Ukraynada səfir kimi fəaliyyət göstərdim. 2000-ci ilin yanvar ayında Bakıya qayıtdım. Sonradan Milli Məclisə deputat seçildim.

Həmin ilin iyun ayının 1-də mənə zəng edib dedilər ki, Elçin Əliyev qətlə yetirilib. Dərhal ailəsinin yanına getdim. Orada hər kəs Elçini Rövşən Əkbərovun qətlə yetirdiyini deyirdi.

Ailəsi ilə razılığa gəldik, mən və mərhumun biznes ortağı Səməd Novruzov meyidi gətirmək üçün Ukraynaya getdik. Kiyevə çatandan sonra ilk olaraq morqa getdim. Meyidin sinəsində bıçaq xəsarəti olduğunu gördüm. Bundan sonra polisə getdim və rəislə danışdım. Həmin vaxt Məzahir Şıxəliyevlə birlikdə iki nəfər azərbaycanlı da saxlanılmışdı. Rəisdən həmin şəxsləri azad etmələrini istədim”.

Nazim İbrahimov ifadəsində Rövşən Əkbərovun onunla görüşməsi üçün adam göndərməsi barədə də danışıb: "Ukraynada işlərimi bitirdikdən sonra hava limanına gəldim. Orada Qüdrət Əhmədovu gördüm. Mənə yaxınlaşıb Rövşən Əkbərovun görüşmək istədiyini dedi. Rövşən Əkbərov, Qüdrət Əhmədov və mən "Dnepr" otelində görüşdük. Rövşən Əkbərov hadisəni tam danışdı. Bildirdi ki, Məzahir, Elçin və o restoranların birində yeyib-içdikdən sonra kafeyə gediblər. Orada mübahisə olub. Həmin vaxt mühafizəçi onları çölə çıxarıb. Həmin vaxt Rövşən Əkbərov Məzahiri yumruqla vurduqdan sonra avtomobilindən bıçaq götürərək Elçin Əliyevi qətlə yetirib. Bundan sonra onunla görüşməmişəm.

Mənim barəmdə mətbuatda yazıblar ki, guya mən Rövşən Əkbərovu qaçırmışam və diplomatik toxunulmazlıq istəmişəm. Belə hal olmayıb. Mən arzulamazdım ki, Milli Qəhrəman ölümdə günahlandırılsın".

Bundan sonra təqsirləndirilən şəxsin vəkili deyib ki, Nazim İbrahimovun 2003-cü ildə ibtidai istintaqa verdiyi ifadə ilə 2021-ci ildə verdiyi ifadə üst-üstə düşmür. Buna görə də əvvəlki ifadəsinin elan olunmasını istəyib.

Bundan sonra həmin ifadə elan olunub.

N. İbrahimov həmin vaxt ifadəsində R. Əkbərov ilə “Dnepr” otelində görüşdüklərini və həmin görüşdə üçüncü şəxsin olmadığını deyib. O, ifadəsində R.Əkbərovun hadisə ilə əlaqəsinin olmadığını bildirib.

Nazim İbrahimov isə həmin vaxt müstəntiqin ondan yalnız hadisə vaxtı orada olub-olmadığını soruşduğunu bildirib.

Bundan başqa, vəkil şahiddən 20 il ərzində nəyə görə etiraf etmədiyini soruşub. Nazim İbrahimov isə ondan bu barədə hüquq-mühafizə orqanlarında soruşan olmadığını deyib.

Vəkil, həmçinin, şahiddən nəyə görə R. Əkbərovla söhbəti ailəsinə demədiyini soruşub. N. İbrahimov "Hər kəsin artıq hadisədən xəbəri var idi", - deyə cavab verib.

Nazim İbrahimovun ifadəsi zamanı Rövşən Əkbərov “20 il əvvəl baş verən hadisə barədə bunlar necə düzgün ifadə verə bilər”, - deyə bildirib.

Bu vaxt N.İbrahimovla R.Əkbərovun arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Əkbərov keçmiş komitə rəhbərini təhqir edib.

"Nazim İbrahimov deyir ki, mən ona etiraf etmişəm. Bu, düzgün deyil. Mən ondan soruşdum ki, nəyə görə mərhumun ailəsinə qətli mənim törətdiyimi demisən? Bütün deyilənlər yanlışdır. Qeyrəti, kişiliyi olan insan yalan danışmaz", - deyə o vurğulayıb.

Bundan sonra təqsirləndirilən şəxsin vəkilləri N. İbrahimovun yalan ifadə verdiyini, bunun üçün cinayət işi açılması ilə bağlı vəsatət verəcəklərini deyiblər.

Prosesdə daha sonra şahid qismində qətlə yetirilən şəxsin dostu Musaxan Əliyev dindirilib.

Şahid ifadəsində hadisə baş verən gecə bir yerdə qonaqlıqda olduqlarını deyib: "Mən, Elçin, Məzahir və Orucəli adlı şəxs oturmuşduq. Mən tez gedəsi oldum. Hadisə barədə isə səhər xəbər tutdum. Hadisə yerinə gələndə Elçin yerdə uzanmışdı. Bir neçə gün sonra Məzahirlə görüşəndə dedi ki, Elçini Rövşən Əkbərov vurub”.

Prosesdə Elçin Əliyevin yeznəsi İdrak Əliyev də şahid qismində ifadə verib.

Şahid ifadəsində hadisə baş verəndən sonra bacısını gətirmək üçün Nazim İbrahimov və Səməd Novruzovla Ukraynaya getdiyini deyib: "Sonradan mən Nazim İbrahimov və Səməd Novruzovdan ayrılaraq bacımı götürüb Bakıya qayıtdım. Sonradan eşitdim ki, hadisəni Rövşən Əkbərov törədib. 1 həftə sonra hadisəni araşdırmaq üçün Kiyevə qayıtdım. Məzahirə zəng edib polisə çağırdım. Məzahir Şıxəliyev şəkli görəndən sonra Rövşən Əkbərovu tanıdı".

Proses sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən istintaq aparılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.