Düşmən yenə Naxçıvan istiqamətində bölmələrimizi atəşə tutdu - YENİLƏNİB

Baxış sayı:
747

Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanla dövlət sərhədinin Naxçıvan istiqamətində baş vermis atışma ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, iyulun 16-sı saat 10.00 və 13.00 radələrində  Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
“Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, - məlumatda deyilir.

***

Əlahiddə Ümumqoşun Ordudan  verilən məlumata görə, bu gün iyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin  Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub. Bölmələrimizin şəxsi heyəti  və texnikasında itki və zərərçəkən yoxdur.

Düşmən cavab atəşi ilə susdurulub.