DTX-nın qandalladağı icra başçısının çoxsaylı obyektləri, cibindən çıxan rüşvət pulları... - “HƏR AY ONA 2 MİN VERİRDİM...” / VİDEO

Baxış sayı:
1366

Dövlət Təhlükəsizliyi Xidməti ötən gün Neftçala rayonunda icra hakimiyyətinin başçısı (artıq vəzifəsindən azad edilib) və digər korrupsioner məmurların həbsi ilə nəticələnən xüsusi əməliyyatın görüntülərini də yayıb. Virtualaz.org xəbər verir ki, əməliyyat çəkilişinə əsasən DTX İsmayıl Vəliyevin, onun birinci müavininin, İcra Hakimiyyətinin digər vəzifəli şəxslərinin və rayon xəstəxanasının baş həkiminin həbsi üçün təkzibedilməz sübut-dəlillər toplayıb.

Belə ki, icra başçısının kabinetində yerləşdirilmiş gizli kamera İsmayıl Vəliyevin aylıq rüşvət pullarını necə topladığını göstərir. Əməliyyatçılar onu yaxalayarkən icra başçısı pencəyinin cibindəki pulları çıxarıb masanın üstünə qoyur. Məlum olur ki, banknotların üzərində xüsusi işıqda görünən mürəkkəblə “rüşvət” sözü yazılıbmış.

İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri olmuş Vüqar Nağıyev isə əməliyyatçılara müxtəlif tikinti işləri üçün müraciət edən sahibkarlardan nə qədər pul aldığını, həmin pullardan özünə nə qədər götürdüyünü və icra başçısına nə qədər verdiyini göstərir.

Habelə rayon təhsil şöbəsinin müdiri olmuş Əjdər Kərimov əməliyyatçılara hər ay məktəb direktorlarından toplanan pullardan (məbləğ 50 manatdan başlayır, amma ola bilsin təhsil müdiri bu məsələdə yeyintiyə yol verib, çünki rayonlarda məktəblərdən yığılan aylıq haqqın məzənnəsi daha yuxarıdır) icra başçısı İsmayıl Vəliyevə onun kabinetində haqq verdiyini deyir.

İcra başçısının müavini Gültəkin Sadıqova isə kabinetindəki seyfdəki rüşvət siyahısını əməliyyatçılara göstərir. Həmin siyahıda Neftçalanın orta məktəblərinin adları və onlardan alınan aylıq haqqın uçotu əks olunub.

Əməliyyat çəkilişində İsmayıl Vəliyevin Neftçaladakı nəhəng kommersiya obyektləri də əks olunur. Belə ki, icra başçısının rayonunun Qoltuq qəsəbəsində yerləşən nəhəng heyvandarlıq təsərrüfatı, rayon mərkəzindəki böyük bazarı, beton zavodu və digər obyektləri göstərilir.

Əməliyyat çəkilişində icra başçısının işsiz vətəndaşlar üçün dövlətin ayırdığı ödənişli ictimai iş yerlərinə cəlb etdiyi şəxsləri əslində öz obyektlərində fəhlə kimi işlətdiyi, dövlətin onlara ayırdığı pulları isə öz cibinə basdığı görünür.

Rayon xəstəxanasının baş həkimi olmuş Telman Zahidov ( bu şəxs rayonunun ən iri oliqarxlarından və korrupsionerlərindən biridir) da əməliyyatçılara hər ay icra başçısına 2 min manat haqq verdiyini deyir.

Mövzunu davam etdirəcəyik./Virtualaz.org