İran erməniləri sevə-sevə Azərbaycandan yola saldı

İran rejimi Qərbi Azərbaycan əyalətinin Çaldıran şəhərində yerləşən Qarakilsə məbədinə toplaşan minlərlə ermənini xoş xatirələrlə yola salıb.
 
Bu barədə Çaldıran Şəhər İcra Hakimiyyəti başçısı Kərim Hüseynzadə jurnalistlərə açıqlama verib.
O bildirib ki, 3 gün davam edən mərasimdə İran və dünyanın müxtəlif ölkələrindən gələn ermənilərə dövlət tərəfindən yüksək səviyyədə xidmət göstərilib:
“Ötən günlərdə 4 min nəfər yerli və xarici erməni Qarakilsədə keçirilən mərasimə qatılıb. İcra orqanları mərasimə 20 gün qalmış bölgəyə gəlib, mərasim iştirakçılarının rifahı üçün lazımi tədbirləri görüblər. Hətta Qarakilsədə 5 mindən çox erməni ziyarətçi üçün hazırlıq işləri görülmüşdü”.
K.Hüseynzadə hökumətin Qarakilsə mərasiminə xüsusi diqqət ayırdığına da işarə edib:
“Çox sayda rəsmi şəxs ermənilərin dini mərasimində iştirak etdi. Bu göstərdi ki, hökumət bu mərasimə xüsusi diqqət yetirir. Mərasim zamanı zəvvarların təhlükəsizliyi yüksək şəkildə təşkil oludu. Onlar hətta sürətli internetlə belə təmin olundular. Bütün bunlar müqəddəs islam cümhuriyyətinin hər şeyə açıq olduğunu göstərir”.
O əlavə edib ki, İran hökuməti Qarakilsənin təmiri üçün 1,5 milyard rial (68 min AZN) pul ayırıb.
İran Çaldıranın Qarakilsə kilsəsini məqsədyönlü şəkildə YUNESKO-da qeydiyyata keçirməklə hər il ermənilərin Güney Azərbaycanda toplaşmasına və nəticə etibarı ilə daşnakların planlı fəaliyyətinə etibar və legitimlik qazandırıb.
Qeyd edək ki, ermənilər İranda yaşayan bütün milli və dini azlıqlara şamil edilməyən hüquqlara malikdilər. Onlar öz məktəblərində təhsil alır, dini mərasimlərini istədikləri zaman və ən uyğun yerdə həyata keçirə bilirlər. Halbuki, İranda yaşayan digər etnik qrupların hamısı qeyd olunan hüquqlardan məhrumdur.
İran rejimi Azərbaycanla Ermənistan arasındakı münaqişədə mövqe sərgilədiyi kimi Güney Azərbaycanda da türk torpaqlarına göz dikən qüvvələrə hər cür şərait yaradır. Bu gün Azərbaycanın qərb bölgəsində aktivləşən PKK və digər kürd terror qruplaşmaları da həmin yanaşma hesabına öz fəaliyyətini genişləndirir. Məqsəd Azərbaycan torpaqlarına nə qədər gülünc görünsə də, yalan iddiaların sayını artırmaqdır./teleqraf.com