“Ermənistanın Tovuz planı baş tutmadı” – AMERİKALI ANALİTİK

Baxış sayı:
1529

Amerikalı siyasi şərhçi Endrü Korıbko 12 iyul tarixində Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu ilə bağlı məqaləsində “daha Ermənistana inanan qalmadı” ifadəsini işlədib. Analitik yazır: “Ermənistan Türkiyənin 10 iyul tarixində Ayasofya məbədinin ibadətə açıldığı qərarını öz lehinə çevirməyə çalışaraq beynəlxalq ictimaiyyətdən dəstək gözlədi”.

Qlobal qüvvələrin artıq Ermənistanın lobbi şəbəkəsinin manipulyasiya təsirindən xəbərdar olduğunu qeyd edən Korıbko bildirib: “Ermənistanın sözünə inanan çox ölkə qalmayıb, bu səbəbdən Ermənistanın riskli Tovuz strategiyası baş tutmadı. Ermənistanın bir zamanlar güclü təsirə malik olan beynəlxalq lobbi şəbəkəsi artıq keçmişdəki kimi nüfuzlu deyil. Buna görə də heç kim Ermənistanın Tovuzla bağlı iddialarına inanmadı”.

“The AltWorld” portalında dərc edilən məqalədə Azərbaycanın Tovuz rayonunda baş verənlərlə bağlı hər iki ölkənin bir-birini ittiham elədiyini xatırladan Korıbko, regionda baş verəcək bir gərginlikdən Azərbaycanın hər hansı bir mənfəətinin olmadığını, bu səbəbdən buradakı gərginliyi Ermənistanın törətdiyini qeyd edib.

Korıbko deyib: “Azərbaycana qarşı haqsız ittihamların və təməlsiz ittihamların Qərb dünyası və Rusiya tərəfindən qəbul edilməsini gözləyirdilər. Bütün dünyanın bölgədə təhdid ünsürü olaraq Ermənistanı deyil, Azərbaycanı görəcəyini umurdular. Fəqət bu riskli strategiyaları baş tutmadı və gözlədikləri dəstəyi heç kimdən görə bilmədilər”.

Endrü Korıbko beynəlxalq ictimaiyyətin Rusiya ilə Ermənistan və Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrdən xəbərdar olduğunu, Ermənistanla Azərbaycan arasındakı çox kiçik toqquşmanın belə çox böyük bir müharibəyə çevrilə biləcəyini xatırladıb.

Qlobal qüvvələrin “Azərbaycanın bölgədəki boru xətlərini, dəmir yollarını və Mingəçevir su bəndini riskə atacaq hər hansı bir cəhd etməyəcəyini” də çox yaxşı bildiyini vurğulayan Korıbko deyib: “Lakin Azərbaycanın əksinə, Ermənistanın bu bölgədəki gərginlikdən faydalanacağı da beynəlxalq ictimaiyyətə məlumdur”.

Korıbko Ermənistanın əsas səhvinin “beynəlxalq lobbi şəbəkəsinin gücünü gözündə çox böyütmək” olduğunu bildirib. Korıbko deyib: “Soyuq müharibə dövrünün ardından beynəlxalq münaqişə və ittifaqlarda müəyyənləşdirici ünsür olan qondarma “Mədəniyyətlər toqquşması” tezisinə güvənən Ermənistan Qərb dünyasından çox güclü bir dəstək gözləyirdi. Türkiyənin Ayasofyanı ibadətə açıq etməsindən dərhal sonra hərəkətə keçən Ermənistan Qərb dünyasının Türkiyə ilə yaşadığı problemlərdən faydalanmaq istəyərək Tovuzda toqquşmanın fitilini yandırmağa çalışdı.

Ermənistanın sözünə güvənən çox ölkə qalmadığından qlobal qüvvələrin çoxu bitərəf qalmağa üstünlük verib.

Ermənistanın məsuliyyətsiz təxribatları beynəlxalq boru xətlərinə, dəmir yollarına və ya Mingəçevir su bəndinə zərər verməsindən başqa, həm də Türkiyə ilə Rusiya arasında toqquşma yarada biləcəyinə görə, Ermənistanın etibarı həmişəkindən daha aşağı səviyyəyə endi.

Bütün dünya artıq Ermənistanın beynəlxalq lobbi şəbəkəsinin manipulyasiya təsirini başa düşdü. Bir çox ölkə artıq Ermənistanın regional sülh üçün təhdid olduğunu düşünməyə başladı. Baş verən son gərginliklər və toqquşmalar Ermənistan üçün fəlakətlə nəticələnməkdədir. Ermənistan bu məsələdə özündən başqa heç kəsi təqsirkar hesab edə bilməz”.

Hurriyyet.org