"Ev vermə, azadlıq ver!" - TİFLİSDƏ MƏTBUAT GÜNÜ AKSİYASI

Bu gün, iyulun 22-də Gürcüstanda yaşayan azərbaycanlı siyasi fəallar və jurnalistlər Milli Mətbuat Günü münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Aksiyanın əsas şüarı "Həbsdə olan jurnalistlərə azadlıq" olub.
 
İştirakçılar həmçinin "Ev vermə, azadlıq ver", "Əliyev, jurnalistləri azad elə" şüarları səsləndiriblər.
"Azərbaycan hökuməti hər addımda ölkədə mətbuat və ifadə azadlığının mövcud olduğunu bəyan edir. Ancaq reallıq budur ki, ondan artıq jurnalist, bloqqer məhz tənqidi düşüncələrə görə həbsxanalara atılıblar. Azərbaycan prezidenti 255 jurnalistə Bakıda ev verib. Azərbaycanda mediaya ev yox, azadlıq vermək lazımdır", deyə aksiya iştirakçıları tədbiri işıqlandıran gürcü və xarici media təmsilçilərinə bildiriblər.
Aksiya iştirakçılarından həbsdəki jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Azərbaycanda milloi mətbuatın yaranması tarixindən danışıb. O, hazırda Azərbaycanda media azadlığı sahəsində durumun olduqca acınacaqlı olduğunu, hökuməti tənqid edənlərin davamlı olaraq basqı altında tutulduğunu, həbs edildiyini bildirib.
"Aksiyada məqsəd diqqəti Azərbaycanda həbsdə olan jurnalistlərə yönəltmək, onlara azadlıq tələb etmək idi. Azərbaycanda media demək olar ki, susdurulub, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən satın alınıb", o, bildirib.
Azərbaycanın Gürcüstandakı səfirliyi etiraz askiyasına reaksiya verməyib, aksiyanın qətnaməsini qəbul edən olmayıb. Qətnamə səfirliyin həyətinə qoyulub.