General Süleymaninin öldürülməsində əli olan ABŞ zabiti bazada ölü tapıldı - HADİSƏ MÜƏMMALIDIR, İRAN ONU AXTARIRDI...

Baxış sayı:
6451

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdəki Əl-Udeyd aviabazasında ölü tapılıb. Xarici KİV-lər xəbər verir ki, İran xüsusi xidmət orqanları onu İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının komandanı, general Qasım Süleymaninin öldürülməsi əməliyyatında iştirakına görə axtarırdı.

Bildirilir ki, Hərbi Hava Qüvvələrinin 55 yaşlı polkovnikinin ölümü döyüş əməliyyatları ilə əlaqəli deyiş. Hazırda ölümün səbəbləri müəyyənləşdirilir. Uillis ABŞ HHQ-nin “Qırmızı at” eskadrilyasına komandanlıq edirdi. O, Birləşmiş Ştatlar ordusunun regiondakı əməliyyatlarını dəstəkləmək üçün Qətərə ezam edilmişdi.

Zabitin komandiri Kliffod Teoni bildirib ki, xidmət yoldaşları Uillisin ailəsinə, dostlarına və bölməsinə dəstək vermək üçün bütün resursları səfərbər ediblər. “O, bizim komandanın üzvü idi və biz onun üçün çox darıxacağıq”,-komandir deyib.

Bu ilin yanvarında “Əl-Qüds” briqadasının indiki komandiri, briqada generalı İsmayıl Kaani Süleymaninin öldürülməsində əli olanların hamısından qisas alacaqlarını bildirmişdi. “Siz bundan sonra hətta öz evinizdə belə rahat otura bilməyəcəksiniz və qisasın sizi məhz evinizdə haqlayacağı ehtimalı az deyil”,-general hədələyib.

 

Qasım Süleymani 2020-ci il yanvarın 3-də ABŞ xüsusi xidmət orqanlarının həyata keçirdiyi, “Mossad”ın dəstəklədiyi əməliyyatla Bağdad aeroportu ətrafında öldürülüb. Onun olduğu avtomobilə ABŞ-ın pilotsuz təyyarələri “Cəhənnəm odu” raketləri ilə zərbələr endirib. Süleymani ilə birlikdə daha bir neçə zabit, o cümlədən İraqdakı şiə yaraqlılarının komandiri Əbu Mehdi əl-Mühəndis də öldürülüb./Virtualaz.org