Köçəryan Azərbaycan DİN-ə müraciət edib: “Mənə pasport verin...”

Rusiyanın Voronej vilayətinin Valuysk rayonunun Posoxovo kəndində yaşayan keçmiş Bakı ermənisi Mixail Köçəryan pasportsuz qalıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, 2007-ci ildə Köçəryanın pasportu qaldığı evdə baş vermiş yanğın zamanı yanıb. O, həmin vaxtdan pasportsuz yaşayır və dediyinə görə yeni pasport əldə etmək üçün zəruri sənədləri toplaya bilmir.
Köçəryan 1975-ci ildə Bakıda anadan olub, 1988-ci ildə ailəsi ilə birlikdə Çeçenistana köçüb, 1990-cı ilə qədər orada yaşadıqdan sonra Dağlıq Qarabağa yerləşib. 1996-cı ildə 21 yaşı olanda Köçəryan Rusiyanın Tambov şəhərinə gedib, orada sovet pasportu ilə qeydiyyata düşüb. Sonradan Rusiyanın daha bir neçə şəhərində yaşayıb, özünün dediyinə görə Qarabağda gördükləri dəhşətlərdən sonra monastıra üz tutub rahib olmağa qərar vermişdi.
Hazırda Voronejdə yaşayan Mixail deyir ki, Rusiyanın Miqrasiya Xidməti onun şəxsiyyətini təyin edə bilmir. Qaydaya görə şəxs pasportunu itirirsə doğulduğu yerdən şəxsiyyətini təsdiq edən arayış təqdim etməlidir. Mixail Köçəryan isə Azərbaycan DİN-ə sifarişli məktub göndərərək xahiş edib ki, onun Bakıda yaşadığına dair arayış versinlər. “Mən Azərbaycandan cavab almadım, hərçənd poçtdan xəbərdarlıq gəldi ki, məktub çatıb. Başa düşmürəm, onlar niyə mənə kömək etmək istəmirlər?”-keçmiş Bakı ermənisi özünü sadəlövlüyə vuraraq deyir...