Döyüş bitdi, general Sadıqov, müsahibənizi gözləyirik...

Baxış sayı:
4732

Mediada çalışdığım gündən, Azərbaycan hərb sistemdə, ən mücərrəd, qapalı, heç zaman, heç yerdən səsi gəlməyən iki sima varsa, bəlkə ikisi də Müdafiə Nazirliyi Baş Qərərgah rəisi, general Nəcməddin Sadıqovdur. Yeganə adamdır ki, haqqında bu günəcən səslənən ittihamlara bircə reaksiyası yoxdur. Bəli, adam hərb adamı, şoumen deyil ki, gündəm yaratsın. Amma gəlin razılaşaq, onun adı şou olacaq məsələlərdə hallanmır. O üzdən geniş müsahibəsinə ehtiyac var.

Məsələn, ordunun mayoru, polkovniki, kapitanı şəhid olur, hətta generalını vururlar, hamısında məhz onun adı hallanır. Niyə?

Yeri gəlmişkən, Təhlükəsizlik Şurasının son toplantısında ölkə başçısı xarici işlər naziri, indi küsüb evdən işləyən, Elmar Məmmədyarovu danlayanda belə, BQ rəisinin adını çəkməsə də statusunu və işinə məsuliyyətini xatırlatdı. Onu Elmar Məmmədyarova nümunə göstərdi. O boyda məsuliyyət adamı, bu boyda ittihamlara hansısa formada reaksiya verməlidir axı, vermir.

Belə olan təqdirdə, şəxsinə sosial medianın Azərbaycan siqmentindən ciddi ictimai qınaq və qıcıq yaranır. Bu da cənab generalı narahat etməyə bilər, amma öz adıma mən narahat oluram. Niyə? Çünki həmin qınaqlar düşmən mediasında əks arqument və ya qara piar aləti kimi Azərbaycana qarşı istifadə olunur. Yenə sual var: Əcəba, məqsəd bu fonu yaratmaqmı? Və yenə, niyə?

***

...Dörd il öncə, aprel döyüşlərində olduğu kimi, Azərbaycan MN baş qərərgah rəisinin ünvanına Tovuz olaylarından dolayı da xoş olmayan fikirlər səslənir.

Təsəvvür edirsinizmi, bu gün ölkədə XIN rəhbəri və baş qərərgah rəisi hamımızın tənqid hədəfi olduğu üçün Ermənistan mediasında gündəmdir. Bu ikisi həm də Ali Baş Komandandan sonra məsələyə məsul olan vacib simalardır. Yəni ermənilər bu dövlət xadimlərini boşuna hədəfə çevirmir və ya durduğu yerdə tərifləmir. Milli keyfiyyətlərimiz analiz olunur. Dəqiq bilirlər ki, onların bizimdir dediyi adamları, biz söyüb, təhqir edəcəyik Bu çox işlərinə yarayır. Azərbaycanda siyasi hakimiyyətin parçalandığını yaratdıqları "faktlarla" tirajlayırlar.

Yəni demirəm ki, adıgedənlər aydan arı, sudan duru siyasət, hərb adamlarıdır.

Demək istədiyim bu ki, erməni ictimai rəyi qədər çoxbilmiş, soyuqqanlı olmalıyıq. Sadəlöhv, emosional, saf olmaq yox, böyümək, diqqətli və soyuqqanlıq olmaq lazımdır.

Gələk ona ki, bu ayın 12-dən Tovuzda başlayan olaylarda, dörd il əvvəl aprel savaşında olduğu kimi yenə də çox ciddi hədəf seçdi ermənilər, azərbaycanlı general vuruldu. Gəlin baxaq, hansı generalı itirdik?

Iliyinə qədər azərbaycanlı zabit, əsgər olan biri.

Əsgəri onun ayaq qoyduğu yerə, baş qoyurdu.

O general vuruldu ki, Lələtəpə əməliyyatında iştirakçı idi.

Onun şəxsi vəsaiti hesabına hərbi hissədə təmir-tikinti işləri gördüyü deyilirdi.

Adam kirayədə yaşayır, dövlətin verdiyi mənzili daha ehtiyaclı və şəhid olmuş zabitinin ailəsinə vermişdi.

O insan ki, xidməti maşınını işi bitəndən sonra nazirliyə təhvil verir və metro xidmətindən istifadə edirdi.

Və nəhayət o general ki, hamı ona kasıbın generalı deyirdi.

Hətta ata yurdu Vəndamda da bacısı bu adı xatırlatdı öz çıxışında.

Onun, şəhid general Polad Həşimovun, həm də BQ rəisi ilə münasibətinin yaxşı olmadığı deyilir.

Hətta nazir Z.Həsənovla münasibətlər xoş deyil deyə söhbət dolaşır.

Bundan başqa, dörd il öncəki aprel döyüşlərində palkovnik Raquf Orucov və həmin döyüşdən sonra general hərbi rütbəsini alan Mais Bərxudarovla da münasibətlərdə sərinlik olduğu söylənilir. Maraqlıdır, baş qərərgah rəisinin adı ətrafında niyə bu qədər ajeotaj var?

Bu sualların davamı olacaq. Amma bir də o suallara qədər sənə müraciətim var, əziz oxucu. Bu yazının məqsədi kimisə müdafiə etmək deyil. Fəaliyyətinə ciddi iradlarımız olsa da DQ məsələsində, müharibədə, bu gün üçün cavabdeh olan iki şəxs, XIN rəhbəri və baş qərərgah rəisi eyni anda qara piar predmetidir. Bu Azərbaycana sərfəli variant deyil, bunu bilməyini istəyirəm. Keçid alıram suallara.

-Yaxşı xatırlayıram illər öncə MN-ə Səfər Əbiyev rəhbərlik edəndə, ciddi qüsurlar var idi, müxtəlif xəstəliklər, yeyintilər haqda. O da yaxşı yadımdadır ki, nazirliyin işdən çıxarılan idarə rəhbərlərindən biriylər müsahibə götürmüşdük. Çox ciddi narahat olmuşdunuz məsələdən, hətta hazırda həbsdə olan əməkdaşınız, Mehman Səlimov yanımıza göndərilmişdi. O zamandan sizi görüb soruşmaq istəyirdim, nədən narahat idiniz, cənab general?

-Xatırlayırsınızsa həmin yazılardan sonra, mərhum Prezident Heydər Əliyev MN-də yoxlama aparılması üçün dövlət komissiyası yaratmışdı. Komissiya uzun müddət işlədi. Heydər Əliyev dünyasını dəyişdi, amma S.Əbiyevin işdən azad olunması əmri Ilham Əliyevin hakimiyyəti dövründə verildi. O zaman deyilirdi ki, prosesə siz mane olursunuz, niyə? Bir məqam daha, o komissiyanın hesabatı ilə bir idarə rəisiniz işdən çıxarılmışdı, başqa kimlər cəza aldı, maraqlıdır? Ümumi sayını da demək olar.

- Azərbaycanlı zabitlərə münasibətiniz necədir, cənab general?

-Iki yaxın qohum, fərqli ölkələrdə, amma eyni sistemdə yüksək vəzifə tutursa, sizcə bu hərb və təhlükəsizlik diliylə necə dəyərləndirilməlidir?

-Seçilmiş zabitləriniz vurulur, sizcə bu nəyin göstəricisidir? Bu hallar araşdırılırmı?

- Niyə ictimai rəydə və çevrədə sizə belə antipatiya var?

-Aprel savaşında şəhid olan Raquf Orucovla doğurdanmı münasibətiniz yaxşı deyildi?

- Cənab general, xatırlayıram dövlətin birdəfəlik müavinətini almaqda Orucovun ailəsi ciddi problem, stress yaşadı. Onda hələ Səlim Müslümov ƏƏSMN postunda idi. Əslində bu iki nazirlik arasında da narazılıq yaratmışdı. MN polkovnikin ölüm sənədlərini yubadırdı. Niyə belə alınmışdı?

-Orucovdan söz düşmüşkən, general Bərxudarovun, dörd il əvvəl aprel savaşında əmrinizə tabe olmaması xəbəri yayılmışdı. Nə qədər doğrudur?

-Ən sonda yəqin hamıya maraqlıdır, general Sadıqov, sıravi Sadıqov haqda nə deyər, onu necə xarakterizə edərdi? Eləcə də sıravi Sadıqova imkan verərsinizmi ki, general Sadıqov haqda söz desin?..

***

Düzü bu ilk ağlıma gələn suallardır. Rusiya, Iran, Avropa, Qərblə bağlı suallar da var.

...Cənab general, bəlkə qarşınıza qoyulacaq bu yazı. Bəlkə düşünəcəksiniz, niyə yazılıb?

Tam səmimiyyətimlə niyəsini açıqlayıram. Azərbaycan hərb sahəsinin ən müəmmalı generalısınız. Adınız sonsuz sayda və ancaq mənfi məsələlərdə hallanır. Fəqət mənim baş qərərgah rəisimsiniz. Mənim deyərkən, vətəndaşı olduğum ölkənin yəni . Vətəndaş, yazar olaraq sizin aydınlığa çıxmanızı istəyirəm. Azərbaycanın DQ münaqişəsində və müharibəsində iki vacib simandan birisiniz. Elmar Məmmədyarovun aqibəti bəllidir. Mən sizin düşmən mediasında, Azərbaycana qarşı qara piar aləti olmağınızdan yana deyiləm. Ümidvaram nə zamansa sizdən bu suallara cavab alınacaq . Mən və ya bir başqası fərq etməz, amma kimsə mütləq alacaq...

Jalə Mütəllimova